Mənəviyyatı
zənginləşdirən ünvan
F.Köçərli
adına Respublika Uşaq Kitabxanası belə tanınır
Ölkəmizdə fəaliyyət
göstərən minlərlə mədəniyyət müəssisələrindən
biri olan F.Köçərli adına Respublika Uşaq
Kitabxanası 1965-ci il yanvarın 1-də M.Qorki adına
kütləvi kitabxana fondunun bazasında yaradılıb.
1967-ci ildən uşaq ədəbiyyatının
inkişafında mühüm xidmətləri olan, Azərbaycan
ədəbi dilinin saflığı uğrunda daim mübarizə
aparmış ədəbiyyatşünas, pedaqoq, maarifpərvər,
uşaq folklor antologiyasının banisi Firudin bəy
Köçərlinin adını daşıyır. Bu mədəniyyət
müəssisəsinin yaradılması uşaqlara kitabxana xidmətinin
və onun metodik təminat sisteminin formalaşmasında irəliyə
atılmış ciddi addım oldu.
Eyni zamanda, uşaqlara kitabxana xidmətinin
ümumrespublika metodik mərkəzi meydana gəldi. Ötən
əsrin 70-ci illərinin əvvəlində zəngin metodik nəşrlər
fondu yaradıldı. 60-cı illərin əvvəllərində
respublikada 88, təkcə Bakıda 22 müstəqil uşaq
kitabxanası fəaliyyət göstərməyə
başladı.
Kitabxananın direktoru Şəhla
Qəmbərova söhbət zamanı bildirdi ki, fondda cəmi
43.000 nüsxə ədəbiyyat olub. Onun 27337 nüsxəsini
uşaq ədəbiyyatı təşkil edib: “1999-cu ildən
Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin
üzvü olan bu mədəniyyət müəssisəsi
hazırda respublikada hərtərəfli fəaliyyətinə
görə birincilər sırasındadır. 2010-cu ildə
kitabxananın müasir tələblərə cavab verən
yeni binaya köçməsi həm uşaqların, həm də
valideynlərin ürəyincə olub. Çünki uşaqlar
burada ən müasir texnologiya və metodlardan istifadə edir,
nağıl otağında təşkil olunan “nağıl
saatları”nda təkcə özümüzünküləri
deyil, dünya xalqlarının nağıllarını da dinləyir,
müzakirə edir, dünyagörüşlərini təkmilləşdirirlər”.
Milli mənəvi dəyərlərimizin
qorunması və təbliği işində kitabxana bir
sıra tədbirlər həyata keçirir: hər il burada 2
aprel - “Beynəlxalq Uşaq Kitabı Günü” ilə əlaqədar
“Milli uşaq kitabı sərgisi” təşkil olunur.
Hazırda kitabxananın 9 şöbəsi, 5 bölməsi, 2
oxu zalı var, 3 filialı isə paytaxtın müxtəlif
rayonlarında fəaliyyət göstərir. “Çıraq”,
“Sərbəst düşüncə” kimi uşaq
televerilişləri kitabxananın oxu zalında çəkilir.
Kitabxananın əməkdaşları
2001-2003-cü illərdə Açıq Cəmiyyət
İnstitutunun profilə uyğun proqramında iştirak edərək
üç layihə qrantı udub. Məhz həmin layihələr
əsasında kitabxanada “İnternet sinif otağı”, “Biləyən”
multimedia zalı açılaraq uşaqların istifadəsinə
verilib: “İki il ərzində 1500-dən çox uşaq
“Kompüter savadlılığının əsasları”, “Mətnlərin
sürətlə yığılması” kurslarında fəal
iştirak edib. Onlar məhz bu siniflərdə internetdən
istifadə etməklə, geniş informasiya imkanlarına yiyələniblər.
“Gələcəyin dialoqu: Uşaqlar və kitablar” adlı
üçüncü layihə də burada reallaşıb.
Əksəriyyəti məcburi köçkün ailələrindən
olan uşaqlar layihəyə cəlb olunaraq, 800-dən
çox kitabın cildlənməsində iştirak ediblər”.
