Davamlı və sabit inkişafı təmin edən çevik islahatlar strategiyası

 

Yeni dünya gerçəklikləri xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında mühüm şərtlər müəyyənləşdirir.

Bu şərtlərin düzgün dəyərləndirilməsi, ölkənin davamlı və sabit inkişafına xidmət edən uğurlu strategiyanın həyata keçirilməsi hər bir siyasi liderdən yüksək peşəkarlıq, uzaqgörənlik, ən əsası, xalqına, vətəninə dərin mənəvi bağlılıq tələb edir. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varis də yetişdirmişdir.

Ümummilli liderin respublikaya rəhbərliyinin bütün dövrlərində ardıcıl və səmərəli islahatlar hesabına formalaşdırdığı inkişaf potensialının ötən 15 ildə tam reallığa çevrilməsi, Azərbaycanın ideyalardan gerçəkliyə, nəzəriyyədən təcrübəyə qədəm qoyaraq müasir tarixinin ən parlaq yüksəliş dövrünü yaşaması danılmaz həqiqətdir. Ötən 15 il dünya birliyinə sürətlə inteqrasiya olunan, demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla böyük nüfuz sahibinə çevrilən müstəqil dövlətimizin həyatında yeni tarixi mərhələnin əsasını qoymuşdur.

Respublikamız öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvü vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev dünən Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında çıxışı zamanı demişdir:

“Cənub qaz dəhlizi” layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edib. Hazırda ümumi daxili məhsulun mütləq əksəriyyəti özəl sektorun payına düşür. Son 15 ildə iqtisadiyyatımız 3 dəfədən çox, ümumi daxili məhsul 3,2 dəfə artıb. Biz işsizlik və yoxsulluğu azaltmaq üçün enerji ehtiyatlarından düzgün şəkildə istifadə etməyə müvəffəq olmuşuq. Son 15 ildə əhalimizin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizlik səviyyəsi çox aşağı - 5 faizdir. Yoxsulluq səviyyəsi 5,4 faizdir, savadlılıq səviyyəsi 100 faizə yaxındır.

Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq, iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Biz rəqabətlilik və inkişafa görə dünyada 33-cü və 35-ci yerdəyik. Bu, bizim enerji amili ilə dəstəklənən siyasətimizin göstəricisi və siyasətimizin nəticəsidir”.

Son 15 ildə Azərbaycanda hüquqi dövlət quruculuğu siyasəti uğurla davam etmişdir. Bu dövrdə korrupsiyaya qarşı mübarizə, aşkarlıq və şəffaflığın təmin olunması tədbirləri də xüsusi yer tutur. Ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin və digər vətəndaşların sosial rifah tədbirlərinin genişləndirilməsi, qanunçuluğun gücləndirilməsi və ictimai maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri xüsusi diqqətdə saxlanılmışdır. Korrupsiyanı sosial-iqtisadi inkişafı əngəlləyən buxov hesab edən dövlət başçısı fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlamış, 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu imzalamışdır. Qanun əsasında Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər) layihəsi hazırlanaraq Azərbaycan Prezidentinin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 28 iyul 2007-ci il tarixli fərmanı ölkədə şəffaflığın təmin olunmasını və korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı xarakter daşıdığını təsdiqləmişdir. Strategiya Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə edilmiş nailiyyətləri möhkəmləndirməyə, eləcə də dövlət orqanlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasına xidmət etmişdir.

Sonrakı mərhələdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamları ilə “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiqi, 2010-cu ildə “Elektron Azərbaycan” dövlət proqramının qəbulu, 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanın imzalanması, dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin təşkili, vahid elektron hökumət portalının (www.e-gov.az) yaradılması şəffaf və açıq cəmiyyət quruculuğu, eləcə də sahibkarlığın inkişafı yolunda inamlı addımlar olmuşdur.

Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təsis edilməsi, qurumun nəzdində “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanın dövlət idarəetmə sistemində inqilabi dəyişiklikləri təmin etmişdir. Hazırda Azərbaycan milli brendinə çevrilmiş “ASAN xidmət” bütün dünyada mütərəqqi model kimi öyrənilir və bəzi ölkələrdə tətbiqi istiqamətində addımlar atılır.

Son 3 ildə qlobal böhranın mənfi nəticələrinin aradan qaldırılması tədbirləri çərçivəsində sahibkarların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar - qanunsuz yoxlamaların dayandırılması, lisenziyaların sayının azaldılması və onların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, habelə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması sahəsində çoxpilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması prinsipial siyasi iradənin nümayişi olmuşdur.

Ümumilikdə yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi məsələləri son 15 ildə iqtisadi siyasətin başlıca qayəsini təşkil etmişdir. Ötən illərdə qazandığımız sosial-iqtisadi nailiyyətlərdən söhbət gedərkən, Azərbaycan Prezidentinin dövlətə rəhbərliyinin ilk aylarına təsadüf edən 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərmanının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanla start verilmişdir. Konseptual əhəmiyyətli bu sənəd sonrakı mərhələlərdə imzalanaraq bu gün də uğurla icra edilən dövlət proqramları üçün baza rolunu oynamış, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı” ölkəmizin regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Sonrakı mərhələdə qəbul olunmuş, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən daha 2 regional proqram bölgələrin sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi zəmin yaratmışdır.

Statistik göstəricilər son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir: Ötən dövrdə ölkənin strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq 42 mlrd ABŞ dollarına çatmışdır. 2004-2017-ci illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə artmış, iqtisadiyyata 225 mlrd ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur.

2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramının icrasının dördüncü ildönümü münasibətilə keçirilmiş konfransda çıxış edən Azərbaycan Prezidenti demişdir: “On dörd il ərzində iqtisadi göstəricilərimiz də ümumi inkişafımızın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Bu, onu göstərir ki, bizim iqtisadi inkişafımız, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil. Bizim iqtisadi inkişafımız çoxşaxəlidir... Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracımız 4,1 dəfə artmışdır”.

Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son 15 ildə reallaşdırılan ən mühüm layihələrdən olan “Cənub qaz dəhlizi” layihəsi enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. Layihə çərçivəsində “Şahdəniz-2” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə işlərin 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlərin 98 faizi, TANAP layihəsi üzrə işlərin 82 faizi, TAP-ın inşası üzrə isə 53 faizi icra edilmişdir.

Ötən ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Ötən 15 ildə Azərbaycanın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan Beynəlxalq Dəniz Limanının və gəmiqayırma zavodunun tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır.

Müasir dövrdə hər bir dövlətin tərəqqisi “insan meyarı”, yəni, həyat keyfiyyətinin, şəxsiyyətin dövlət tərəfindən təmin olunan vəziyyətinin önə çəkilməsi ilə ölçülür. Şəxsiyyət azadlığı, insanların maddi rifah səviyyəsi, hər bir fərdin özünü cəmiyyətdə təsdiqetmə imkanı, insan və vətəndaş hüquqlarının qorunması - “insan meyarının” bu və digər elementləri onu dövlətin inkişafının qiymətləndirilməsinin əsas ünsürlərinə çevirir. Bu mənada, əminliklə demək olar ki, tarixin heç bir mərhələsində Azərbaycan cəmiyyəti son illərdəki kimi sürətli dəyişikliklərə uğramamış, insan amili belə aktual, öncül məsələ kimi gündəmə çıxmamışdır.

Dövlət başçısının son illər praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmışdır. “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” - deyə hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir. Dövlət başçısı ötən 15 ildə ayrı-ayrı dövlət məmurlarına etimad meyarını məhz onların fəaliyyətinə əsasən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər, həyata keçiriləcək layihələr barədə dolğun məlumatlandırılmasını zəruri saymışdır.

