Əli qələmli
ağsaqqal
Həmzə Vəliməmmədov - bu imza oxuculara ötən əsrin yetmişinci illərindən
tanışdır. Onun Lerikin
uzunömürlüləri haqqında yazıları həmin illərin dövri mətbuatında dərc edilmiş, radioda səsləndirilmişdir.
Təcrübəli jurnalistin şəxsi
arxivində bugünədək
dağlar diyarının
ağsaqqalları və
xeyirxah ziyalıları
barədə yazdığı
oçerklər, yol qeydləri, reportajlar, müsahibələr saxlanılır.
Həmzə Vəliməmmədov repressiyanın
tüğyan etdiyi
1938-ci ildə Lerikin ucqar dağ kəndində doğulmuşdur. Repressiya onun
ailəsindən də
yan keçməmişdir.
İki yaşına çatanda atası böhtanın qurbanı olmuşdur.
Yeganə övlad olan
Həmzəni anası
boya-başa çatdırıb
oxutdurmuşdur. Orta məktəbi
bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikumunda təhsil alıb müəllim peşəsinə yiyələnən
Həmzə ilk əmək
fəaliyyətinə dağ
kəndində başlamış,
məktəb direktoru işləmişdir. Sonra
Pedaqoji İnstitutda ali təhsil
almışdır. Hələ müəllimlik
dövründə onun
yazıları “Azərbaycan
müəllimi”, “Azərbaycan
gəncləri” qəzetlərində
çap olunmuşdur.
1966-cı ildə
Lerikdə “Bolluq uğrunda” (indiki “Lerik”) qəzeti nəşrə başlayır. Həmzə müəllim
redaksiyaya dəvət
olunur, şöbə
müdiri vəzifəsində
çalışır. Bu dövrdə o, həm də Azərinformun (AZƏRTAC) ştatdankənar
müxbiri kimi fəaliyyət göstərir.
Hazırladığı xəbərlər respublika qəzetlərində
çap olunur. Sonradan Lerik Rayon Partiya Komitəsinin təqdimatı
ilə Bakı Ali Partiya Məktəbində
jurnalistika şöbəsini
bitirən H.Vəliməmmədov
bir müddət rayonda partiya və sovet orqanlarında
məsul vəzifələrdə
çalışır.
1974-cü ildə
rayon qəzetinin rəhbərliyini
möhkəmləndirmək zərurəti yaranır. Tərəddüd edilmədən bu vəzifəyə Həmzə
Vəliməmmədov məsləhət
görülür. Yeni redaktor
ilk aylar çətinliklərlə
üzləşir. Mətbəədə
avadanlıq, redaksiyada ixtisaslı
işçilər az
idi. Amma bu, uzun çəkmir. Redaktorun təşəbbüsü
ilə yeni avadanlıq alınır, gənc işçilər
peşə məktəblərinə
göndərilir. Redaksiyaya savadlı
qələm sahibləri
cəlb edilir. Qısa müddətdə qəzet
tərtibatı və
materialların oxunaqlı
olması ilə seçilməyə başlayır.
1976-cı ildə isə Respublika Mətbuat Komitəsinin müsabiqəsində birinci
yeri tutub mükafata layiq görülür.
Yerli qəzetin tirajı ilbəil artdı. Fəhlə-kəndli müxbirlərlə görüşlər,
oxucular konfransları keçirildi. 1985-ci ildə müxbirlərlə
kütləvi işin
təşkilinə görə
qəzetə SSRİ Jurnalistlər
İttifaqının diplomu
verildi. 1987-ci ildə isə qəzet Azərbaycan SSR
Ali Soveti Rəyasət
Heyətinin fəxri fərmanı ilə təltif olundu. H.Vəliməmmədovun özü
“Qızıl qələm”
media mükafatını aldı,
1990-cı ildə kütləvi
informasiya vasitələrində
uzun illər səmərəli fəaliyyətinə
görə əməkdar
jurnalist fəxri adına layiq
görüldü.
Yeri gəlmişkən onu da qeyd edək
ki, H.Vəliməmmədov
tələbəlik illərində
xam torpaqlarda məhsul yığımında
fərqləndiyinə görə
Qazaxıstan SSR Ali Soveti
Rəyasət Heyətinin
fəxri fərmanı
ilə təltif olunmuş, adı respublika komsomolunun fəxri kitabına yazılmışdır.
10 il
rayon Mədəniyyət və
Turizm şöbəsinə
rəhbərlik edən
Həmzə müəllim
bu gün də qələmi yerə qoymur. Lerikdəki abidələr, el sənətkarları,
folklor, turizm mərkəzləri barədə
yazıları respublika
qəzetlərinin səhifələrində
dərc olunur. Onun təşəbbüsü ilə
Lerikdə Uzunömürlülər
muzeyi yaradılmışdır.
Buradakı eksponatların əksəriyyətini
o, kəndləri gəzib
toplamışdır. 2010-cu
ilin iyununda muzeyin yeni binasının
açılışına gələn Prezident İlham Əliyevə buradakı eksponatlar barədə məlumat vermişdir.
H.Vəliməmmədov Lerikin müharibə və əmək veteranları, Qarabağ döyüşlərində şəhid
olanlar haqqında kitabların müəllifidir. Qədim diyarın
dünəni və bu günü barədə çap etdirdiyi toplu da oxucular tərəfindən
maraqla qarşılanmış,
mətbuatda təqdir olunmuşdur.
Qocaman jurnalist cənub bölgəsində ağsaqqal
ziyalı, qayğıkeş
ailə başçısı
kimi tanınır. 10 övlad atası, 18 nəvə babasıdır.
Övladları arasında dövlət
qulluqçusu, yüksək
rütbəli zabit, müəllim, musiqiçi,
sadə peşə sahibi var.
Rayon Ağsaqqallar
Şurasının sədri
kimi Həmzə Vəliməmmədov ictimaiyyət
arasında nüfuz və hörmət sahibidir. Onun təşəbbüsü ilə ağsaqqalların
ad günləri keçirilir.
Şuranın fəaliyyət göstərdiyi
binada ahılların istirahəti üçün
nümunəvi şərait
yaradılmışdır. Ağsaqqallar
təşkilatına səriştəliklə
rəhbərlik etdiyinə
görə H.Vəliməmmədov
Azərbaycan Ağsaqqallar
Şurasının fəxri
fərmanı ilə təltif olunmuşdur.
Anadan olmasının 80 illiyi münasibətilə H.Vəliməmmədov
alim dostlarından, həmkarlarından, yaradıcı
ziyalılardan təbrik
məktubları və
teleqramlar almışdır. Akademik İsa Həbibbəyli yazır: “Həmzə müəllim tanınmış
və xidmətləri
olan ziyalıdır.
O, cənub bölgəsində
yerli mətbuatın, maarif və mədəniyyətin inkişafına
uzun illər əmək sərf etmişdir. O, həm Lerik rayonunun, həm də bütövlükdə cənub
bölgəsinin layiqli
ağsaqqalıdır. Bir
insan və dost kimi səmimi və etibarlıdır”.
Biz də
bu təbriklərə
qoşuluruq.
Seyran CAVADOV
Azərbaycan. - 2018.- 10 fevral.- S.7.