2005-ci ildən fondun
bütövlükdə elektron informasiya
daşıyıcılarına köçürülməsində
və elektron kataloqun yaradılmasında mühüm işlər
görülüb. Dövlət başçısının
6 oktyabr 2008-ci il tarixli “Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkışafı üzrə Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə sərəncamı kitabxana
işinin inkişafında yeni bir mərhələyə
başlanğıc verdi. “2009-cu ilin Uşaq İli” elan edilməsi
ilə əlaqədar “Dünya uşaq ədəbiyyatının
inciləri” beynəlxalq kitab sərgisinin
açılışında 20 dövlətin ölkəmizdə
fəaliyyət göstərən səfirliklərinin
nümayəndələri 1500-dən çox nəşri
kitabxananın fonduna hədiyyə etdi. Dövlət
proqramında nəzərdə tutulan oxucuların informasiya tələbatının
ödənilməsi ilə bağlı kitabxanada uşaq və
yeniyetmələr üçün səyyar kitab sərgisi -
“Uşaq Kitab Karvanı” layihəsi uğurla həyata
keçirildi. 2011-ci ildən start götürən bu layihə
çərçivəsində 30-dək rayona 20 min nüsxəyə
kimi kitab hədiyyə edildi. Türkiyənin 9 bölgəsi,
Ukrayna, Almaniya, Bosniya, İsveçrə, Rusiya, Herseqovina,
Sloveniya, Moldova, Serbiya, Gürcüstan, Baltikyanı ölkələrin
kitabxanaları ilə əlaqə yarandı: “Həmin ölkələrin
uşaq kitabxanalarına Azərbaycan uşaq ədəbiyyatı
göndərilib. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə Bosniya və Herseqovinanın “Dervis Susic” kütləvi və
universitet kitabxanası ilə F.Köçərli adına
Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış
kitabxanalar” elan olunublar. Bu kitabxanaların əməkdaşlığı
nəticəsində beynəlxalq kitabxanalararası abonement
bölməsi Qasprinski adına Krım Tatar Kitabxanası,
İon Kryange adına Moldova Milli Uşaq Kitabxanası ilə əlaqələr
qurub. Ukrayna Milli Uşaq Kitabxanası, Serbiya Kitabxanası və
Türkiyənin bir çox kitabxanaları, həmçinin
İsveçin Göteborq şəhər kitabxanası və
Stokholm beynəlxalq kitabxanası ilə də əlaqəlar
yaradaraq, həmin ölkələrdə keçirilən sərgilərin
iştirakçısı olub”.
Yeri gəlmişkən, 2012-ci ildə
“Avroviziya” mahnı müsabiqəsinin ölkəmizdə
keçirilməsi ilə əlaqədar kitabxanada 42 dövlətin
uşaq ədəbiyyatının nümayiş olunduğu
“Eurochildbook-2012” beynəlxalq uşaq ədəbiyyatı sərgisi
keçirilib. 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı
Şurasının üzvü olan kitabxanada 2013-cü ildən
“Uşaq ədəbiyyatı xəzinəsindən” seriyası
adı altında Firudin bəy Köçərlinin, İlyas
Tapdığın, Abdulla Şaiqin, Abbas Səhhətin, Mir
Mehdi Seyidzadənin biblioqrafiyaları nəşr edilib.
Kitabxananın 50 illik yubileyi münasibətilə 2015-ci ildə
yüksək səviyyədə silsilə tədbirlər
keçirilib.
Azərbaycanda kitabxana işinin təşkili
sahəsində səmərəli fəaliyyətlərinə
görə ölkə Prezidentinin sərəncamı ilə
bir qrup əməkdaş “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq görülüb, “Tərəqqi”
medalı ilə təltif ediliblər.
265000 kitab, 65280 dövri mətbuat,120350
nüsxədən ibarət qəzet və jurnal məqalələri
fondu, 3790 elektron resurslar, 12700 elektron kitab olan kitabxanada həmçinin
96900 nüsxədən ibarət elektron kartoteka da oxucuların
ixtiyarındadır.
Kitabxananın təsis etdiyi
“Göy qurşağı” uşaq jurnalı (2006-cı ilin
mart ayından 2007-ci ilin oktyabr ayına kimi “Körpəm”
adı ilə nəşr olunub) da məktəblilərin
dünyagörüşünün inkişafında, vətənpərvərlik
hisslərinin daha da güclənməsində, təhsilə
marağın artmasında böyük rol oynayır. 32 səhifədən
ibarət rəngli şəkillərlə nəfis tərtib
olunan jurnalın hər sayı uşaqlar tərəfindən
maraqla qarşılanır.
Kitabxanada daha çox diqqət
çəkən məqamlardan biri “Kitablar əldən-ələ”
adlı aksiyanın keçirilməsidir ki, yeni ildən
artıq bu layihəyə start verilib. Aksiyanın keçirilməsində
məqsəd oxunmuş və istifadəsiz qalmış
kitablarla ehtiyacı olan oxucuları təmin etməkdir. Bunun
üçün kitabxana öz oxucularına belə müraciət
ünvanlayır: “Əziz oxucular, oxuduğunuz kitabları
kitabxanamıza hədiyyə etməyiniz xahiş olunur. Ən
çox kitab hədiyyə edən oxucuların adları
“Göy qurşağı” uşaq jurnalında
işıqlandırılacaq, tələsin!”
Ötən il kitabxana “Məktəb
proqramına kömək” layihəsi ilə (oxucuların
sorğularına uyğun) kitabların nəşri ilə əlaqədar
siyahı hazırlayıb. Bir çox kitablar isə çap
olunaraq oxucuların istifadəsinə verilib. 2017-ci il
dekabrın 8-də Azərbaycan Xalça Muzeyində kitabxana
ilə TÜRKSOY-un birgə layihəsi əsasında çap
olunan “Türk dünyasının nağıl bağı”
adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabxanada həyat daim qaynayır,
ailəvi abonement, əlillərlə iş, səyyar kitabxana
xidməti, Bakıda fəaliyyət göstərən
bütün özəl və xarici uşaqların təhsil
aldığı məktəb və liseylər, uşaq
bağçaları, uşaq evləri, internat və
gimnaziyalarda daim onların dünyagörüşünün
formalaşması, mənəviyyatının zənginləşməsi
ilə bağlı maraqlı tədbirlərin həyata
keçirilməsi üçün elmi tədqiqat işləri
aparılır, sorgular keçirilir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2018.- 18 fevral.- S.8.