Avropa İttifaqı-Azərbaycan əlaqələri bütün sahələrdə müsbət
istiqamətdə inkişaf edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 19-da Avropa
İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarın başçılıq
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirdi. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında iştirakına toxunan Prezident İlham Əliyev onunla görüşü zamanı energetika və digər sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını dedi. Dövlətimizin başçısı özünün Avropa Komissiyasına son səfərindən keçən dövr ərzində əlaqələrimizin bütün sahələrdə çox yaxşı inkişaf dinamikası göstərdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təkcə energetika sahəsində deyil, digər sahələrdə də, o cümlədən siyasi, ticarət, investisiya, nəqliyyat, təhlükəsizlik, mədəniyyət sahələrində də genişləndirilməsinin vacibliyini qeyd edərək bütün bunların hazırda üzərində iş aparılan Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişdə öz əksini tapdığını vurğuladı.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bütün sahələrdə müsbət istiqamətdə inkişaf etdiyini deyən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar əməkdaşlığımızın yaxşı perspektivləri olduğunu bildirdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olundu.
Prezident
İlham Əliyev bildirdi
ki, Ermənistanın riyakar
və qeyri-konstruktiv mövqeyi
danışıqlarda tərəqqinin əldə edilməsinə
başlıca maneədir. Ermənistan öz
işğalçılıq siyasətini davam
etdirir və işğal
edilmiş torpaqlarımızda Azərbaycanın
milli, dini və tarixi abidələrini məhv edir.
Dövlətimizin başçısı
vurğuladı ki, münaqişənin
tezliklə həll edilməsi üçün
Ermənistan işğal edilmiş
torpaqlardan öz
işğalçı qüvvələrini geri
çəkməyə başlamalıdır və beynəlxalq
hüququn norma və
prinsipləri bərqərar olmalıdır.
Azərbaycan.-
2018.- 20 fevral.- S.1.