Qaradağlı faciəsinin 26-cı ildönümü
qeyd edilib
Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 26 il keçir.
1992-ci il fevral ayının 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə qədim Azərbaycan kəndi olan Qaradağlıya hücum ediblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər 4 gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah-sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5 nəfəri qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.
Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
AZƏRTAC xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü münasibətilə Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər “Yeni Qaradağlı” qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Qaradağlı kəndinin sakinləri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, “N” saylı hərbi hissənin əsgər və zabitləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qaradağlı soyqırımı şahidləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 26 il əvvəl baş verən qanlı hadisələrdən danışıblar. Kənd sakini Şamxal Şirinov deyib: “Fevral ayının 14-də düşmən kəndi mühasirəyə alaraq hücuma keçdi. Qüvvələr qeyri bərabər olsa da, dörd gün müqavimət göstərdik. Döyüş vaxtı düşmənin xeyli canlı qüvvəsini məhv etdik. Lakin gülləmiz qurtardı və əsir götürüldük. Cavanları yaşlılardan ayıraraq, “kamaz”a yığıb Xankəndi istiqamətində apardılar. Bəylik bağı deyilən yerdə maşını saxlayıb bir çoxlarını güllələdilər. Sağ qalanları yenidən maşına yığıb Xankəndinə gətirdilər. Ağrılı-acılı günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər. Günlərlə ac-susuz qaldıq. Aprel ayının 1-də əsirlikdən azad edildik”.
Əsirlikdən qayıdandan sonra orduya yazılaraq Füzuli rayonunun 22 yaşayış məntəqəsinin azad edilməsində iştirak edən Şamxal Şirinov hər an Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.
Qaradağlı kəndinin digər sakini Seyyur Nağıyev həmin günləri belə xatırlayır: “1992-ci il fevral ayında möhkəm döyüşlər getdi. Qaradağlı kəndi mühasirədə idi. Kənddə müdafiə dəstəsi yaratmışdıq. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edirdi. Ermənilərin bizə gücü çatmırdı. Düşmən kəndi 366-cı alayın köməkliyi ilə işğal etdi. 118 nəfər kənd sakinini əsir götürdülər. Onlardan bir çoxunu qətlə yetirdilər. Öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna tökərək torpaqladılar. Əsirlərə işgəncələr verdilər”.
Erməni
işğalçıları Qaradağlı kənd sakini Turab Hüseynovun
ailəsindən dörd nəfəri qətlə
yetiriblər. “Düşmən atamı,
anamı, biri məktəbli olmaqla iki qardaşımı
öldürüb. Şəhid ailəsi kimi, müharibəni görmüş
bir insan kimi bildirirəm ki,
torpaqlarımızı ancaq döyüş yolu ilə
almalıyıq. 2016-cı ilin aprel döyüşləri də göstərdi
ki, ordumuz buna qadirdir. Biz Qaradağlı kəndinin sakinləri Ali Baş Komandanın əmri
ilə torpaqlarımızı azad etməyə
hazırıq”, - deyə T.Hüseynov bildirib.
Azərbaycan.-
2018.- 18 fevral.- S.3.