Xocalı şahidləri danışır

 

XX əsrin faciəsi - Xocalı soyqırımı

 

Hər insanın həyatı, əslində, bir roman mövzusudur, deyiblər. Həm də yaşadığı dövrün aynasıdır. Və əgər eyni qisməti bölüşən çoxsaylı insanların bənzər taleləri, oxşar sevinc və xatirələri, yaxud kədərləri, faciələri qələmə alınarsa, bu, nəticə etibarilə mənsub olduqları xalqın da həyatının müəyyən dövrünü əks etdirər...

26 il öncə baş verən Xocalı soyqırımından salamat çıxmış insanların taleyi də faciəli romandır desək, heç də yanılmarıq. Onların yaşadıqları itkiləri, məşəqqətləri, hələ də davam edən iztirabları bir yerə toplayanda isə bu, artıq bütöv bir xalqın məruz qaldığı soyqırımının təsdiqinə çevrilir...

İllər keçəcək və erməni işğalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq, ən səhih səhifələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir. Demək, bu qanlı soyqırımını öz yaddaşında yaşadanları danışdırmalıyıq, dedikləri əsasında bu tarixi yazmalıyıq...

Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini... Əsirliyin fəlakətini yaşamasın... Hələ illər boyu dişlə-dırnaqla qurduqları xanimanlarının əllərindən zorla alınmasını, yandırılan, dağıdılan, xarabalığa çevrilən yurd-yuvalarını demirik. Odur ki, xocalılılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an vətən deyib sızlayırlar. Xocalı deyəndə nə düşünürlər, nələri və kimləri xatırlayırlar?

Xocalı acıları unudulan deyil! “Zaman bütün yaraları sağaldır”, “Torpağın üzü soyuq olur” deyilsə belə...

Xocalının həmsöhbət olduğumuz sakinlərinin hərəsinin öz həyat hekayəti, ürək dağlayan naləsi var...

Söz onlarındır, Xocalı soyqırımının şahidlərinin...

 

Soyqırımında üç övladımı itirdim

 

Sədaqət Hüseynova:

 

- 1980-ci ildə İsaq Ağayarov ilə ailə qurduq. Nəbi, Sevinc, Raman adında üç balamız vardı. Onun valideynləri ilə birlikdə yaşayırdıq. 1988-ci ildən başlayaraq bütün Xocalı sakinləri çox çətinliklər çəkdilər. İstər ərzaq sarıdan, istərsə də daim vahimə, səksəkə içində yaşamaqdan.

1992-ci ilin fevralında Xocalıda vəziyyət lap kəskinləşəndə qayınanam təkid etdi ki, uşaqları da götürüb vertolyot meydançasının yaxınlığında yaşayan bacımgilə gedim.

Çünki fürsət düşən kimi burada vertolyota minib Xocalıdan çıxmaq, uşaqları xilas etmək şansı yarana bilərdi. O zaman İsaq gecə-gündüz postda, ön mövqedə keşik çəkirdi.

Fevralın 25-dən 26-na keçən gecə tankların, pulemyotların təkcə atəşindən yox, səsindən, nəriltisindən də yer-göy titrəyirdi. Ev sanki bu dəqiqə uçub töküləcəkdi. İki bacı bir-birimizin üzünə baxdıq və heç nə demədən elə baxışlarımızla bir-birimizi başa düşdük. Çıxmaq lazım idi. Yeddi uşaqla yola çıxdıq. Qarqar çayına üz tutduq.

O vaxt 33 yaşım vardı. Bacım Sara isə məndən iki yaş böyük idi. Xocalıda doğulub böyüdüyümüzdən hansı səmtdə hansı bölgənin yerləşdiyini də yaxşı bilirdik. Ağdam tərəfə yollandıq, lakin qaranlıq və şaxta bizi necə karıxdırırsa, hava işıqlaşanda az qala Xankəndiyə çatdığımızı gördük. Yolu dəyişəndən sonra böyük bir dəstə ilə rastlaşıb ona qoşulduq. Abdal-Gülablıya çatmağa az qalmış ermənilərin atəşlərinə məruz qaldıq. Öndə gedən cavan oğlanlar, kişilər işarə ilə bildirirdilər ki, irəliyə gəlməyin.

Artıq beş gün beş gecə idi ki, ac-susuz çöllərdə, meşələrdə idik. Uşaqlar yemək, su istəyirdilər. Tez-tez soruşurdular ki, bəs atamız hanı? Niyə gəlib bizə kömək etmir?

Bu zaman İsaq isə başqa bir səmtdə faciə yaşayırdı. O, evə dönəndə artıq uşaqları da götürüb Saragilə getmişdim. İsaq isə atasını qabağa salıb anasını kürəyinə götürərək odun-alovun içindən birtəhər çıxmışdı.

