İnkişaf, sabitlik, güclü dövlətçilik

 

Respublikamız növbəti seçkilər ərəfəsindədir. Prezident İlham Əliyev konstitusion səlahiyyətlərindən irəli gələrək növbədənkənr prezident seçkiləri elan edib. Seçki günü aprel ayının 11-nə təyin edilib. Seçki kampaniyasına hələ start verilməsə də, artıq cəmiyyətimiz qarşıdan gələn bu seçkiyə köklənib. Xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarıdır. Bütün bunlara nail olmaq isə son 15 ildə ölkədə həyata keçirilən siyasətin əsas prioritetləridir.

Bu dövrün ən böyük uğurlarından biri ölkənin iqtisadi yüksəlişi, bütün bölgələrin tarazlı inkişafının təmin edilməsidir. Bu barədə danışarkən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına toxunmamaq qeyri-mümkündür. 2004-cü ildən həyata keçirilən dövlət proqramlarının yekunlarının təhlili göstərir ki, qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində Azərbaycan iqtisadiyyatının, xüsusən qeyri-neft sektorunun inkişafı təmin edilib, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. İslahatların, dövlət proqramlarının real nəticəsi olaraq Azərbaycanın dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz görünən tərəfləri inkişaf edibbütün bunlar paralel şəkildə vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərib. Bu dövrdə milli iqtisadiyyat 14 il ərzində 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Bütün bunlar göstərir ki, bir sıra qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlamış Azərbaycan məqsədlərinə doğru inamla addımlayan, qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət sayəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Hər şeydən əvvəl yoxsulluq həddinin 50 faizdən 5 faizə endirilməsi, başqa sözlə, təxminən 10 dəfə azaldılması, 1 milyon 900 min yeni yerinin açılması nəticəsində işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsi kimi tarixi nailiyyətlər qeyd olunmalıdır. Bu müddət ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb.

Həyata keçirilən uğurlu siyasət nəticəsində modernləşmə Azərbaycanın müasir tarixinin fərqləndirici xüsusiyyətinə çevrilib. Bakı dünyanın ən gözəl şəhərlərindən biri kimi şöhrət qazanıb, bölgələrdə həyat səviyyəsi köklü surətdə dəyişərək yaxşılaşıb. Bütün şəhər və rayonlarımızda aparılan abadlıq və quruculuq işləri ölkənin simasını yeniləyib.Təbii ki, dinamik inkişafı şərtləndirən vacib amillərdən biri bütün sahələr üzrə müasir infrastrukturun olmasıdır. İlk növbədə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində inqilabi dəyişikliklər baş verib. Qısa müddətdə 12 min 300 kilometr avtomobil yolunun çəkilməsi, altısı beynəlxalq status daşımaqla 7 aeroportun, 443 körpünun inşa olunması bir çox dövlətlərin qibtə edəcəyi uğurlardır. Nəhayət, yeni gəmiqayırma zavodu müasir Azərbaycanın mühüm iqtisadi göstəricilərindən biridir.

Ən mühüm nailiyyətlərdən biri də ölkədə elektrik enerjisinə, içməli suya və təbii qaza olan tələbatın tam ödənilməsidir. 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilib. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Bunun nəticəsi olaraq Azərbaycan elektrik enerjisinin ixracatçısına çevrilib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin içməli suya olan tələbatının daha keyfiyyətli ödənilməsinə yol açıb. Bütövlükdə ölkədə içməli su ilə təminatın 26 faizdən 67 faizə, qazlaşdırmanın səviyyəsinin 51 faizdən 93 faizə yüksəlməsi son 15 ilin mühüm uğurları sırasında yer alan inkişaf nümunələridir. Hesab edirəm ki, tarix boyu təbii qazın olmadığı kəndlərə qaz çəkilməsi müasir Azərbaycanın ən mühüm inkişaf reallıqlarından biridir.

