Tarixin əmanəti

 

21 fevral Beynəlxalq  Ana Dili Günüdür

 

Ana dilini qorumaq hamının borcudur

 

Zəngin dil mədəniyyətinə sahib olan xalq ölməzdir, böyük gələcəyə malikdir. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Onun özünəməxsus inkişaf qanunları ilə cilalanmış qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksəksəviyyəli yazı normaları vardır. Düşüncələrdəki dərinliyi, hislərdəki incəlikləri bütünlüklə ifadə etmək, kamilliyə yetişə bilmək üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir. Ana dilimizin bugünkü inkişaf səviyyəsi isə göstərir ki, Azərbaycan dünyanın ən qədim xalqlarındandır. Onun dilinin saflığını, büllurluğunu göz bəbəyi kimi qorumaq, milli sərvətimizin keşiyində ayıq-sayıq dayanmaq hər bir vətəndaşın müqəddəs borcudur. Unutmamalıyıq ki, milli varlığımızın, birliyimizin, mədəniyyətimizin ən davamlı daşıyıcısı ana dilimizdir.

 

Xalqın dili onun ruhudur

 

İnsanlar kimi, xalqların da mənəvi dünyası var. Dil nəzəriyyəsində böyük tarixi mərhələnin əsasını qoymuş Humboldt yazırdı ki, xalqın dili onun ruhudur. Bir-birini anlamayan, öz aralarında dil tapa bilməyən, ortaq məqsədləri bölüşməkdə çətinlik çəkən pərakəndə insanlar hələ xalq sayılmaz. Onlar arasında davamlı əlaqənin qurulması, konkret hədəflərə doğru əlbir fəaliyyətin təmin olunması, ən mühümü isə toplanmış uğurlu təcrübənin, qaydaların, ənənələrin yaddaşlarda qorunaraq gələcəyə ötürülməsi üçün dil əsas vasitədir.

Dil təfəkkür hadisəsidir. O, eyni zamanda mədəniyyət faktıdır. Bütün milli dəyərlər, insanların tarix boyu ərsəyə gətirdikləri maddi və mənəvi nailiyyətlər dilin işığında yaranır. Onun iştirakı ilə formalaşaraq öz məqsədinə yönəlir. Füzulidən Axundzadəyə, Seyid Əzimdən Səməd Vurğuna, Mirzə Cəlildən Cəfər Cabbarlıya qədər bütün klassiklərimiz üçün ana dili məsələsi, onun işlənməsi, qorunması, inkişafı, yaxın regionlardakı dillərlə rəqabəti prinsipial əhəmiyyət kəsb etmişdir.

Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli kimi ziyalılar bütün qüvvələrini anadilli mətbuatın yaranmasına yönəltmişdilər. Hərçənd ki, ötən əsrin əvvəllərində ana dilinin necə və hansı istiqamətdə inkişafı problemi ən qızğın mübahisələrə səbəb olmuşdur.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdir. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Qeyri-millətlərdən olan yerli əhalinin nümayəndələri çıxışların rus dilində olmasını təklif edəndə bu məsələ geniş müzakirə olunmuş və xüsusi qərar qəbul edilmişdir. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə, rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərin üstündə adətən parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”. Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı da mövcuddur. Həmin fərmana görə, iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. Hətta bir sıra hallarda bu dili bilməyənlər üçün mütərcim çağırılması, işlərin Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulurdu. Lakin ömrü gödək olan dövlətin çox təəssüf ki, nə İstiqlal Bəyannaməsində, nə də Konstitusiya Aktında dövlət dili haqqında maddə öz əksini tapmamışdır.

Respublikada sovet hakimiyyətinin qurulduğu ilk illərdə bu sahədə yenilik baş verməmişdi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da ana dilinin hüquqi statusu barədə heç nə yazılmamışdı. Şübhəsiz ki, bu, keçmiş sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı bir vaxtda Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya əlavə etmək həm kifayət qədər riskli, həm də perspektivsiz addım idi.