Biz pərən-pərən düşmüşdük. Bilirdim ki, İsaqın macalı olsa, mütləq özünü bizə çatdırar. Amma uşağı necə başa salasan?.. Taqətdən düşmüş bacım birdən-birə qarın üstünə çökdü. Ona yalvardım ki, Sara, qalx, uşaqları bu zülümdən qurtaraq. Onu qaldırmağa çalışdım. Amma artıq gec idi... Bundan sonra təbiətin və taleyin amansız şaxtası mənim gözümün qarşısındaca ömür çiçəyimin üçünü də soldurdu. Bacımın üç ciyərparası da kol dibində donub qalmışdı. Son gücümü toplayaraq Saranın salamat qalmış böyük qızının əlindən tutub irəliləməyə çalışdım. Bundan sonra nələr olduğu yadımda deyil. Gözümü açanda özümü Ağdam hospitalında gördüm. Orada ayaqlarımı əməliyyat edərək don vurmuş barmaqlarımı kəsmişdilər.

Artıq iki ay idi xəstəxanada müalicə olunurdum. Bir gün tibb bacısı gəlib dedi ki, səni dəhlizdə bir kişi gözləyir. İsaq idi, məni çox çətinliklə axtarıb tapmışdı. Ondan xahiş etdim ki, çıxıb getsin. Üzünə də baxa bilmirdim. Elə bilirdim bundan sonra bizim birgə həyatımız artıq mümkün deyil. Lakin İsaq bu təklifi yaxına belə buraxmadı. Deyirdi, bu müharibə elliklə hamımız üçün gəlib, tək ikimizin faciəsi deyil.

 

Həyat yoldaşım, bir övladım, iki qardaşım və bir qardaşım oğlu Xocalıda şəhid oldu

 

Fitat Məmmədova:

 

- Ailədə 8 övlad - 6 qardaş, 2 bacı olmuşuq. Həmin gecə Ağdamda xəstəxanadaydım. Yurdumuz Qaraqaya deyilən yerdə idi. Faciə zamanı anam bir gecə girov qalıb. O qayıdıb gələndə dedi ki, uşaqların hamısını öldürüblər. Çıxanda ikisinin meyitini asfaltın üstündə görüb. Qardaşımın birini meşədə öldürüblər. Təpənin arxasında gizlənibmişlər. Qardaşım anama deyib ki, mən çıxıb onların başını qatacam, siz keçin. Çıxan kimi alnından atıblar. Anam həmin vaxt oturub yanında qalmışdı. Bu vaxt o biri qardaşım gəlib çıxıb. Anama deyib ki, dur gedək, indi gəlib bizi də vuracaqlar, sonra hansı yolla olur-olsun gəlib qardaşımın meyitini götürəcəm. Anam deyib ki, yox, oğlumu qoyub heç yerə gedə bilmərəm. Onun üstündəki silahı götürüb gizlədib ki, ermənilər gəlib onun hərbçi olduğunu görməsinlər. Xocalıdan çıxanda anamgilə əl qumbarası vermişdilər ki, əsir düşsəniz, özünüzü partladın. Yazıq anam onu qoynuna qoyubmuş, qardaşım nə qədər eləyib, anam gəlməyib, qolundan tutub çəkəndə anam dağdan yumalanıb. Həmin əl qumbarası anamın sinə sümüyünü qırıb. Uzun müddət bunun əziyyətini çəkdi. İndi anamın 87 yaşı var, amma hər gün onun əzabını çəkir. Elə orada da bunları mühasirəyə alıb əsir götürürlər...

Anamgili oraya gətirəndə görüblər ki, yoldaşım Rasim də buradadır. Yoldaşımgil başqa qrupla hərəkət edirmişlər. O qrupdan yalnız Valeh adında oğlan sağ çıxa bildi. O deyir ki, yoldaşımı orada ağır işgəncə ilə öldürüblər. Diri-diri, bağırda-bağırda ürəyini çıxarıblar. Vasif adlı qardaşımı da orada öldürüblər.

Qardaşım Vasif əsirlikdə olanda anama deyib ki, ana, bizi buraxmayacaqlar, gözünün qarşısında bizi öldürsələr də, dillənmə, ağlama, səs salma, ətimizi kəsib versələr də, ye. Yoxsa bizim gözümüzün qabağında sənə işgəncə verəcəklər ki, bu da bizim ürəyimizi partladacaq. Vasif balalarını anama əmanət edib getdi.

Əsirlikdə ermənilər yoldaşımdan soruşublar ki, “Alazan” atanlar kimlər olub. Qardaşımla yoldaşım deyib ki, qadınları buraxın getsinlər, biz deyərik. Belə də ediblər, bir qrupu buraxırlar. Anam da həmin qrupla gəlmişdi. Yoldaşımgil deyiblər ki, “Alazan” atan biz olmuşuq. Ona görə də onları çox işgəncə ilə öldürüblər. Meyitləri gələndə yoldaşımın corabının altı ayaqqabı altı kimiydi. Piyada, ayaqyalın nə qədər getmişdisə, ayağının altı daşlaşmışdı. Özüm adyalın altından onun əllərini çıxartdım, əlinin içindən güllə ilə atmışdılar, üstdən parçalayıb çıxmışdı. Əllərinin üstündə cığır açan qan qurumuşdu.

