Rəsmlərdən
haray çəkən Xocalı
XX
əsrin sonları... Məhv edilmiş şəhər, vəhşicəsinə
qətlə yetirilmiş, əsir götürülmüş
uşaqlar, qadınlar, qocalar... Rəsm əsərlərində
əksini tapan bu dəhşətli mənzərələr rəssam
təxəyyülünün məhsulu deyil. Bu bir tarixdir. Və
onun adı Xocalı faciəsidir.
...1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Rusiyanın 366-cı
motoatıcı alayının iştirakı ilə növbəti
dəfə Xocalı şəhərinə hücuma
keçdilər. Və o gecə bir şəhər Yer
üzündən silindi. Sakinlərindən kimi qəddarlıqla
öldürüldü, kimi əsir götürüldü.
Ermənistan silahlı qüvvələrinin zəbt etdikləri
doğma şəhərindən baş götürüb
qaçan xocalılılardan yollarda düşmən gülləsinə
tuş gələnlər, qışın sərt
şaxtasında, qarında donanlar da çox oldu.
...Azərbaycan
xalqı 26 ildir “Xocalıya ədalət!” deyə haray çəkir.
Xocalı soyqırımı haqqında həqiqətlərin
dünyaya çatdırılmasında sənət nümunələrimiz
də böyük rol oynayır. Bu dəhşətli faciəyə
həsr olunmuş kino, musiqi, teatr və rəsm əsərləri
müxtəlif ölkələrdə nümayış
etdirilir. Həmin sənət nümunələri tariximizin
qanla yazılmış səhifəsinin bədii və sənədli
salnaməsidir.
26
ildir bu xalqın Xocalı yarası sağalmır. Bu
ağrı incəsənətin müxtəlif sahələrində
yaradılan əsərlərə
köçürülür. Böyük faciə rəssamlarımızın
yaradıcılığında da kədərli mövzulardan
birinə çevrilib. Xocalılıların fəryadı,
ürək parçalayan səhnələr bir çox rəsm
əsərlərində bədii əksini tapıb.
Xalq
rəssamı Mais Ağabəyovun “Xocalı faciəsi”, əməkdar
rəssamlar Bəyim Hacızadənin “Xocalı”,
“Ömrünün axırıncı dəqiqəsi”, Fərman
Qulamovun “Azadlığa doğru”, “Xeyir və Şər”,
Rafael Muradovun “Qaçqınlar”, Həmzə Abdullayevin
“Yandırılmış Vətən. Qaçqınlar”,
“Xocalı. Güllələnmiş insanlar”, Rza Avşarovun
“Xocalı faciəsi”, Sirus Mirzəzadənin “Xocalı”, Məmməd
Orucovun “Xocalı qaçqınları”, Eldar Babazadənin
“Axırıncı döyüşçü”, “Ana fəryadı”,
Arif Hüseynovun “Xocalı” və başqa əsərləri
müəlliflərin istedad və peşəkarlıqları
ilə yanaşı, vətəndaşlıq
duyğularının gücü ilə ərsəyə gəliblər.
Buna görə də Azərbaycan Milli İncəsənət
Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında
saxlanılan bu sənət nümunələri yüksək bədii
əhəmiyyəti ilə yanaşı, dərin humanizm,
sarsıdıcı kədər, hüzn, iztirab və dramatik əhvali-ruhiyyə
ilə tamaşaçılara təsir göstərir. Onlara
baxdıqca XX əsrin dəhşətli Xocalı
soyqırımının qurbanlarının faciəsini hiss
etməmək və onların ağrılarını duymamaq
mümkünsüzdür.
Bədii
təsir gücü ilə tamaşaçılarda şəhidlərə
mərhəmət, faciəni törədənlərə
sonsuz nifrət aşılayan əsərlərdən biri də
istedadlı rəssam Vaqif Ucatayın “Xocalı”
plakatıdır. Sinəsinə düşmən xəncəri
sancılmış körpəni əks etdirən bu əsərə
həyəcansız tamaşa etmək
mümkünsüzdür.
