Azərbaycanın regionda rəqəmsal
mərkəzə çevrilməsi üçün
bütün imkanlar mövcuddur
İnformasiya-kommunikasiya texnologiyaları hazırkı mərhələdə cəmiyyətdə dayanıqlı inkişafın təmin edilməsi, intellektual potensialın gücləndirilməsi və iqtisadi tərəqqinin əldə edilməsi, eləcə də şəffaflığın artırılmasının vacib amilinə çevrilib. Bu sahənin prioritet elan edildiyi şəraitdə ölkəmizdə də İKT infrastrukturunun müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər davamlı şəkildə həyata keçirilir.
Hazırda Azərbaycan Respublikasının iqtisadiyyatının şaxələndirilməsi, qloballaşma şəraitində meydana çıxan yeni çağırışlara cavab verməsi, iqtisadi potensialın daha da gücləndirilməsi istiqamətində nəzərdə tutulan kompleks tədbirlər cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş müxtəlif dövlət proqramlarında öz əksini tapıb. Mühüm proqramlardan biri olan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da bu məsələlər qeyd olunub. Belə ki, konsepsiyada əks olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin edilməsi” istiqamətində bildirilir ki, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması qarşıda duran prioritet vəzifələrdəndir.
Eyni zamanda informasiya cəmiyyətinə keçid istiqamətində qəbul olunmuş digər mühüm sənədləri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nı və cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin 6 dekabr tarixli fərmanla təsdiq olunmuş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ni də göstərmək olar. Belə ki, “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” ölkəmizdə 2020, 2025 və ondansonrakı dövrlərdə İKT sahəsinin inkişafının əsas prinsip və istiqamətlərini göstərir ki, bu kompleks proqramın tətbiqi gələcəkdə dayanıqlı inkişafı təmin edəcək. Bütün bu tədbirlər ölkəmizin dünya miqyasında öncül yerə çıxmasına və innovasiyaların cəmiyyətin ən müxtəlif sahələrində tətbiqinə, eləcə də müasir və gələcək çağırışlara adekvat cavab verməyə imkan yaradacaq.
Bu gün dünya telekommunikasiya sahəsində gedən dinamik inkişaf bir çox sahələrdə ciddi irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Hazırda qlobal miqyasda böyük şirkətlər qazanılmış inkişafın sərhədlərinin daha da genişləndirilməsinə can atırlar. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində yüksək inkişaf etmiş dövlətlər hər ötən gün yeni texnologiyanın tətbiqinə daha çox diqqət ayırırlar. Hazırda qlobal olaraq telekommunikasiya sferasının inkişafında mobil texnologiyanın bütün sərhədləri aşması, LTE texnologiyasının əhatə dairəsinin genişlənməsi, xidmətlərin virtuallaşması, bulud texnologiyaları, Big Data və analitikanın inkişafı, IoT (Əşyaların İnterneti) və M2M (Maşınlararası əlaqə) konsepsiyaları və indiki şəraitdə çox əhəmiyyət kəsb edən kiber təhlükəsizliklə bağlı məsələlər önə çıxır. Telekommunikasiya ictimai həyatda bütün mümkün sahələrə nüfuz edir, ağıllı texnologiyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilir. Əldə olunan nailiyyətlər informasiya və kommunikasiya texnologiyaları sahəsində əhəmiyyətli irəliləyişə gətirib çıxarır.
Dünya təcrübəsi göstərir ki, indiki şəraitdə dinamik inkişaf fonunda telekom şirkətlərinin gəlirləri əsasən FBB (Fixed Broadband Business - Sabit Genişzolaqlı Biznes), FMC (Fixed Mobile Convergence - Sabit Mobil Konvergensiya), Bulud texnologiyaları, MFS (Mobile Finance Services - Mobil Maliyyə Xidmətləri) kimi innovativ layihələrin və müxtəlif tətbiqlərin reallaşmasından əldə olunur. Belə ki, sürətli inkişaf fonunda artıq ənənəvi xidmətlər (sabit xətt, ənənəvi kabel TV və mobil rabitə) istiqamətində gəlirlər tədricən azalır və öz yerini internet texnologiyaları, IoT, OTT (Over the Top - innovativ multifunksional televiziya), M2M, FinTech (Maliyyə texnologiyaları), MFS (Mobil maliyyə xidmətləri) kimi yeni xidmətlərə verir. Belə bir şəraitdə yeni rəqəmsal xidmətlər daha çox inkişaf edən xidmətlərə çevrilir ki, bunun nəticəsində də bütün şirkətlər rəqəmsal transformasiya prosesinə cəlb olunurlar. Müasir dövrdə bazarda həmçinin inteqrasiya və konsolidasiya prosesləri gedir ki, telekommunikasiya bazarının təhlilçiləri də bu tendensiyaların doğru istiqamət və təbii bir proses olduğunu qeyd edir. Ümumilikdə bu halın gələcəkdə də davam edəcəyini, dünya üzrə müxtəlif regionlarda tətbiq olunacağını vurğulayırlar.