Xocalı faciəsindən əvvəl, dörd il boyunca qorxu, vəlvələ içində yaşamışıq. Ermənilər dörd bir tərəfdən Xocalını mühasirəyə almışdılar. Gecələr güllələri nə təhər yağdırırdılarsa, hərə bir tərəfə qaçırdı. Bir gecə bizi raketlə necə bombardman etdilərsə, neçə gün kənddən barıt iyi gəldi. Zəhərlənənlər, ölənlər var idi. Həmin vaxt mənim 2 yaşlı oğlum da zəhərlənib öldü. Qardaşım oğlunun isə 17 yaşı vardı. O öz pulu ilə əsgər forması alıb geyinmişdi. Ona dedik ki, ay bala, sən məktəblisən, geyinmə onu. Nə qədər elədik, xeyri olmadı. Atası Xocalıda yox idi, Rusiyada işləyirdi. Oğlu atasının əvəzinə torpağı qorumaq istəyirdi. Axırı mümkün olmadı, dedik ki, döyüş, amma formanı geyinmə. Yenə xeyri olmadı. Bax, əynindəki o formaya görə ermənilər onu əsgər bilib güllələmişdilər. Meyitinə baxanda bədənində düz 17 güllə yarası gördük. Hər dəfə fevral ayı gələndə qanımız quruyur.

 

Ermənilər məni əsirlikdə közdə qovurub, buzla yandırıblar, qanıma qəltan edib şikəst qoyublar

 

Hüseynağa Quliyev:

 

- Ailənin tək oğlu idim. İki yaş yarımında olan əkiz oğlanlarım vardı. Post komandiri idim. Fevralın 25-də postda olarkən bir də gördüm zirehli texnikaların səsi gəlir. Ermənilər Xocalını mühasirəyə almağa başladılar. İki-üç saat keçmişdi ki, dəhşətli gülləbaran başladı. Ahıska türklərinə tikilən 200-ə yaxın evlərin hamısını darmadağın etdilər. İnsanlar artıq qaçmağa başlamışdılar. Tanklara, PDM-lərə qarşı avtomat silahlarla heç nə edə bilməyəcəyimizdən məcbur olub geri çəkildik. Evə çatdım ki, heç kim yoxdur. Dedilər, ailə üzvlərim camaata qoşulub gedib. Gəlib kəndin ayağında anamı, ailəmi tapdım.

Bir qədər irəli getmişdik ki, ermənilər dinc əhalini mühasirəyə aldılar. Dedilər, silahı yerə qoyun. Mən təslim olmaq istəmirdim. Çünki bilirdim ki, ələ keçsəm, onsuz da öldürəcəklər. Həm də hərbçi kimi təslim olsam, vətən xaini olacaqdım. Ölmək barədə düşünmürdüm, fikrim yalnız burdan sağ çıxmaq idi. Ona görə də silahı atmadım. Qarşımızda kiçik qaya vardı. Qayanın arxasından çıxıb onlardan birini vurdum, digərləri dərhal gizləndilər. Aşağı baxmadan qayadan tullandım. Qarın çoxluğu hesabına sağ qaldım. Bir qədər dayandım, sonra durub meşə tərəfə irəlilədim. Bir az getmişdim ki, yanımda nəsə partladı və huşumu itirdim. Ayılanda gördüm ki, üz-gözümdə qan yoxdur. Amma ayaqlarım getmir. Sən demə, hər iki ayağımı qəlpə deşib keçib. Güc-bəla ilə birtəhər getmək istədim. Amma ermənilər yuxarıdan məni görüb vurdular...

Ayılanda gördüm ki, ətrafım ermənilərdi. Məni sürüyə-sürüyə harasa saldılar və dedilər ki, hərbçi gətirmişik. Öncə məndən soruşdular ki, hərbçisən? Dedim xeyr, hərbçi deyiləm, fəhlə işləyirdim, ona görə bu paltarı geyinmişdim. İnanmadılar və 5-6 nəfər yenidən huşumu itirənə qədər vəhşicəsinə məni döydü. Bir də ayıldım ki, səhərdir. Donuz fermasındayam. Ailəm, qayınatamgil də burdadır. Əynimdəki hərbi gödəkcə yox idi. Düşündüm ki, ermənilər çıxarıb. Amma qayınatam dedi ki, gödəkcəmi onlar çıxarıb. Sən demə, ermənilər məni ölənə qədər döyüblər və elə biliblər ki, artıq ölmüşəm və yanan ocağın üstünə atıb gediblər. Qayınatam məni alovun içindən çıxarıb. Üst paltarımı dərhal soyundurublar. Əlim, ayaqlarım yanmışdı.

Hər gün saatlarla mənə işgəncə verirdilər. Daşla, armaturla sümüklərimə elə zərbələr vururdular ki, günlərlə özümə gələ bilmirdim. Bayırda buzdan işgəncə meydançası yaratmışdılar. Məni qanıma qəltan etdikdən sonra aparıb həmin buzun üzərinə qoyurdular. Aldığım zərbələrin ağrısı həmin buzun yanğısı qədər mənə acı çəkdirmirdi. Çünki buz parçasının üzərində bir qədər qaldıqdan sonra sanki bədənimin həmin hissəsini kəsirdilər. Birtəhər çevrilirdim, digər hissəm alışıb yanmağa başlayırdı. Kənardan baxıb gülürdülər.

