Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

 

Fevralın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın 2018-ci il 8 fevral və 14 fevral tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliklərin irəli sürülməsi ilə bağlı məsələlərə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Rasim oğlu Məmmədovun, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc İbrahim oğlu Quliyevin, namizədliyi seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin, namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadənin və namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Ələmdar oğlu Hacıyevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

İclasda prezidentliyə namizədlərinin irəli sürülməsi təsdiq olunmuş siyasi partiyalar, habelə öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq olunmuş şəxslər tərəfindən təqdim edilmiş səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr qeydə alınıb.

Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2018.-18 fevral.- S.2.