Stalinin ölümündən sonra repressiya maşınının dayanması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini müəyyən qədər məhdudlaşdırdı və nəhayət, belə bir vəziyyətdə 1956-cı ildə Azərbaycan Respublikasının Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması təsbit edilirdi. Lakin bu qərar bir tərəfdən respublikanın özündəki qısqanc qüvvələrin, digər tərəfdən mərkəzdəki mühafizəkarların müqaviməti ilə rastlaşdı. Azərbaycan dilinə keçilməsi barədə tələblər Moskvada narazılıq doğurdu. Stalin dövrünün sərt qanunlarından azad olmuş xalqlar, onların ziyalıları milli məsələyə daha cəsarətlə diqqət verməyə, rus dilinin hakimiyyətinə qarşı çıxmağa başladılar. Yazıçı və şairlərimiz, dilçi filoloqlarımız sosializm dövründə “hər bir millətin öz müqəddəratını təyin etmək hüququ”nu ana dili sahəsində də tətbiq etməyə çalışırdılar. Bu meyil Bəxtiyar Vahabzadənin şeirlərində, Mirzə İbrahimovun siyasi-ideoloji fəaliyyətində özünü qabarıq şəkildə göstərirdi. Sonradan qəbul edilən qərarlar isə bu narazılığa da son qoydu. Tələskənlik və hövsələsizlik respublikada formalaşan milli ovqatlı kadrlara qarşı zərbə ilə nəticələndi.

 

Bir məqalənin tarixçəsi

 

XX əsrin 30-40-cı illərində böyük ziyalılarımızla birgə onların yazıb-yaratdıqları doğma dilimiz də repressiyaya məruz qaldı. Belə bir məqsədli təzyiqin nəticəsi isə bu idi ki, 50-ci illərdə artaraq Bakıda və ölkənin digər mədəniyyət mərkəzlərində ana dilimizin mövqeyi getdikcə zəifləyirdi. Dövlət idarələrində, kargüzarlıqda Azərbaycan dilindən istifadə olunmurdu. Dili unutdurmaqla xalq məqsədli şəkildə öz milli köklərindən uzaqlaşdırılırdı. Azərbaycan dili o zaman “karyera” dili sayılmadığından insanlar övladlarının gələcəyini düşünərək onlara imperiyanın əsas dilində təhsil verməyə maraq göstərirdilər.

Tarixə qısa ekskurs edərək yada salaq ki, unudulmaz ədibimiz Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində ikən onun təşəbbüsü ilə Azərbaycan dilinə dövlət dili statusu verilməsi 1956-cı ilin avqust ayında Ali Sovetin sessiyasında Moskvanı məlumatlandırmadan sovet rəhbərliyinin başı üzərindən müzakirə edilərək xüsusi qərara salınmışdı. Üstəlik, Mirzə İbrahimovun həmin ilin 26 oktyabrında “Kommunist” qəzetində dərc edilmiş “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsi yuxarılarda əməlli-başlı partlayış effekti doğurmuşdu. Böyük vəzifə sahibi olan müəllif həmin məqalədə yazırdı: “Hakim” millətin, “böyük” millətin məzlum millətə, kiçik millətə göstərdiyi hər hansı təzyiq ancaq nifrət və nifaq duyğuları oyadır, əzilən milləti tarixi intiqam saatını gözləməyə məcbur edir”.

Daha sonra Mirzə müəllim çar Rusiyasının adı ilə əslində sovet hakimiyyətinin iç üzünü də açıb tökürdü: “Çarizm qeyri-rus xalqları ən kobud və vəhşi jandarm üsulu ilə əzir, həyasızcasına “ruslaşdırma” siyasəti aparırdı, milli mədəniyyətlərə, milli dillərə qarşı təcavüzkar hərəkət edirdi...” Sonda isə ədib Azərbaycan dilinə hörmətsiz yanaşanlara üz tutaraq deyirdi: “İşlərin azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrində ana dilində idarə edilmək arzusundan təbii bir şey ola bilməz”.