Bu gün inkişafın əsas dayaqlarından biri - informasiya və kommunikasiya texnologiyaları sahəsi yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır. Hazırda telekommunikasiya sferası dünya üzrə ən sürətlə inkişaf edən sektorlardan biridir. Statistik məlumatlar göstərir ki, 2019-cu ildə telekommunikasiya xidmətləri sahəsində dünya üzrə əldə olunan ümumi gəlirin 1 trilyon 196 milyard avroya qalxması proqnozlaşdırılır. Araşdırmalar göstərir ki, son illər ərzində telekomminikasiya sektorunda ən sürətlə inkişaf edən Asiya Sakit Okean regionu olub ki, 2015-ci ildə bu regionda gəlir 375 milyard avro təşkil edib. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “Mobil İqtisadiyyat 2017” adlı hesabatına əsasən, dünya üzrə mobil telefon istifadəçilərinin sayı 2017-ci ildə 5 milyarda yaxınlaşıb və bu rəqəm 2020-ci ildə dünya əhalisinin 3/4-nə və ya 5,7 milyarda, mobil genişzolaqlı qoşulma isə 73 faizə çatacaq. Qeyd olunan irəliləyiş əsasən Asiya qitəsində baş verəcək və təkcə Hindistanda növbəti üç il ərzində 310 milyon yeni müştəri artımı gözlənilir. Eyni zamanda hesabata əsasən, dünya üzrə mobil ekosistemdə birbaşa və ya dolayısı ilə çalışan işçilərin ümumi sayı 30,9 milyon nəfər təşkil edəcək. Operatorların 2020-ci ilə qədər kapital qoyuluşları isə 700 milyard dollara çatacaq. İKT sektorunun inkişaf meyillərini tədqiq edən “Deloitte” şirkəti də texnoloji inkişafla bağlı öz proqnozunu açıqlayıb. Şirkətin “Texnologiya, Media və Telekommunikasiya proqnozları 2018” adlı hesabatında qeyd edilir ki, 2018-ci ildə dünyada canlı yayımlar və tədbirlər mühüm gəlir gətirəcək.
Qlobal miqyasda olduğu kimi, informasiya və kommunikasiya texnologiyalarının ölkəmizdə də dayanıqlı inkişafın əldə olunmasında rolu mühümdür və dünya telekommunikasiya sahəsində gedən dinamik inkişafın Azərbaycana da təsiri qaçılmazdır. Ölkəmiz telekommunikasiya sektorunun qabaqcıl oyunçuları olan şirkətlər - mobil operatorlar, magistral (backbone) provayderlər, internet xidmət təminatçıları, ənənəvi və yeni nəsil kabel operator televiziyaları və s. bu proseslərdən kənarda qalmamalıdır. Azərbaycan Respublikasının iqtisadiyyatının gücləndirilməsi, biliklərə əsaslanan bir iqtisadiyyatın qurulmasında yeni texnologiyaların rolu əhəmiyyətlidir və bu rol heç şübhəsiz ki, gələcəkdə daha da artacaqdır. Hazırda həyata keçirilən kompleks tədbirlər nəticəsində İKT sektorundan əldə olunan gəlirin həcmi artır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizdə İKT sahəsi üzrə ötən 2017-ci ildə əldə olunan gəlir 2016-cı ilin analoji göstəricilərini 6.6 faiz qabaqlayaraq 1.724.6 milyon manata çatıb.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumata əsasən, hazırda ölkəmiz İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və bu reytinqdə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Bütün bu uğurların əldə olunmasında, ölkəmizin dünya səviyyəli reytinqlərdə irəliləməsində isə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl inkişaf strategiyasının və qəbul olunmuş dövlət proqramlarının mühüm rolu vardır. Bunun nəticəsidir ki, Azərbaycan həmçinin “Dünya Bank”ı tərəfindən hazırlanan “Doing Business 2018” hesabatında 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlib. Eyni zamanda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Hazırda ölkəmizin əlverişli coğrafi mövqeyi, həmçinin iqtisadi və siyasi cəhətdən regionun ən inkişaf etmiş ölkəsi olması, aparılan məqsədyönlü inkişaf strategiyası nəticəsində Azərbaycanın regionun rəqəmsal mərkəzə çevrilməsi üçün bütün imkanları mövcuddur. Yüksək texnologiyaların tətbiqi, mühüm tədbirlərin ölkəmizdə keçirilməsi, dövlət tərəfindən telekommunikasiya sahəsinin inkişafı üçün göstərilən qayğı, qəbul olunmuş mühüm qərarlar bunu deməyə əsas verir. Hazırda Azərbaycanda İKT-nin inkişafı üçün görülən işlər və reallaşdırılan layihələr son nəticədə ölkəmizdə innovativ texnologiyaların iqtisadiyyata tətbiqini gündən-günə yaxşılaşdırır. Bu gün dövlət tərəfindən dəstəklənən və post-neft dövrünün tələblərinə uyğun olan yeni inkişaf strategiyası Azərbaycanda telekommunikasiya sferasında yeni ekosistem yaratmaqla bərabər cəmiyyətin və dövlətin davamlı inkişafına, innovasiyaların tətbiqinə, biznes mühitinin inkişafı və yeni investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır.
Fuad ALLAHVERDİYEV,
“AzerTelecom”
MMC-nin baş icraçı direktoru
Azərbaycan.- 2018.- 23 fevral.-
S.7.