Bu müddətdə ən çox diqqət yetirilən məsələlərdən biri sosial infrastrukturun yenilənməsidir. Belə ki, ötən 15 ildə ölkədə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib ki, bu da ilk növbədə təhsilin inkişafına və vətəndaşların sağlamlığına verilən önəmin göstəriciləridir.

Bütün bu layihələrin həyata keçirilməsi milyardlarla manat deməkdir. Təbii ki, bu nəticələrin əldə edilməsində neft strategiyasının uğurla reallaşmasının böyük rolu oldu. BTC və BTƏ kəmərlərinin inşasının başa çatdırılması ilə ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Neftlə zəngin bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanda neft gəlirləri düşünülmüş şəkildə ilk növbədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və infrastrukturun yenilənməsinə yönəldildi və yuxarıda qeyd edilən mühüm makroiqtisadi nəticələrin əldə edilməsində neft gəlirlərinin böyük rolu oldu.

Qeyd etmək yerinə düşər ki, 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyard dollar idi. Bu gün ölkəmizin ehtiyatında olan 42 milyard dollar vəsait isə 2004-cü illə müqayisədə 23 dəfə çoxdur. İndi Azərbaycan öz ehtiyatlarını həm nəzərəçarpacaq dərəcədə artırır, həm də öz gələcəyi naminə yeni iqtisadi layihələrə inamla sərmayə yatırır. Hazırda Azərbaycanın təşəbbüsü ilə inşa olunan “Cənub qaz dəhlizi”nə ölkəmiz yetərincə maliyyə vəsaiti ayırır. Ələtdə regionun ən böyük limanı tikilir.

Ötən ilin oktyabrında inşası başa çatan və artıq bəhrəsini gördüyümüz Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi, digər layihələrə də yatırılan vəsait yaxın illərdə artıqlaması ilə dövlətimizə qayıdacaq, gələcəkdə xalqımızın yüksək sosial rifahına xidmət edəcək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisinin və “Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi”nin ölkəmizdən keçən hissəsində işlərin başa çatması Azərbaycanın maliyyə imkanlarının çoxalmasına və qeyri-neft sektorunun inkişafına böyük töhfələr verəcək.

Təbii ki, əldə olunan müsbət makroiqtisadi göstəricilərdə kənd təsərrüfatının öz payı var. Ötən 15 ildə aqrar sahə iqtisadiyyatın qeyri-neft bölməsinin prioritet istiqamətlərindən biri elan edilərək əhalinin ərzaq təhlükəsizliyinin tam yerli istehsal hesabına ödənilməsi və kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Bu illər ərzində ərzaq təhlükəsizliyinin təminatı möhkəmlənib, daxili istehsal hesabına əhalinin əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb, meyvə-tərəvəz və bir sıra digər məhsulların tələbatdan artıq istehsal edilməsi bu məhsullar üzrə ixrac potensialını çoxaldıb. Məsələn, ötən il pomidor ixracından ölkəyə 151 milyon, fındıq ixracından 114 milyon, xurma ixracından 91 milyon, alma ixracından 31 milyon, kartof ixracından 26 milyon, soğan ixracından 16 milyon, bitki yağlarından 14,5 milyon dollar gəlir gəlib. Bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var.

Məhz dövlət qayğısının nəticəsidir ki, aqrar sahədə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Buna misal olaraq ötən il ölkədə 207 min ton pambığın, 152 min ton üzümün yığılmasını, 400 min tondan çox şəkər çuğundurunun, 5200 ton quru tütünün, 244 ton baramanın tədarük edilməsini misal göstərmək olar.

Kənd təsərrüfatında əsas məsələlərdən biri məhsuldarlığın artırılmasıdır. Həm bu məqsədlə, həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə son illərdə müasir aqroparklariri fermer təsərrüfatları təşkil edilib. Sevindirici haldır ki, ölkə üzrə yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Hazırda 28 rayonda 43 aqropark yaradılır.