Bu məqalədən sonra təbii ki, Mirzə İbrahimov vəzifəsi ilə viadalaşmalı olur, dövlət səviyyəsində millətçilikdə təqsirləndirilərək ittihamlara tuş gəlir. 1959-cu ilin iyununda isə qəfildən Sov.İKP MK-nın Rəyasət Heyətinin qərarı ilə MK-nın 26 nəfər məsul işçisindən ibarət böyük bir yoxlama komissiyası Bakıya gəlir. Azərbaycan rəhbərliyi xof içində vurnuxur, komissiyanın nələri araşdıracağını bilmir, hər şey gizli saxlanılırdı. Amma təxmin edilirdi ki, əsas məsələ dövlət dili haqqında qanun və Mirzə İbrahimovun üç il əvvəl “Kommunist” qəzetində çıxan məqaləsi ilə bağlı idi. Güman olunan məsələ, demə, həqiqət imiş. Azərbaycan KP MK-nın 1959-cu il plenumunda əvvəlcədən hazırlanmış ssenari üzrə olan çıxışlar bu yığıncağı ədibin bir növ məhkəməsinə çevirir. Məruzəçi Mirzə İbrahimovun məqaləsini büronun razılığı olmadan çap etdirdiyini söyləyir. Büronun müzakirəsindən üç ay sonra həmin məqalənin kitaba salındığını və gənclərin, zəhmətkeşlərin tərbiyəsinə çox böyük ziyan vurduğunu deyir. Əslində isə ana dili ilə bağlı məsələ o zaman Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevlə də, SSRİ Ali Sovetinin sədri olan R.Voroşilovla da razılaşdırılmışdı. Plenumda görkəmli ədibi nədə ittiham etmədilər?.. Guya gənclərin bir hissəsi rus dilini öyrənməkdən imtina edib, Bakının böyük zavodlarında bir qrup milliyyətcə rus olan fəhlə Xruşşova, Voroşilova, Qrişinə çoxsaylı məktublar, müraciətlər yollayıblar. Bu söhbət Moskvaya qədər gedib çıxır.

O zaman keçmiş sovet imperiyası milli hərəkata, milli dirçəlişə səbəb olacaq hər hansı tədbirin qarşısını almaq üçün hər cür təxribata hazır idi. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərək deyirdi ki, ən emosional, həssas məsələləri də ancaq ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaq idi. Mirzə İbrahimovun təcrübəsi həmin yolun uğursuzluğunu artıq göstərmişdi. Azərbaycan dili dövlət-idarəçilik sisteminə tədricən, təkmilləşə-təkmilləşə daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi. Bu hadisələrdən on il sonra sovet Azərbaycanına hakimiyyətə gəlmiş ulu öndərin ölkəyə rəhbərliyinin ilk günlərindən bəhs edən müasirləri onun çıxışlarını ana dilində etməklə ictimaiyyəti təəccübləndirməsini həmişə xüsusi bir məqam kimi xatırlayırlar. Bu, böyük dövlət adamının Azərbaycan cəmiyyətinə üstüörtülü bir xitabı sayıla bilərdi. Heydər Əliyevin ana dilimizin timsalında milli ideyanın bundan sonra onun himayəsində olacağına işarə verirdi.

