Mərkəzi Seçki Komissiyasının növbəti iclası

 

Məzahir Pənahovun sədrliyi ilə fevralın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 2018-ci il 17 fevral tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin mediaictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.

Komissiyanın iclasında, həmçinin 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

 

Azərbaycan.- 2018.-20 fevral.- S.3.