Erməni qadınlar gəlib cavan və bir az salamat olan gəncləri seçirdilər. Həmin oğlanları aparıb atalarının, qardaşlarının qəbirlərinin üstündə başlarını kəsirdilər. Bir gün məni də bir dəstənin içində qadınlara təhvil vermək istədilər. Amma qadının biri dedi ki, bunu istəmirəm, bu, artıq ölüdür. Çünki çənəmi, burnumu, qabırğamı, ayaq barmaqlarımı sındırmışdılar. Salamat yerim qalmamışdı.

Cavanlardan bir mən qalmışdım, bir də Faiq. Bir gün Faiqi bayıra çıxarıb ona 32 güllə vurdular. Edik adlı erməni içəri daxil olub mənə tərs-tərs baxdı. Yaxınlaşıb avtomatın lüləsini ağzıma necə soxdusa, dilimi uddum, bütün dişlərim qırılıb ağzıma töküldü. Qanım su yerinə axırdı. Dedi ki, çıxarın bayıra, bunu güllələyəcəyəm. Bayıra çıxanda gördüm ki, Faiq hələ can verir. 5-6 əlisilahlı erməni vardı. Dedim, icazə verin onun çiynini divara söykəyim, canını tapşırsın. İcazə verdilər. Amma yanıma bir erməni gəldi. Faiqin kürəyini divara söykəyib yapışdım erməninin silahından. Çəkib silahı əlindən almışdım ki, arxadan başımdan armaturla vurdular və yenə huşumu itirdim.

Bu vəziyyətdə mənə nə qədər zərbə vursalar da, heç birini hiss etməmişəm. Axırda Edik deyib ki, aparın kəsin başını. İki erməni məni sürüyə-sürüyə aparıb. Yolda elə biliblər ki, ölmüşəm və qarın üstünə atıb qayıdıblar. Sonra kimsə məni götürüb girovların saxlandığı yerə gətirib.

Əsirlikdə keçən 26-cı gün saxlandığımız yerə kimsə gəlib məni soruşdu. Cavab verməyə halım olmadı. Bir az keçmişdi ki, həmin adamlar bir də gəldilər. Dedilər ki, Hüseynağa kimdirsə, cavab versin, onu dəyişirlər. Əlimi havaya qaldıra bilmədim. Yanımdakılar dedilər ki, burdadır. Baxdılar ki, artıq iş işdən keçib. Dedilər eybi yoxdur, təhvil verənə kimi sağ qalsın, bəsdir. Beləcə, gətirib məni dəyişdilər.

Ağdama keçəndə heç 20 metr gedə bilmədim, yıxıldım. Elə biliblər ki, artıq canımı tapşırmışam. Ona görə də aparıb Ağdamda meyitxanaya qoyublar. Üzərimə mələfə salıblar. Dayımla anam meyitxanada məni tapıblar. Dayım mələfəni qaldırıb ağlayaraq yenə üstümə çəkib. Üzümə işıq düşdüyünü hiss edirdim, amma dillənib “sağam” deyə bilmirdim. Anam qışqırır ki, balamın qarnı tərpənir, sağdı, sağdı...

Dayım əlini burnuma tutdu və gördü ki, nəfəsim gedib-gəlir. Dərhal Bakıya apardılar. Xəstəxanada dedilər ki, bir neçə gün ömrü qalıb. Çünki isti məni vurduqda başım, bədənim şişdi, gözlərim tutuldu. Amma Tanrı mənə ikinci ömür verdi. Balalarımı, həyat yoldaşımı da yaşadığım acılara görə mənə bağışladı. Ailəm də sağ-salamat dəyişdirildi.

 

İki övladım yoldaşım ilə donub öldü, bir qızımın isə qorxudan ürəyi partladı

 

Qaryağdı Quliyev:

 

- Böyük ailəm vardı, 2 oğul, 3 qız atası idim. Sovxozda işləyirdim. Fevralın 25-i günü axşam növbəsində idim. Gördüm ki, Xocalının ətrafındakı yüksəkliklərdən hərbi texnikanın səsi gəlir. Elə bildim təlim keçirlər. Hər yerdə post qurulmuşdu. Başladılar şəhəri güllə, mərmi yağışına tutmağa. Ahıska türkləri üçün tikilən evləri vurub darmadağın etdilər. İnsanlar evlərindən çıxıb qaçmağa başladılar.

Faciədən bir neçə gün öncə böyük oğlum Bərdəyə getmişdi. Evdə 6 nəfər qalmışdıq. Vəziyyətin gərginləşdiyini görüb evə qaçdım. Uşaqlar məni gözləyirdilər. Həyat yoldaşımın bacısı Sədaqət və 3 uşağı da bizdə idilər. Paltarlarımızı geyinib evdən çıxdıq. Ermənilər Əsgəran istiqamətindəki yolu bağlamışdılar. Ona görə də yaxınlıqdakı dağa tərəf hərəkət etdik. Çayı keçib meşəyə girdik. Üz tutduq Kətik kəndi tərəfə. Burada 500 nəfərə yaxın adam vardı. Bir qədər getmişdik ki, dedilər, yuxarıda ermənilər pusqu qurub. Üz tutduq başqa istiqamətə. Bu dəfə Dəhraz kəndi istiqamətinə çıxanda ermənilər atəş açdılar. İnsanların çoxu orada həlak oldu. Meşədə gizləndik. Uşaqlar artıq soyuqdan donurdular. Bir nəfər Ağdamın Gülablı kəndinə gedən yolu tanıyırdı. Ona qoşulub getdik.

