Ana harayı

 

Xocalı soyqırımı abidəsi önündə düşüncələr

 

Ey insanlar! Bir dayanın,

Bu daşlaşan, dəmirləşən

abidəyə -

Tunc heykələ

Baxın, baxın! Yaxşı

 baxın...

Gəlin yaxın,

Dönə-dönə bir

baxın.

O, anadır, Xocalıdan

olan ana.

Görürsünüz, haray

çəkir,

Fəryad edir

yana-yana.

Görün, görün necə

sıxıb

Güllələnmiş,

İnsanlığa sığışmayan

Əzablara, təhqirlərə

Məruz qalmış

qız balasın -

Ürəyinin, ciyərinin

bir parçasın

Qucağına, sinəsinə,

köksünə o.

Gözlərində, çöhrəsində

Bu dünyanın qəm

karvanı.

İllərdir ki,

o, yol gedir.

Ana isə dayanmadan,

ovunmadan

Haray çəkir,

fəryad edir:

 

Haray, namərd üzündən,

Əməlindən, sözündən.

Xocalını o gecə

Sildilər Yer üzündən.

 

Qudurmuş it idilər,

Öldürdülər, diddilər.

Qoca, uşaq bilməyib

Soyqırımı etdilər.

 

Həm anayam, həm ərəm,

Dişi aslanam, nərəm.

Yaxşı bil, yağı düşmən,

Xocalıya dönəcəm.

 

Ancaq, ancaq heç bir

yana

Ünü yetmir, çatmır

səsi.

Elə bil ki, heç

olmayıb

İyirminci yüzilliyin

O Xocalı faciəsi.

Nədir belə?

Bəlkə, yoxdur

bu ananın

Heç bir kəsi,

bir kimsəsi?!

Bəlkə, həm kar,

kor olublar

Neçə ildir ölkəmizə

gedib-gələn

Öz sözləri, fikirləri

olmasa da,

Ordan bura, burdan

ora

Söz gətirib, söz

aparan,

Fikirləri çərçivəyə,

qəlibə salıb

sığallayan,

Bilə-bilə vaxt

uzadan

Diplomatlar, həm səfirlər,

həmsədrlər?!

Ancaq, ancaq yaxşı

bilin,

O ananın var kimsəsi,

var bir kəsi.

Onun adı bu ölkədir:

Ana Vətən - Azərbaycan!

Oğulları, igidləri,

ərənləri

Onun üçün - Ana üçün

Hər gün, hər an

hazırdırlar

Verməyə can!

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2018.- 25 fevral.- S.8.