Kənd təsərrüfatının inkişafında mühüm məsələlərdən biri də əkin sahəsinin suvarılmasıdır. Son 14 il ərzində dörd su anbarı tikilmişdir: Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Bu anbarlar, çəkilmiş və çəkilən kanallar on minlərlə hektar əkin sahəsini suvarmaq üçün həlledici rol oynayır. Keçən il 100 min hektardan çox suvarılmayan torpaqlara su xətləri, kanallar çəkilmişdir. Bu il də hədəf 100 min hektardır. Beləliklə, biz suvarılmayan torpaqlara həyat gətiririk, fermerlərə, sahibkarlara şərait yaradırıq. Meliorativ tədbirlər kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələridir. Bu sahəyə qoyulan böyük vəsait eyni zamanda sahibkarlığa dövlət tərəfindən göstərilən növbəti dəstəyin təzahürüdür.

2014-2015-ci illərdə dünyada baş verən iqtisadi proseslər ölkəmizdə də iqtisadiyyatın rəqabət qabiliyyətini daha artırmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının yeni mərhələdə inkişafını təmin etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edirdi. Bu mənada son illərdə diqqəti çəkən mühüm məqamlardan biriondan ibarətdir ki, bir çox ölkələr siyasi-iqtisadi böhranlardan hələ də xilas ola bilmədikləri vaxtda Azərbaycan dayanıqlı inkişafa yönəlmiş yeni strateji vəzifələri uğurla həyata keçirir. Artıq Azərbaycanda son iki ildə həyata keçirilən iqtisadi islahatlar real nəticələr verməkdədir. Qısa müddət ərzində islahatların mühüm istiqamətlərindən olaraq respublikamızda məhsul istehsalı artıb. Bu günMade in Azerbaijanbrendi ilə Azərbaycan məhsulları Avropadan Çinə qədər ixrac olunur.

Bu gün Azərbaycanın yeganə problemi torpaqlarının bir hissəsinin Ermənistanın işğalı altında olmasıdır. Ərazi bütövlüyünü bərpa etmək ölkəmiz üçün çətin deyil. Çünki malik olduğu hərbi potensial Azərbaycana ən qısa müddətdə Ermənistanı darmadağın etməyə imkan verir. Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Hərb tariximizə qızıl hərflərlə yazılan 2016-cı ilin aprel hadisələri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirilməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir.

Ölkəmizdə qazanılan uğurlar deputat seçildiyim Bakının Sabunçu rayonunda da yaxından hiss olunur. Həm əhalinin sayına, həm də iqtisadi potensialına görə şəhərimizin ən böyük rayonlarından olan Sabunçuda son 15 ildə infrastruktur layihələrinin icrası, magistraldaxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülüb. Bütün bu işlər rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır. Seçicilərimlə hər görüşümdə onlar dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər. Bir məsələni də qeyd etmək yerinə düşər ki, bir neçə il öncə əhalinin elektrik enerjisinə və təbii qaza görə yığılan borclarının silinməsi ölkənin hər yerində olduğu kimi, Sabunçuda da böyük razılıqla qarşılandı. Bu addım bir daha Azərbaycanın sosial dövlət olmasını təsdiq etdi.

Ümumiyyətlə, hər bir cəmiyyətdə qazanılan nailiyyətlərdən söz açarkən ilk növbədə siyasi hakimiyyətin qarşısında duran vəzifələrin öhdəsindən necə gəlməsi və həyata keçirdiyi proqramların reallıqla nə cür səsləşməsi önə çəkilir. O cümlədən ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyinin monolitliyi də uğurları şərtləndirən amillərdir. Bu gün, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda təhlükəsizlik, sabitlik hökm sürür, bunun isə arxasında dayanan əsas faktor məhz xalq-iqtidar birliyidir. Əgər bu olmasa, hər hansı bir inkişafdan, tərəqqidən danışmaq olmaz.

Əldə olunan uğurlar göstərir ki, ölkədə həyata keçirilən siyasət hər bir sahədə böyük inkişafa yol açıb. Bu siyasət təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizin deyil, həm də gələcək uğurların həlledici əsasıdır.

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2018.- 20 fevral.- S.1-2.