Ankarada TÜRKSOY tərəfindən elan edilmişQara Qarayev ilinin açılış mərasimi olmuşdur

 

Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2017-ci il sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoqictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

2018-ci il TÜRKSOY  tərəfindən də “Qara Qarayev ilielan olunmuşdur. Fevralın 14-də Ankarada  TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ilinin açılış törəni keçirilmişdir.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoqictimai xadimin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət  kitab sərgisi nümayiş olunmuşdur.

Açılış törəni dahi sənətkarın həyatı və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlamışdır.

Rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun sülh artisti, Azərbaycan Respublikasının xalq artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, əməkdar incəsənət xadimi, Qazi Universitetinin müəllimi professor dr. Əflatun Nemətzadə və başqaları çıxış etmişlər.

TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov tədbiri açaraq görkəmli bəstəkarın yaradıcılığından bəhs etmiş, onun dünya musiqisinə bəxş etdiyi tövhələrdən danışmış, 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləmişdir. Sonra Azərbaycanın görkəmli bəstəkarı, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun sülh artisti, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevlə işlədiyi anlardan danışmış, görkəmli Azərbaycan bəstəkarlarının yetişməsində onun böyük xidməti olduğunu qeyd etmişdir. Azərbaycan Milli Kitabxanasının direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləmişdir. Professor dahi bəstəkar  Dmitri Şostakoviçin xatirələrindən söhbət açaraq bəstəkarın Qara Qarayevi tələbəsi deyil, müasiri adlandırdığını söyləmişdir.

Sonda Azərbaycan  Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilmişdir.

 

Azərbaycan.- 2018.- 15 fevral.- S.11.