Münxendə Azərbaycan ilə Avropa
İttifaqı arasında əməkdaşlıq məsələlərindən
danışılıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırladıb, bu səfərin Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib. Elmar Məmmədyarov həmsöhbətə bu il aprelin 11-də Konstitusiyaya uyğun olaraq ölkəmizdə prezident seçkilərinin keçiriləcəyi barədə məlumat verib.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə aparılan danışıqlara toxunulub.
Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar və Bakıda fevralın 15-də “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının uğurla keçdiyini vurğulayıblar. Uzlaşma (connectivity) və nəqliyyat sahəsində əməkdaşlıq çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu və “Şərq-Qərb nəqliyyat dəhlizi”nin əhəmiyyəti vurğulanıb. Enerji məsələləri ilə bərabər təhlükəsizlik və nəqliyyat sahələrində də Aİ ilə Azərbaycan arasında dialoq mexanizminin yaradılması müsbət addım kimi qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə cari danışıqlar barədə məlumat verərək işğala əsaslanan mövcud status-kvonun dəyişdirilməsi və münaqişənin siyasi həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Görüşdə
qarşılıqlı maraq doğuran regional məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2018.-18 fevral.- S.3.