Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

 

Fevralın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan Baş nazir Artur Rasi-zadə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan Baş nazir, xüsusən kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, logistika, turizm sahələrində və humanitar sahədə birgə layihələrin səmərəliliyini vurğulayıb.

Sonra iranlı nazir nümayəndə heyətinin səfər müddətində keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verib.

Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm, ekstremizmterrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Baş nazir Artur Rasi-zadə, həmçinin bu kontekstdə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan Baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını diqqətə çatdırıb və münaqişənin yalnız beynəlxalq hüququn normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.

Öz növbəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmi bildirib ki, İran beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.- 22 fevral.- S.2.