Dostluq və qardaşlıq münasibətləri Azərbaycan
və İran xalqlarının mədəni,
tarixi bağlantılarına söykənir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 23-də
İran İslam Respublikasının Mədəniyyət və
İslami Əlaqələr Təşkilatının sədri
Abuzər İbrahimi Türkamanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi bağlantılara söykəndiyini qeyd etdi. “Biz bu tarixi və mədəni irsə çox diqqətlə yanaşırıq”, - deyən Birinci vitse-prezident bu gün dövlətlərimiz və xalqlarımız səviyyəsində, ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yaradılmasından məmnunluğunu ifadə etdi. Son beş il ərzində dövlət başçılarının 10 görüşünün keçirilməsini ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirən Azərbaycanın Birinci vitse-prezidenti bu görüşlərin əməkdaşlığımızın möhkəmlənməsi işinə öz töhfəsini verdiyini dedi və qeyd etdi ki, əlaqələrimiz bir çox sahələri, o cümlədən iqtisadiyyat, nəqliyyat və əlbəttə, çox mühüm olan mədəniyyət sahələrini əhatə edir. Birinci vitse-prezident Mehriban Əliyeva keçən il İranda Azərbaycan mədəniyyət günlərinin, həmçinin 2017-ci ildə ölkəmizdə elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində “Azərbaycan İslam mədəniyyətinin incisidir” adlı fotosərginin uğurla keçirilməsinin mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd etdi. İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edən Birinci vitse-prezident İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın Bakıda İran kinosu günlərinin keçirilməsi ilə əlaqədar ölkəmizə səfərinin də uğurlu olacağına əminliyini bildirdi.
Ötən il Azərbaycan Respublikasının İranda mədəniyyət günlərinin ən yüksək səviyyədə keçirilməsi üçün İran tərəfinin bütün səylərini əsirgəmədiyini deyən Abuzər İbrahimi Türkaman Azərbaycan tərəfinin ölkəmizdə İran kinosu günlərinin təşkil olunması üçün hər cür şərait yaratmasını yüksək qiymətləndirdi. O qeyd etdi ki, ölkələrimiz arasında əlaqələr mədəni-tarixi bağlılıqlara əsaslanır və bu gün bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə
bu il
Naxçıvanın İslam mədəniyyəti,
öz növbəsində, Təbrizin İslam turizmi
paytaxtları elan olunması ilə
bağlı əməkdaşlıq məsələləri
müzakirə edildi, mədəniyyət
və turizm sahəsində müxtəlif
layihələrin həyata keçirilməsi üçün
yaxşı imkanların olduğu bildirildi.
Azərbaycan.-
2018.-24 fevral.- S.1.