Həm beşiyim, həm məzarım
mənim doğma torpağım
Qarabağ uğrunda
müharibənin başlanmasından
30 il keçir
Bəzən insan ağlı böyük həqiqətləri dərhal dərk edə bilmir!
Böyük həqiqətlər isə hərdən təsəvvürə gəlməz qədər sadə olurlar!
Həm də həqiqətə çatmanın zamana möhtac olduğu məqam da var.
Torpağı, suyu, odu, səmanı və Günəşi Allah yaradıb!
Bunlarsız yaşayış yoxdur!
İnsana yaşamaq haqqını da Tanrı verib!
Və ondan başqa kimsə “həyat” adlanan bu haqqı yaranmışların ən ucasından almalı deyil!
Amma hərdən alırlar:
Cinayət törətməklə!
Günaha batmaqla!
Tamahının quluna çevrilməklə!
Həddini aşmaqla, qudurmaqla!
Səbrini basa bilməyib əsəbini cilovlamamaqla!
Daha nə bilim, öz əməlinə haqq qazandırmaqdan ötrü uydurduğu min-bir “səbəblə”!
Dünya
yaranandan belə olub, indi də belədir, yəqin ki,
gələcəkdə də belə davam
edəcəkdir!
***
Dünyada hansı hadisə baş verirsə, torpağın üzərində, Günəşin altında və ya işığında, odun, yaxud suyun iştirakı ilə baş verir.
Bunların hamısı o qədər boldur ki, bəzən qədrini bilmirik!
Həm də hər birinin möcüzəli olduğunu dərk etmirik!
Günəşin istisi və işığı tükənməzdir...
Suyun yaratdığı möcüzələri saymaqla qurtarası deyil!
Havasız canlı varlıq yaşamır!
Od ram ediləndə həyat, silaha çevriləndə fəlakətdir!
Torpaq isə müqəddəsdir!
Bəs, adi
torpağı müqəddəsləşdirən nədir?
***
Yer kürəsinin üçdəikisi su, üçdəbiri torpaqdır.
Amma su da - ucsuz-bucaqsız dənizlər, okeanlar torpaq üzərində qərar tutur.
Əslində, dənizi və okeanı da “yaşadan”, saxlayan torpaqdır!
Torpağın üzərində göllər yaranır, çaylar axır.
Meşələr bitir, canlı varlıqlar yuva qurur, yem əldə edir, Allahın istədiyi və ya günah saydığı hadisələr baş verir.
Torpağa düşən kiçik toxumdan nəhəng palıd ağacı əmələ gəlir, rəngbərəng güllər-çiçəklər bitir, bütün canlıları yedirdən, geyindirən, yaşadan bol nemətlər yaranır.
Eyni torpaq gah acı, gah şirin meyvə, gah şəfaverici, gah zəhərləyici bitki, gah da ağlagəlməz dərəcədə müxtəlif rəngli və ətirli flora yaradır.
Bax bunlardır torpağın möcüzəsi: müxtəlif, gərəkli, yaşadan, artıran, həyat verən...
Sadaladıqlarımızın hamısı torpağın qeyri-adiliyini, təkrarsızlığını, gücünü, qüdrətini, imkanlarını göstərir.
Amma bunların heç biri nə təklikdə, nə də cəm şəkildə torpağı müqəddəsləşdirə bilmir!
TORPAQ VƏTƏNƏ
ÇEVRİLƏNDƏ MÜQƏDDƏS OLUR!
***
Yer üzərindəki torpaq nə artır, nə də əskilir!
Təzə torpaq istehsalı da mümkün deyil!
Odur ki, bineyi-qədimdən insanlar torpaqlarını artırmaq üçün müharibələr törətmiş, başqasına məxsus əraziləri ələ keçirməyə çalışmışlar!
Torpağın üzəri müharibə meydanına, ölüm-dirim savaşına çevriləndə növrağı çönür, ona tapınanlar min bir əziyyətə düçar olur, bəzən həyatdan məhrum olurlar!
Ən dəhşətlisi də odur ki, Vətəndən qaçaq, uzaq düşürlər!
Bu faciəyə düçar olanlara “qaçqın”, yaxud “məcburi köçkün”
deyirlər!
Təzə adları isə “miqrant”dır!
Amma nə ad qoysalar da, mahiyyətcə vətənsiz sayılan insanlardır.
Hətta bəzən
Vətəndə Vətənsiz
qalanlardır!
***
Torpağı müqəddəs
edən Vətəndir!