 

Ana dilimizin təəssübkeşi

 

Ötən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyev respublikanın iqtisadi, ictimai-siyasi və mədəni-ideoloji həyatında dirçəliş yaratmaqla yanaşı, dil məsələsinə də xüsusi diqqət və qayğı göstərmişdir. Böyük rəhbərin yeritdiyi dil siyasəti bir məqsədə xidmət etmişdir: ana dilini inkişaf etdirmək, onun dövlət statusunu reallaşdırmaq, dünya dilləri içərisində nüfuzunu artırmaq. Lakin həmin dövrdə rus dilinin mövqeyi respublikada hələ çox güclü idi - nəinki dövlət idarəçiliyi, cari təsərrüfat, xüsusilə sənaye sahələrində də bu dildən geniş istifadə olunur, kənddən şəhərə, respublikanın paytaxtına gələn gənclər çətinliklərlə rastlaşırdılar. Azərbaycan KP-nin qurultayları, MK-nın plenumları bir qayda olaraq rus dilində aparılırdı. Heydər Əliyev bütün mürəkkəbliyi ilə dərk edirdi ki, Moskva ruslaşdırma siyasətini yürüdür, lakin bu qeyri-humanist, bayağı siyasət müxtəlif yollarla pərdələnir, Azərbaycan dili dövlətçilikdən, inzibati idarə sistemindən, elmdən, mədəniyyətdən, təhsildən sıxışdırılır. Yalnız məişət dili səviyyəsinə endirilirdi. Belə bir siyasət xalqını sevən rəhbərdə daxili etiraz doğurmaya bilməzdi. Ona görə də 1970-ci illərdən etibarən respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Tədris Azərbaycan dilində aparılan məktəblərin sayı çoxaldıldı. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən mərasimdə respublika rəhbəri ana dilində çıxış etdi. Bunda məqsəd dilimizin yüksək səviyyədə təbliği idi. Həmin illərdə görkəmli Azərbaycan yazıçılarının, şairlərinin, elm xadimlərinin yubileyləri keçirilir, respublika rəhbərinin özü Azərbaycan yazıçılarının qurultayında iştirak edir, fikir mübadilələri aparırdı. Uzaqgörən rəhbər ziyalılarımızın, xüsusilə dillə işləyən alimlərin milli sərvətimizlə bağlı sabit, mənəvi, ideoloji mövqeyinin nədən ibarət olduğunu bir daha yəqin edir və bu, ulu öndərə ana dili barədə daha fəal dövlət siyasəti yeritmək imkanı verirdi. O zaman “Azərbaycan dilinin əsl sahibi bizim şair və yazıçılarımızdır, bizim bütün qələm çalan ziyalılarımızdır” - deyən ulu öndər xalqın mənəviyyatının daşıyıcısı olan ana dilinin inkişafında həmişə iki amilin əsas olduğunu xüsusi vurğulayırdı: “Ana dili dövlət qayğısına və ziyalı yanğısına möhtacdır”.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəanın müəllifi Heydər Əliyev olmuşdur. Həmin dövrdə respublika rəhbəri siyasi taleyini riskə qoyaraq Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın varlığını təmin etmək üçün təşkilati işlər aparmış, elmi və ziyalı qurumlarını da bu işə cəlb etmişdi. Sovet imperiyası şəraitində belə bir davranış əsl vətənpərvərlik, vətəndaşlıq nümunəsi idi. O zaman bu hərəkət Moskvada böyük narazılıq yaratmışdı. Bəhanə o idi ki, başqa respublikaların əsas qanununa həmin müddəa salınmamışdı. Belə bir vaxtda ulu öndər partiya funksionerləri ilə ciddi danışıqlara başladı. Ulu öndər həssas məsələləri ancaq ağlın gücü ilə həll etməyə çalışırdı. Azərbaycanın mövqeyinə qarşı həmin dövrdə Ukrayna KP MK-nın ovaxtkı birinci katibi Şerbitski xüsusilə fəal çıxış etdi. Ümummilli lider 1995-ci il oktyabrın 31-də EA-da keçirilən dövlət dili haqqında Konstitusiya maddəsinin müzakirəsindəki nitqində həmin hadisələri belə xatırlayırdı: “Mən ona dedim ki, sizə heç kim mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. İstəsəniz, bunu yaza bilərsiniz. Ancaq siz bizə nə üçün mane olursunuz? Mübahisəmiz gərgin oldu... Mən sizə deyim ki, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində bu müddəanın Konstitusiyamızda mövcudluğu çox böyük tarixi bir hadisə idi”.