Gecə gördüm ki, qardaşım Tahir yaralı vəziyyətdə bizə tərəf gəlir. Birlikdə hərəkət etməyə başladıq. Amma Tahir çoxlu qan itirmişdi. Yalvardı ki, məni qoyub gedin. Vicdanım yol vermədi. Qardaşımı o vəziyyətdə necə qoyub gedə bilərdim?!

Ailəmə dedim ki, siz camaata qoşulub gedin, biz arxanızca gəlirik. Beləcə, qardaşımla 3 gün meşədə qaldıq. Sonra Dəhraz kəndinə tərəf qayıtdıq. Yuxarıdan baxdım ki, yolda maşın izi var və bu izlə xeyli gedib Gülablıya çatdıq. Kiçik qardaşım Qarsalan Ağdamda yaşayırdı. O da Gülablıya gəlmişdi. Uşaqları soruşdum, dedi gəlməyiblər. Tahiri ona təhvil verib geri qayıtmaq istədim. Qarşımı kəsib yalvardı ki, getsən, sən də sağ qalmayacaqsan. Dedim, ailəmi əsir götürüblərsə, mən də onların yanında olum. Sən demə, həmin vaxt ailəm erməninin əlində yox, Allahın dərgahında imiş...

Meşə istiqamətindən gələn yox idi. Artıq bacarıb keçən keçmişdi, qalanı isə həlak olmuşdu. Uşaq kimi ağlayırdım. Amma Gülablıda 16 yaşlı qızım Şəhla ilə xalası Sədaqəti görəndə bir az toxtadım. Elə bildim hamısı salamatdır. Qızım ağlaya-ağlaya 4 gün meşədə yaşadıqları müsibəti danışanda isə dağlar başıma uçdu sanki.

Sən demə, məndən ayrıldıqdan sonra ailəmin, baldızımın və 3 uşağının birgə hərəkət etdiyi dəstə erməni pusqusuna düşür. Qadınların böyük əksəriyyətini ermənilər güllələyir. İnsanların fəryadı, qarın üzərində su yerinə axan qan 14 yaşlı qızım Rəvanəni vahiməyə salır. Yazıq qızcığazın qorxudan ürəyi partlayır. Yoldaşım uşağı qarla basdırır. İnsanlar pərən-pərən düşürlər. 3 uşağı yedəyində qalan çarəsiz yoldaşım və baldızımla 3 uşağı meşədə gizlənməli olurlar. Yanlarında qonşu kənddən olan qohumlarım da varmış. Rəşid kişi görür ki, qadınlar, uşaqlar soyuqdan donub ölürlər. Ona görə də kiçik oğluna deyir ki, gedib ermənilərə təslim olsun və desin ki, meşədə insanlar qırılır, onları da götürün. Düşünür ki, bəlkə əsir düşsələr, onları girovluqda olan ermənilərlə dəyişə bilərlər. Oğlu atasının dediyi kimi edir. Gedib əsir düşür. Amma onu tutan kimi o qədər döyürlər ki, huşunu itirir və sözünü deyə bilmir. Ayılanda görür ki, fermada əsirlərin yanındadır. Ermənilərə hadisəni danışır. Onlar da deyirlər ki, gedib gətirərik. Ancaq meşəyə gedən olmur...

Yoldaşım Sara 11 yaşlı Nuranəmi, 7 yaşlı Şükürümü bağrına basıb qorumağa çalışır. Amma şaxta onların hər üçünü buz heykələ döndərir. Baldızım Sədaqətin də 3 gül balası (12, 7 və 4 yaşında qızlar) soyuğa tab gətirə bilmir. Ananın gözü qarşısında 3 balasının dəhşətli şəkildə ölməsindən ağır nə ola bilər?!

7 uşaqdan cəmi biri - 16 yaşlı qızım Şəhla sağ qalır. Balalarını itirən xalası görür ki, Şəhla sağdı və onu götürüb meşə ilə hərəkət etməyə başlayır. Ermənilər artıq heç kimin sağ qalacağına inanmayıb geri çəkilirlər. Sədaqətlə Şəhla meşədən enərək üzümlüklə Gülablıya gəlib çıxırlar.

Sinəmə çəkilən bu dağ hər gün mənə olmazın əzab verir. Qardaşımı qoyub gedə bilmədim, amma 3 balamı, həyat yoldaşımı itirdim. Qardaşım Tahir müalicə olunub sağalsa da, 3 aydan sonra, may ayında mənim ailə faciəmə dözə bilmədi...