Vətən isə sərhədləri bəlli
olan torpaqdır!
Şərti işarələrlə
göstərilən həmin
“sərhəd” pozulanda
Vətən yaralanır,
ağrıyır, haray
salır!
Vətənin hər parçası, hər guşəsi əzizdir, müqəddəsdir!
Amma onun lap kiçik bir hissəsi var ki, o, bizə
daha yaxındır:
Ora doğulduğumuz
məkandır, göz
açdığımız evdir, beşiyimiz qoyulan otaqdır, göz açanda ilk dəfə gördüyümüz
həyətdir, ayaq açıb yeridiyimiz ilk küçədir!
İndi həmin
torpağa həm də “işğal olunmuş ərazi” deyirlər!
Dünya üçün
ora “işğal olunmuş ərazi” sayılsa da, bizim üçün hər şeydir!
ÇÜNKİ:
O torpaqda ilk dəfə ruhumuzu oxşayan ana laylasını eşitmişik!
O torpaqda məktəb illərimiz, əlifbanı öyrəndiyimiz
günlər tarixə
çevrilib!
O torpaqda ilk müəllimlərimiz, mehriban
qonşularımız, barlı
ağaclarımız, gül
kollarımız qalıb!
O torpaqda yerlə-yeksan edilən, başdaşları sındırılan
qəbirlərimiz durur!
O torpaqda bizi o yerlərə bağlayan xatirələrimiz
yaşayır!
“Məcburi köçkün” çağırılanların
hamısı bir zamanlar həmin torpağa gömüləcəklərini
güman edirdilər...
Heyhat! Bu adi istəyi də Tanrı hamıya qismət etmədi.
İndi ölkəmizin
bütün guşələrində
öz vəsiyyətlərinə
görə “müvəqqəti
qəbir”lərə qoyulanlar
“doğma qəbiristanlıq”dakı
əzizlərinin yanına
köçürüləcəkləri günü “gözləyirlər”.
Vəsiyyət sahiblərinin
boynumuzda çox ağır “babal yükü” var!
Onların son istəyini
gerçəkləşdirməliyik!
Həm də Tanrının dərgahına
şüğülzümmə getmək olmaz!
***
Torpağı müqəddəsləşdirən
həm də ora tökülən şəhid qanıdır!
İşğal altında qalan iyirmi faizlik ərazidə doğma Azərbaycanımızın xəritəsini
əks etdirən 20
min şəhid qanı
axıb.
Vətən torpağı
şəhidlər üçün
ipəkdən yumşaq,
ana qucağından rahatdır!
Şəhidlər də müqəddəsdir, çünki
müqəddəs torpaq
uğrunda canlarından
keçiblər!
Bununla da həm özlərini, həm də Vətəni ucaldıblar!
Nakam ömür yaşayan şəhidlərimiz
bizim boynumuza bir borc yükü
də qoyublar:
Onların candan əziz tutduqları Vətən torpağını
murdar ləpirlərdən
təmizləməliyik!
Həm də hamımız birlikdə, əl-ələ verərək!
Bu müqəddəs
borc, müqəddəs
missiyadır!
Bu yolda həmin şəhidlərin
cərgəsinə qoşulmaq
da şərəfdir!
Biz bunu bacarırıq!
Biz bunu bacarmışıq:
20 min şəhid
verməklə!
Aprel savaşında düşməni darmadağın
etməklə!
Müharibənin gedişində
dönüş yaradaraq
Cocuq Mərcanlıya qayıtmaqla!
Artıq bizim qüdrətli və vətənpərvər ordumuz
var!
Bizim İlham Əliyev kimi sərkərdəmiz var!
AZƏRBAYCAN OĞLU, BİR AN BELƏ UNUTMA SƏN:
Bu gün yağı düşmənin
viran qoyduğu Cənnət Qarabağ bizimdir!
Bizim olub!
Bizim olacaq!
O torpaqda qəribçilik çəkən
şəhidlər də
bizimdir!
Hər zaman Vətənə qürur və şərəf gətirən şəhidlər!
Biz Vətən sevgisilə güclüyük!
Biz yumruq kimi bir olub
düşmən üzərinə
gedəndə güclüyük!
Biz torpaq uğrunda döyüşəndə
məğlubedilməzik!
Beşiyimiz və məzarımız olan, müqəddəs bilib baş əydiyimiz Vətən bizdən kömək gözləyir!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2018.-22 fevral.-
S.1; 4.