Uzaqgörən rəhbərin qətiyyəti və iradəsi sayəsində həmin müddəa 1978-ci ildə qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində təsdiqini tapdı. Bu, böyük qələbə, xalqın mənəvi sərvəti olan ana dilinin qorunması tarixində xüsusi mərhələ idi. Yalnız bundan sonra yüksək məclislərdə Azərbaycan dilinə geniş səlahiyyət verildi, dövlət idarələrində ana dilinin tədricən yayılmasına, sənədlərin azərbaycanca hazırlanmasına başlanıldı. Respublika rəhbəri qurultay, konfrans, müşavirə, simpozium və s. mötəbər məclislərdə Azərbaycan dilində çıxış edir, ana dilinin hansı statusa və nüfuza malik olmasını hamıya çatdırırdı.

Azərbaycanın müstəqillik illərində də ümummilli lider ana dilinin qorunması və inkişafı sahəsində böyük işlər gördü. 1995-ci ildə Konstitusiya Komissiyasının sədri Heydər Əliyev layihədə dövlət dili haqqında maddə ilə bağlı geniş müzakirələr keçirdi. Xatırladaq ki, AXC-Müsavat cütlüyünün iqtidarı dövründə Milli Məclisdə bu barədə qanun müzakirə olunmuş və dilimizin adı dəyişdirilərək “türk dili” kimi təsdiq edilmişdi. Bu qərar qəbul ediləndə ulu öndər Naxçıvanda işləyirdi. 1995-ci ildə Heydər Əliyev sözügedən qanunun necə qəbul edilməsinin bütün təfərrüatını öyrənir və tələblərin kobud şəkildə pozulduğunun şahidi olur.

Ulu öndər çıxışlarında dəfələrlə qeyd etmişdi ki, ana dili məsələsi bir qrupun, bir dəstə adamın inhisarında ola bilməz. Məhz belə inhisarçılığın nəticəsində o zaman qanunsuz qəbul edilən qərar cəmiyyətdə çaşqınlıq yaratmışdı. 1995-ci ildə Konstitusiya layihəsində bu maddə müzakirə olunanda komissiyaya 1400-dən artıq təklif gəlmişdi. Həmin təkliflərdən ancaq 18-i ana dilinin türk dili kimi yazılmasını məqbul saymışdı.

 

Dil əmanəti

 

Müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə ulu öndər milli dil məsələsinə həssaslıqla yanaşırdı. O, Azərbaycan dilini cəmiyyətimizdə milli vəhdəti təmin edən azərbaycançılıq ideologiyasının əsas elementi kimi müəyyənləşdirmişdi. 1995-ci ildə qəbul olunmuş ilk müstəqil Konstitusiyada Azərbaycan dilinin bu torpaqları özünə tarixi vətən bilən hər kəsin milli birlik fenomeni kimi təsbit olunması mühüm bir addım idi. 2001-ci ilin iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması, 2001-ci il avqust ayının 1-də latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Dil Komissiyasının təşkili, 1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi, 2002-ci ilin sentyabrında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun qüvvəyə minməsi ümummilli liderin müstəqillik dövründə ana dilimizin inkişafı ilə bağlı mühüm tarixi qərarlarıdır.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi milli-mənəvi dəyərlərimizə, elmin və mədəniyyətin inkişafına daimi dövlət qayğısının təmin olunması xətti uğurla davam etdirilir. Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirən ölkə rəhbəri milli dil əmanətinə də sadiqdir. 12 yanvar 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi”, 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar, ayrı-ayrı toplantılarda ana dilimizin inkişafı ilə bağlı irəli sürülən tezislər müasir dövrdə dilimizin inkişafına təkan verən möhtəşəm tədbirlərdir.