Ötən 15 ildə sosial dövlət konsepsiyası uğurla həyata keçirilmişdir. 2003-cü ilin statistik göstəricilərə əsasən, həmin il Azərbaycanda yoxsulluğun səviyyəsi 44,4 faiz təşkil edirdisə, hazırda bu rəqəm 4,9 faiz civarındadır. Yoxsulluğun azaldılmasına yönələn sosial-iqtisadi siyasətin başlıca istiqamətləri olaraq 2003-2017-ci illər ərzində ölkədə ümumi makroiqtisadi sabitlik qorunmuş, dinamik iqtisadi artım təmin edilmiş, inflyasiya və milli valyutanın məzənnəsi məqbul səviyyədə saxlanılmışdır. Azərbaycan Prezidentinin 2008-ci il 15 sentyabr tarixli sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” təsdiqlənmişdir.

Ötən 15 ildə Azərbaycanda bütün sosial-iqtisadi göstəricilər kimi orta aylıq əməkhaqqının da dəfələrlə artımı baş vermişdir. 2003-cü ilin göstəricilərinə əsasən, Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 78 manat səviyyəsində idi. Lakin sonrakı 15 il ərzində ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar, özəl sektorun inkişafına ciddi təkan verən dövlət proqramları və qəbul edilmiş qanunlar, Prezident fərmanları, iqtisadi rəqabət mühitinin yaxşılaşması, xüsusən qeyri-neft sektorunun inkişafı sayəsində orta aylıq əməkhaqqı ilbəil artmışdır. 2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artaraq 528,2 manat olmuşdur. Hazırda Azərbaycan orta aylıq əməkhaqqı səviyyəsinə görə MDB Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşmışdır.

Dövlətin sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.

Ümumilikdə 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətə davam gətirə bilmirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada “yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Dövlətimizin rəhbəri Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının son illərdə imzaladığı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası dərin elmi proqnozlar əsasında işlənib hazırlanıb. Son üç ildə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi və Turizm şuralarının yaradılması iqtisadi islahatların dərin elmi əsaslarla aparılması niyyətinin əyani təzahürüdür.

Həyata keçirilən iqtisadi islahatlar özündə həm də cəmiyyətin müəyyən gözləntilərini, arzu və istəklərini təcəssüm etdirir. İqtisadi inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmənin vacib amilinə çevrilir. Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “İnkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir.

Son illərin ciddi nailiyyətlərindən biri də qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirilən siyasət artıq real nəticələrini verməyə başlayır. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Dövlət başçısı YAP-ın son qurultayında neft amilindən asılılığın tamamilə azaldılmasını ölkəmiz üçün prioritet məsələlərdən biri olduğunu bir daha vurğulamışdır: “Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir”.

Həyata keçirilən sistemli islahatlar - imzalanan fərman və sərəncamlar respublikamızın postneft dövrünə uyğunlaşdırılması, böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması, sahibkarların hərtərəfli dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədini önə çəkir. Cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında”, 20 aprel 2016-cı il tarixli “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında, 19 may 2016-cı il tarixli “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” və “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanları, habelə 2016-cı il 21 may tarixli fərmanla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”, 21 aprel 2016-cı il tarixli Azərbaycan Respublikasında “Sahibkarlar Günü”nün təsis edilməsi haqqında” sərəncamı ölkədə sahibkarlığın inkişafına ciddi təkan verən sənədlər kimi yüksək dəyərləndirilməlidir.

2017-ci ilin yekunları deməyə əsas verir ki, Azərbaycan böhranın son mərhələsini də inamla geridə qoymuşdur. Bu müddətdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olmuşdur. Hesabat ilində iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.

Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır.

Dünya İqtisadi Forumunun nüfuzlu indeksi sayılan “İnklüziv İnkişaf İndeksi 2018” hesabatında isə Azərbaycan ən yaxşı inkişaf etməkdə olan ölkələr sırasında üçüncü, MDB məkanında isə birinci yerdə qərarlaşmışdır. Respublikamızın hesabatda Litva və Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə qoyması dövlətimizin həyata keçirdiyi sürətli, məqsədyönlü və inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir.