 

İşgəncəyə dözməkdənsə, ölməyi arzulayırdım

 

Yaşar Əliməmmədov:

 

- Fevralın 25-i günü tankların, zirehli texnikanın səsi eşidilirdi. Biz üç qardaş idik Xocalıda. Hər üçümüz növbə ilə postlarda dayanırdıq. Hücum başlayanda fermaya yaxın dəmir yolu ərazisində 1-ci postda idim. Şəhəri zirehli texnika ilə atəşə tutdular, aeroportu yandırdılar. Yanğın başlayanda əhali qaçmağa başladı. Başqa çıxış yolu yox idi, hər tərəfdən güllə yağışı gəlirdi. Postdan tez evə yollandım. Gecədən xeyli keçmiş evdən çıxdıq.

Təxminən 60-70 nəfər qarın içərisində meşə boyu yuxarı irəlilədik. Birdən ermənilərlə rastlaşdıq. Atəş açmağa başladılar, bir neçə nəfər həlak oldu, yaralandı və qalanları meşəyə səpələndi. Oğlum Sirac başqa tərəfə, mən başqa tərəfə yuvarlandıq. Bir az keçdi, atəş dayandı. Qalxdım ayağa, bir az qabağa getdim ki, ailəmi tapım. Sirac qardaşım Faiqlə idi. Gördüm ki, qarda ləpirlər var, amma insanların səsi gəlmir. Çağırdım, heç kim hay vermədi. Bərk qışqırdım. Onda atəş açmağa başladılar. Bu zaman mən və yanımdakılar üzüaşağı yuvarlanmağa başladıq. Xeyli geri düşməli olduq. Yenə ölənlər, yaralananlar oldu. Mən dözə bilmədim. Tək bir balam üçün onlardan ayrılıb üzüyuxarı irəlilədim. Dedim ki, heç olmasa, 6 yaşlı balamın meyitini də olsa götürüm. Sağ qalsam, bu əzabla yaşaya bilmərəm.

Qalxdım üzüyuxarı, gördüm iki ayaq izi var. Xeyli getdim, birdən qulağıma səs gəldi. Yaxınlaşdım ki, 3 nəfər Xocalı sakinidir. Birlikdə meşədən çıxdıq. Azmışdıq, yolu da tanımırdıq. Birdən arxamızdan səs gəldi, dayandıq. Gördük ki, gələn mənim həyat yoldaşımdı. Soruşdum ki, Sirac hanı? Dedi ki, ermənilər atəş açanda Sirac əmisi Faiqin qucağında idi. Hərə bir tərəfə düşdü. Mən də sən düşən istiqamətə tərəf gəldim. Axtardım, tapmadım. Bir az gözlədim, sonra ayaq izləri ilə bu istiqamətə doğru gəlməyə başladım. Yoldaşımın ayağında ayaqqabı da yox idi. Qarın içi ilə bu qədər yol gəlmişdi. Jiletimi çıxarıb, bıçaqla kəsib ayaqlarına doladım.

Bir az irəliləmişdik ki, hər tərəfdən ermənilərin gəldiyini gördük. Yenə özümüzü verdik meşəyə. Nə qədər qaçdıqsa, xeyri olmadı. Bizi girov götürdülər, gətirib fermada tövləyə saldılar. Gördüm ki, atam, qayınatam, qardaşlarım Faiq, Namiq, oğlum Sirac da burdadır. Gözümün önündə insanlar öldürülür, başının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı köməksiz halda bu səhnələri görmək dəhşət idi. Ayaqları don vurmuş, ölümcül halda olan qadınları yığdılar bir maşına ki, aparın bunları dəyişin. Onların içərisində mənim də həyat yoldaşım var idi. Oğlum Siracı da anası ilə göndərmək istədilər, amma uşaq “Ata, ata” deyərək o qədər ağladı ki, axırda məcbur qalıb mənə verdilər. Anası ilə getmədi.

Orada mənə çox əzab verdilər. Avtomatın qundağı, dubinka, dəmir parçası ilə elə vururdular ki, huşumuzu itirirdik. Qardaşım Namiq rus dilini bildiyi üçün Əsgəran rayonunun katibi Saşa Fomin onu özünə sürücü götürmüşdü. Ermənilər onu yaxşı tanıyırdılar. Buna görə də gəlib onu fermadan apardılar. İndiyədək ondan heç bir xəbər yoxdur.

İki gün orada qaldıq. Siracı əlimdən almaq istəyirdilər. Mən isə onu bərk-bərk qucaqlayıb vermək istəmirdim. O qədər vurdular ki, axırda halım qalmadı və məcbur olub uşağı buraxdım. Bir nəfər Siraca baxıb ermənicə dedi:

- Nə yaxşı uşaqdır bu. Yaxşısı budur bunu Yeravana yollayaq.

Onlar bilmirdilər ki, mən ermənicə bilirəm. Uşağı ağlada-ağlada apardılar. Durub arxasınca getmək istədim. Arxadan necə vurdularsa, yerə yıxıldım və çarəsiz halda ağlamağa başladım.

