Dövlətə, xalqa şərəfli xidmət missiyası

 

2017-ci il Azərbaycan üçün mühüm nailiyyətlərlə yanaşı, həm də siyasi islahatlardan irəli gələn yeniliklərlə yadda qaldı. Məlum olduğu kimi, hələ 2015-ci ildə Konstitusiyaya edilən dəyişikliklərin məqsədlərindən biri dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı idi. Məhz konstitusiya islahatlarından irəli gələrək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələri təsis edildi.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edildi. Bu baxımdan Azərbaycan üçün yeni təcrübə olduğuna görə vitse-prezidentlik institutunun yaradılması ötən il ölkəmizdə siyasi yenilik kimi tarixə düşdü.

Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər.

Mehriban Əliyevanın fəaliyyətindən söz açarkən onun göz önünə gələn yüksək insani keyfiyyətlərindən biri insanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyidir. Belə ki, bunlar xalqımızın milli-mənəvi və mental əxlaqi dəyərlər sisteminin əsas tərkib hissəsini təşkil edir. Mehriban xanım hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldib. O cümlədən doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılmasını, onların sosial problemlərinin həllinə diqqət göstərilməsini və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməyi Mehriban Əliyeva daim özünün vətəndaşlıq borcu hesab edib. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir.

Heydər Əliyev ideyaları ilə silahlanmış, hər zaman peşəkarlığı, işgüzarlığı və prinsipiallığı ilə seçilən Mehriban Əliyevanı xarakterizə edən digər mühüm göstəricilərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğinə böyük önəm verməsidir. İstər Heydər Əliyev Fondunun prezidenti, istər Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi fəaliyyətinin təhlili göstərir ki, milli mədəniyyətimizin qorunması və dünyada təbliği Mehriban Əliyevanın xalqa xidmət missiyasının əsas istiqamətlərindən olub. Belə ki, bunlar son nəticədə nəcib məqsədə - Azərbaycanın dünyada tanıdılmasına xidmət edib. Ötən illər ərzində neçə-neçə tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, muğam musiqi müsabiqələrinin və dünya şöhrətli musiqiçilərin yubileylərinə həsr edilmiş beynəlxalq festivalların keçirilməsi, xarici ölkələrdə müxtəlif sərgilərin təşkili bu ali məramın intişarına yönəlib.

Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq isə, Mehriban Əliyevanın özünün dediyi kimi, böyük şərəf idi. Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub. Milli Məclisdəki fəaliyyəti dövründə Mehriban Əliyeva ABŞ, Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri, Türkiyə, Rusiya parlamentlərarası dostluq qruplarının üzvü olub. Beləliklə, Mehriban xanım Əliyeva Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafında böyük işlər görüb, Azərbaycan parlamentini xaricdə layiqincə təmsil edib. O, xalqımızı düşündürən problemləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mümkün olan hər şeyi edib.

Bütün bunlarla yanaşı, Mehriban Əliyeva dövlət başçısının ona həvalə etdiyi vəzifələri də uğurla yerinə yetirərək Azərbaycan dövlətinin beynəlxalq imicinin yüksəlməsinə ləyaqətlə xidmət edib. Eurovision” mahnı müsabiqəsində olduğu kimi, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında da Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi qısa müddət ərzində ən yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu.

Mehriban Əliyeva öz siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğunu çoxdan təsdiq etmişdi. Buna görə onun Azərbaycanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi ictimaiyyətin bütün təbəqələri tərəfindən sevnic və rəğbətlə qarşılandı. Ötən bir ildə Birinci vitse-prezident kimi fəaliyyət göstərən Mehriban xanım Əliyeva ona olan etimadı layiqincə doğruldur.

Qeyd olunduğu kimi, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ilk diqqət yetirdiyi məsələ Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi oldu. Bununla bağlı keçirdiyi müşavirədə Mehriban Əliyeva vurğuladı ki, görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər məcburi köçkün ailəsi yaşayır və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmalıdır.

Birinci vitse-prezident bildirdi ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir.

Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi keçirildi. Yaşayış kompleksinin tikinti layihəsi üzrə hər biri 2 bloklu, 9 mərtəbəli 11 yaşayış binasının inşası nəzərdə tutulub. Burada ümumilikdə 1026 mənzil olacaq.

İyunun 27-də isə qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində Mehriban Əliyevanın iştirakı ilə yeni mənzillərin verilməsi mərasimi keçirildi. Həmin gün 214 məcburi köçkün ailəsinə yeni mənzillər təqdim olundu.

Oktyabrın 5-də Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub. Bu bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib.

Elə həmin gün Mehriban xanım Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. Binalar da “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib.

2016-cı ilin Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlillərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin növbəti əyani göstəricisi idi. Görüşdə “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də təqdim olunub. Bu da bir daha onu göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpasına Azərbaycan dövləti xüsusi diqqətlə yanaşır. Qeyd edək ki, son üç ildə respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 min 935 protez ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidentinin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Mehriban xanım Əliyevanın tapşırığı ilə müharibə əlillərinin hər birinə fərdi yanaşma tətbiq ediləcək. Yəni bu zaman onların fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri, bütövlükdə hər bir istifadəçinin tələbləri nəzərə alınaraq uyğun və yüksəkkeyfiyyətli, normal hərəkət dinamikasına yardım edən müasir protezlərlə təmin olunacaqlar.

Bütövlükdə ötən il ərzində Azərbaycanın qazandığı bir çox mühüm uğurlarda Mehriban xanım Əliyevanın töhfələrini və təşəbbüslərini görmək mümkündür. Uğurla başa çatan İslam Həmrəyliyi Oyunları, “Expo-2025” sərgisində iştirakla bağlı Azərbaycanın təqdimatı Mehriban xanım Əliyevanın yüksək idarəçilik keyfiyyətlərini və siyasi işgüzarlığını bir daha nümayiş etdirdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident İlham Əliyevin silahdaşı kimi dövlətimizə və xalqımıza layiqincə xidmət edəcəyi, Azərbaycanın daha da çiçəklənməsinə öz töhfələrini verəcəyi, xüsusən sosial qayğıya ehtiyacı olan insanların yanında olacağı aydın idi. Və elə ilk günlərdən bu qənaət özünü uğurla doğrultmağa başladı. Göründüyü kimi, ötən bir ildə Mehriban Əliyevanın fəaliyyəti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Bununla da Birinci vitse-prezident Mehriban Əliyeva hər bir sahədə dövlət başçısının həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-21 fevral.- S.1; 4.