Biz hazırda elə bir dünyada yaşayırıq ki, qloballaşma prosesi həyatımızın az qala hər anında özünü göstərir. Onun təməlində beynəlxalq ünsiyyət dayandığından bu prosesin müsbət və mənfi təsirləri ən çox dil mühitində özünü büruzə verir. Sadə bir nümunə: ana dilimiz yəqin ki, tarixinin heç bir çağında indiki qədər termin bolluğu ilə üzləşməyib. Gündəlik məişətimizə daxil olan, həyatımızda texnoloji möcüzələr yaradan əşyaların, cihazların hər biri dilimizdən ötrü yeni bir məfhum, yeni bir söz deməkdir. Yaxud, müasir insanın indi daha çox bilgi qaynaqlarına ehtiyacı var. Hansı dillər daha çox bilgiyə bələdçilik edə bilirsə, gələcəyə də o dillər gedə biləcəkdir.

Belə bir reallıq müasir şəraitdə milli dillərin inkişafı üçün adekvat qərarların qəbulunu və bu səmtdə çevik fəaliyyəti tələb edir. Həmin amillər nəzərə alınaraq 2012-ci ilin mayında “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam imzalandı. Sərəncamda dövlət dilimizlə bağlı müşahidə olunan bir çox problemlər qeyd olundu. Onların aradan qaldırılmasından ötrü Dövlət Proqramında bir çox vəzifələr müəyyənləşdirildi. Ötən il 13 noyabr tarixli sərəncamla isə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibi yenidən formalaşdırıldı. Tanınmış ictimai-siyasi xadimlərimizin, alimlərimizin, ədəbiyyat adamlarımızın təmsil olunduğu bu komissiyanın əsas missiyası azərbaycançılıq məfkurəsi işığında dövlət dilinin saflığının qorunması, ədəbi dilimizdən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasıdır. Bu istiqamətdə həyata keçiriləcək fəaliyyətin ardıcıllığının tənzimlənməsini və Azərbaycan dilinin işlənmə imkanlarının daha da genişləndirilməsini təmin etməkdir.

Ötən il oktyabrın 6-da isə ictimaiyyət nümayəndələrinin, o cümlədən kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə daha ciddi bir konfrans keçirildi. Tədbir “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusuna həsr edildi. Əlbəttə, ana dilimizin mühafizəsi məqsədilə irəli sürülmüş istənilən təşəbbüs əhəmiyyətlidir, alqışa layiqdir. Həmin konfransı xüsusilə əhəmiyyətli edən cəhət o idi ki, bu təşəbbüs birbaşa Azərbaycan rəhbərliyi tərəfindən gəlmişdi. Bütün bunlar ulularımızdan miras qalmış milli dil əmanətinə sadiqliyi, ana dilimizin gələcəyi ilə bağlı qayğıların daha bir ifadəsi idi.

Heç zaman unutmamalıyıq ki, dilin qorunması, inkişafı dövlət tərəfindən irəli sürülən norma və tələblərlə yanaşı, eyni zamanda vətəndaşlıq məsuliyyəti tələb edən məsələdir. Ana dilimizdə milyonlarla insan danışır və yazır. Onların bu dildən hansı şəkildə faydalandıqlarını, ona necə münasibət göstərdiklərini tam nəzarətdə saxlamaq mümkün deyil. Amma hər bir vətəndaş çevrəsindəki insanların dilimizi korlayan hallarla rastlaşdığı vaxt ictimai qınağın gücü ilə onların aradan qaldırılmasına nail ola bilər. Elə ötən il oktyabrın 6-da keçirilən konfransın əsas müzakirə obyekti də bununla bağlı idi.

Tarixin əmanəti və milli varlığımızın əsası olan ana dilini qoruyub gələcək nəslə yetirmək birgə missiyamızdır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.-21 fevral.- S.1; 4.