Bu halda Samvel adlı erməni içəri girdi. Bu erməni Əsgəranda yaşayırdı. Maşın ustası idi. Mən maşınımı həmişə ona düzəltdirirdim. Məni gördü və yaxınlaşdı. Dedi ki, qorxma, səni burdan çıxardacam. Siracı da gətirib sənə verəcəm. Üz-gözümə baxıb ağladı və bayıra çıxdı. Bir qədər keçməmiş Siracı qucağında gətirdi. Oğlumun sanki bağrı çatlayırdı və mən də özümü saxlaya bilmirdim. Onu bağrıma basıb hönkür-hönkür ağlayırdım. Çarəsiz bir atanın düşdüyü vəziyyət çox dəhşətli səhnə yaratmışdı. Bir neçə saatdan sonra Samvel gəldi və dedi ki, uşağı da götür gəl, sizi aparıram dəyişməyə. Dedim axı qardaşlarım, qohumlarım burdadır. Dedi ki, mən səni apara bilərəm, vəssalam. Bizi “UAZ” markalı maşına mindirdilər. İçəridə çoxsaylı qadın, uşaqlar var idi.

Samvel bizi Əsgəran istiqamətinə apardı. Postun yanında bizi saxlatdılar. Xeyli rus əsgərləri var idi. Dedilər ki, sizi burada qıracaqlar. Birdən gördüm ki, iş yoldaşım erməni Qarik də ordadır. Yaxınlaşıb mənə dedi ki, Yaşar, bəs deyirdin Qarabağ bizimdir. Nə oldu, görürsənmi bu torpaqlar kimindir? Sənin evin də mənə qaldı. Hər şey bizimdir. Yenidən bizi “UAZ”a mindirib apardılar. Xocalının içərisindən keçdik. Bütün yol boyu insan cəsədləri idi. Yollarda qan su kimi axırdı. Ermənilər Xocalını talan edirdilər.

Bizi aparıb Əsgəranda Ərminəvan deyilən ərazidə uşaq bağçasına yığdılar. Bütün ermənilər gəlib bizi təhqir edir, vurur, söyürdülər. Sonra bizi Əsgəranın müvəqqəti saxlama məntəqəsinə gətirdilər. Orada isə Karo adlı erməni məni gördü və dedi ki, səni tanıyıram. Karo Əsgəran rayonunda yanğından mühafizə idarəsinin rəisi idi. Dedi ki, maşınla keçəndə mən daş atmışam və onun başı yaralanıb. Ona görə də məndən heyifini almalıdır. Məni bir otağa gətirdi. Otaqda hər tərəf qan idi. Bildim ki, bura işgəncə otağıdır. Hiss etdim ki, məni bu otaqda öldürəcək.

Sirac məndən ayrılmaq istəmirdi. Uşağa necə şillə vurdusa, 2-3 metr kənara yuvarlandı və huşunu itirdi. Tapançanı çıxarıb başıma dayadı. Yanında yekəpər bir erməni vardı. Boynumun arxasından necə vurdusa, yerə sərildim. Yıxılanda saçımdan tutub kürəyimin arxasına vurmağa başladı. Sonra dubinkanı götürüb 50-60 zərbə endirdi. Huşumu itirdim. Mən pis vəziyyətdə olanda içəri bunların komandiri Vitali Balasanyan daxil olar və görər ki, yerdə uzanan mənəm. Vitali ilə mən birgə restoranda işləmişik. Bir yerdə böyümüşük (Deyirlər ki, hazırda Ermənistanda general rütbəsindədir). O, Karoya deyər ki, Yaşarı öldürməyəcəksən. Məni sürüyə-sürüyə digər otağa keçirirlər. Sirac da həmin otaqda imiş.

Birdən atəş səsləri gəldi. Sən demə, Karo əsəbindən keçib o biri otaqda qardaşım Faiqə işgəncə verib. Sonra boğazından və ürəyindən tapança ilə vuraraq qətlə yetirib. Faiqin 23 yaşı vardı. Tələbə idi. Səhəri gün Vitali gəlib mənə dedi ki, sizi dəyişməyə aparırlar. 20 nəfər idik. Əsgərlərin arası ilə bizi aparırdılar. Təpik vurur, avtomatın qundağı, süngü, bıçaq, taxta parçası ilə zərbələr endirirdilər hamımıza. Əllərimi qabağa verib Siracı qoruyurdum ki, uşağa zərbə dəyməsin. Qollarıma, ayaqlarıma o qədər vurdular ki, tamam keyimişdim. Birtəhər maşına mindirib gətirdilər Ağdamla sərhədə və orada bizi təhvil verdilər. Beləcə, mart ayının 2-də əsirlikdən qurtulduq. Qardaşım Faiqi Ağdamda dəfn etdik. İndi onun da məzarını ziyarət edə bilmirik. Namiqdən isə indi də xəbər yoxdur.

 

Həmin gecə iki qardaşımı, atamı və anamı itirdim

 

 Sevda Kərimova:

 

- Böyük qardaşım Feyruz Kərimov leytenant rütbəli zabit, Soltan isə polis serjantı olub. O gecə Soltan növbədə idi. Fevral ayının 25-nin gecəsinə kimi maşın qarajında qalırdıq, ev üzü görmürdük. Ermənilərin yaşadığı Noraguh kəndi ilə Xocalı üz-üzəydi. Bir gün qabaq gəlinimizlə qarajdan evə gedirdik ki, ərzaq gətirib yeməyə bir şey hazırlayaq. Bizi Noraguhdan atəşə tutdular, evə gedə bilmədik, qaldıq qarajda. Heç kimlə əlaqə saxlaya bilmirdik. Səhər birtəhər evə gəldik. Yerli xocalılılar hər tərəfi, yol-yolağanı tanıyırdılar, amma biz - Ermənistandan gələnlər heç yana bələd deyildik. Ona görə də qoşulduq onlara. Atamı elə evdə yaralı qolundan və kürəyindən vurmuşdular. Bir ay bu hadisədən öncə anamı da evdə corab toxuduğu yerdə yaralamışdılar. Noraguhdan atılan güllə divarı deşib anamın qoluna dəymişdi. O gecə qardaşım Feyruz mənə dedi ki, sən anamı apar, mən də atamı gətirim.