Bu
mövzuya dönə-dönə müraciət edən
başqa bir rəssamın - Nazim Məmmədovun “Xocalı
harayı” silsiləsi də böyük maraq doğurur. Rəssamın
çoxsaylı rəngkarlıq və qrafika əsərlərində
sadəcə erməni təcavüzünün
ağrılı görüntüləri yoxdur, həm də
bu faciəyə münasibəti, ürək
yanğısı əbədiləşib. Nazim Məmmədovun
böyük ustalıqla yaratdığı əsərləri
sənətşünas Ziyadxan Əliyev belə dəyərləndirib:
“Onun 2002-ci ildə R.Mustafayev adına Azərbaycan Milli İncəsənət
Muzeyində fərdi sərgisi oldu. Faciənin 10 illiyinə həsr
olunmuş bu ekspozisiyada rəssamın 50-dən çox rəngkarlıq
və qrafika əsəri göstərildi. “25 fevral gecəsi”,
“Xocalı Qavroşu”, “Oğul anası”, “Mən yetim
qaldım”, “Ailə əsirlikdə”, “Əlif Hacıyevin son
döyüşü”, “Xocalı od içində”, “Erməni əsirliyində”,
“Köməksiz Xocalı”, “Ata, oğul, ər! Bizi xilas edin!” və
s. lövhələri insanları duyğulandıran həmin sərginin
məna-məzmununu özündə hifz edən və erməni
vəhşiliyini ifşa edən nümunələr idi”.
Xocalı
faciəsinin ayrı-ayrı anlarını rəssamlar - Cəmil
Quliyev “Xocalı”, Abdulla Ələkbərov “Qarabağın
sabahı”, Səbuhi Məmmədov “Yaralı ana”, “Dəhşət”,
“Ayrılıq”, Sabir Çopuroğlu “Xocalı harayı”,
Rövşən Məmmədov “Torpağın harayı”, “O
qan yerdə qalmaz”, Vüqar Quliyev “Sönmüş ocaq”, Nizami
Hüseynov “Xocalı qaçqınları”, “Didərginlər”,
“Şəhidlər”, Adil Rüstəmov “Rənglərin kədər
səsi, Qarabağ şikəstəsi...” qrafik silsiləsi, Həşim
Elçiyevin yeddi plakatdan ibarət “Qarabağ” silsiləsi və
digər əsərlərində əbədiləşdiriblər.
Rəssamlar
Fikrət İbrahimovun “Gələcək naminə”, Aydın
Tağıyevin “Qaçqınlar”, Qafar Sarıvəllinin
“Haray”, “Bu qan yerdə qalmaz”, “Olacaqmı bu kədəri
dağıdan?”, Natiq Fərəcullazadənin “Şəhid
önündə”, “Ruhların gəzintisi”, Namiq Məmmədovun
“Faciə”, “Qaçan qadınlar”, Telman Abbasovun “Ana harayı”,
Rəhman Şıxəliyevin “Şəhər draması”,
Dadaş Məmmədovun “Xocalı soyqırımı”, Bayram
Qasımxanlının “Təcavüz”, “Faciələrimiz”,
Etibar Aslanovun “Şəhərin son günü”, Vüqar
İsmayılovun “Xocalı faciəsi” əsərlərində
də baş vermiş dəhşətli hadisənin
ölçüyəgəlməz miqyasını göstərə
biliblər.
Xocalı
qətliamında işğalçıların yerlə yeksan
etdikləri şəhərin tarixi əhəmiyyətli abidələri
də Azərbaycan rəssamlarının
yaradıcılığında əksini tapıb. Rəssamlarımız
bir həqiqəti də dolğunluğu ilə
tamaşaçıya çatdırmağa müvəffəq
olublar: bu terrorda Azərbaycanın təkcə övladları
qurban getmədi. Dünyanın ilk yaşayış məskənlərindən
olan Dağlıq Qarabağın Xocalı şəhərinin ərazisi
də mədəniyyət abidələri ilə zəngin idi.
Ermənistan silahlı qüvvələri bu şəhəri
yağmalayarkən həmin abidələrin əksəriyyətini
məhv etdilər. Bununla təkcə Azərbaycan tarixinə
yox, bütövlükdə bəşəriyyət tarixinə
zərbə vurdular.
Azərbaycan
rəssamlarının Xocalı soyqırmına həsr
olunmuş heç bir əsərində sadəcə təsvir
yoxdur. Fırça ustalarımız erməni
işğalçılarının simasında bütün
işğalçılara, müharibələrə, terrora
nifrətlərini bildiriblər. Eyni zamanda xalqımızın
düşmən qarşısında əyilməzliyini, məğrurluğunu
real şəkildə tamaşaçılara
çatdırmağa müvəffəq olublar.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan. -
2018.- 25 fevral.- S.5.