Azərbaycanda enerji resurslarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri elan edilmiş ötən illərdə davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılması vacib sayılmışdır. Hələ 2014-cü ilin “Sənaye ili” elan edilməsi ölkənin zəngin sənaye potensialının realizəsinə yaxşı imkanlar açmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir.

Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Hələ 2009-cu il 14 aprel tarixli “Xüsusi iqtisadi zonalar haqqında” qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan vermişdir. Hökumət sənayenin inkişafını stimullaşdıracaq digər tədbirləri də diqqət mərkəzində saxlamışdır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi nəticəsində son illər ölkədə sənayeləşmə templəri yüksəlmiş, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılmış, ölkəmiz bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəltmişdir. İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulmuş, “Azərspace” və “Azersky” telekommunikasiya peykləri orbitə buraxılmış, Azərbaycan dünya kosmos ailəsinin üzvünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, 2018-ci ilin aprel ayında Azərbaycanın üçüncü peyki - “Azerspace-2” orbitə buraxılacaqdır.

Son illər sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində də ciddi addımlar atılmış, kimya, təkrar emal, gəmiqayırma, yüksək texnologiyalar, yüngül sənaye, əczaçılıq sahələrində ixtisaslaşmış sənaye və texnologiyalar parkları - Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları, eləcə də 3 yüksək texnologiyalar parkı yaradılmışdır. Müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik bu sənaye parkları ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsi, innovativ idarəetmə və qabaqcıl texnologiyaların tətbiqi, yeni istehsal sahələrinin yaradılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayır.

Xüsusi vurğulamaq istərdim ki, sənayenin inkişafı tədbirlərinin nəticəsi olaraq Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf etmiş, müasirləşmişdir. Dövlət başçısının ötən illərdə 20 dəfəyədək Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir. Belə bir sərəncamın imzalanması Sumqayıta göstərilən yüksək diqqət və qayğının tərkib hissəsi olmaqla, şəhər sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

İqtisadçı alim kimi hələ 90-cı illərdə Sumqayıt şəhərinin inkişaf perspektivini 3 mühüm parametr üzrə dəyərləndirmişdim:

1) yaşayış məntəqəsi;

2) ərazi-təsərrüfat kompleksi;

3) ictimai iqlim zonası kimi.

Sumqayıt şəhərinin son illərdə keçdiyi dinamik inkişaf yolu bu təsnifatın reallığa adekvatlığını bir daha təsdiqləmişdir. Bu gün Sumqayıt şəhəri böyük yaşayış məntəqəsi olmaqla yanaşı, nəhəng sənaye və ərazi-təsərrüfat mərkəzidir. Təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir, onun paytaxtla bərabər səviyyədə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Şəhərdə ictimai münasibətlər sisteminin sağlam əsaslar üzərində qurulması - icra strukturları, sahibkarlar, bələdiyyələr, dini qurumlar və qeyri-hökumət təşkilatları arasında sivil, qarşılıqlı və faydalı əməkdaşlığın formalaşması görülən işlərin səmərəliliyini daha da artırır.

Son illər respublikanın və paytaxtın bütün güşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin son illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır.

Xüsusilə, şəhərin yeni rəhbərliyinin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, idarəetmənin istər funksional, istərsə də situasiyaların səmərəli idarə olunması baxımından düzgün həyata keçirilməsi uğurlu nəticələri təmin etmişdir. Ümumilikdə son 15 ildə ölkəmizin qazandığı uğur və nailiyyətləri Sumqayıt sakinləri də gündəlik həyatlarında yaxından hiss edir, Azərbaycanı davamlı inkişaf və tərəqqiyə aparan mövcud siyasi kursun davamlılığının təmin edilməsinə taleyüklü məsələ kimi yanaşırlar.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2018.-16 fevral.- S.1; 5.