O gecə səhərə kimi meşədə yol gəldik. Səhər açılanda Naxçıvanikdə erməni yaraqlıları qabağımızı kəsdilər. Feyruz silahlı idi, mənə əmr etdi ki, qaç! Qabaqda meyitləri görəndə istədim ki, qışqırım. Bura sonuncu post idi. Ağdamdan kömək gəldiyi üçün ermənilər geri çəkildilər. Bizi ağdamlılar xilas etdi. Bizimlə birlikdə gah xəstəxanaya gedirdilər, gah məscidə, gah da qərargaha. Hər kəs öz itkinini, əsir-girovunu, yaralısını axtarırdı. Hamının başı qarışıq idi öz dərdinə.

Qardaşım Soltan bir erməni polisini vurduğu üçün saqqallılar bunu unutmamışdılar. Ona görə də onu axtarırdılar. Soltan həmin günlər camaatın mühasirədən çıxmasına kömək edirdi. Soltan bizim dəstəni də çıxarıb geri qayıtdı ki, o birilərinə də kömək etsin.

Fevralın 25-də vurulmuş ata-anamın və qardaşım Feyruzun meyitləri martın 21-də, Novruz bayramı günü Ağdama gətirildi. Mingəçevirdə Əli qəbiristanlığı var, əzizlərim orada dəfn edildi.

 

Həyat yoldaşımı itirdim, qardaşımdan isə hələ də xəbər yoxdur

 

Südabə Cavadova:

 

- Üç oğlan, üç qız olmaqla altı övlad anasıyam. Böyük oğlum atasının yanında olduğundan onun şəhid olduğunu görüb. Faciədən bir ay əvvəl qardaşımla birgə ailəmiz Əlif Hacıyevin köməyi ilə Xocalıdan çıxdı. Xocalıda dörd nəfərimiz - qardaşım və onun böyük oğlu, həyat yoldaşım və bizim böyük oğlumuz qaldı. Getdikcə vəziyyət pisləşirdi. O ərəfədə tez-tez Xocalıdan Ağdama gedib-gəlirdik ki, uşaqlardan bir xəbər öyrənək. Növbəti dəfə Ağdama ərzaq almağa getmişdik. Elə oradaca eşitdik ki, Xocalıda dəhşətli qırğınlar törədilib.

Oğlum deyir ki, Xocalıda yeraltı sığınacaq düzəltmişdilər. Atışma şiddətlənəndə uşaqları ora yığıblar. Yoldaşımla qardaşım isə çöldə gözləyiblər. Uşaqlar görüb ki, ermənilər artıq sığınacağa girirlər. Onlar uşaqları oradan çıxarıb aparanda oğlum görür ki, çöldə xeyli sayda meyit var. Baxıb ki, atası da meyitlərin içərisindədir. Həmin vaxt qardaşımı öldürməyiblər, onu əsir götürüblər. O vaxtdan bəri qardaşımdan heç bir xəbər yoxdur. Hər yerə müraciət etdik, davamlı axtardıq, bir nəticəsi olmadı. Bilmirik, hələ də sağ qala bilər, ya yox...

Faciədən sonra hər gün Ağdama meyit gətirirdilər. Elə olurdu ki, bir gündə 20-30 cəsəd gətirilirdi. Onlar elə günə salınmışdılar ki, tanımaq qeyri-mümkün idi. Gələn girovlara baxırdıq, şükür edirdik ki, uşaqlarımız nə yaxşı girovluqda qalmayıblar, ölmək bundan yaxşıdır. Meyitlər polad məftillə bir-birinə bağlanılmışdı. Biz bunların hamısını öz gözlərimizlə görürdük, ciyərimiz yanırdı. Amma baxmaq məcburiyyətində idik. Doğmalarımızı axtarırdıq. Düz mart ayının axırına qədər meşədən meyit gətirildi.

Böyük oğlum ilə qardaşım oğlu Xocalıdan çıxa bildilər. Onlar sığınacaqdan girov götürüləndə 15-16 yaşları vardı. Uşaqlardan soruşublar ki, kimlərdənsiniz, deyiblər filankəsin uşaqlarıyıq. Yəqin ki, həmin erməni onlardan kimisə tanıyıb. Deyib ki, sizi buraxıram, gedin meşədə camaata qoşulun. Tanımayan erməninin əlinə düşsəydilər, güman ki, uşaqları da sağ buraxmazdılar.

 

(Ardı var)

 

Hazırladı:

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.- 22 fevral.- S.1; 7.