Azərbaycanın ərazi bütövlüyü
təmin ediləcək
1988-ci il fevralın 22-dən - Əli Hacıyevin və Bəxtiyar Quliyevin Əsgəranda şəhid olduqları gündən başlayan ədalətsiz savaş hələ də davam edir. Bu, erməni millətçilərinin uzun illərdən bəri həyata keçirməyə çalışdıqları çoxşaxəli məkrli planlarının tərkib hissəsidir.
1985-ci ildə M.Qorbaçovun hakimiyyətə gəlməsi, onun açıq ermənipərəst mövqeyi və ortaya atdığı “yenidənqurma prosesləri” ermənilərin işğalçı niyyətləri üçün geniş imkanlar yaratdı. 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə kütləvi aksiyalar başlandı. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, erməni akademik Abel Aqanbekyan Fransanın “Humanite” qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışdı. Bu müsahibə separatizm meyillərini daha da gücləndirdi. “Qarabağ komitəsi” Ermənistanda, onun şöbəsi olan “Krunk” təşkilatı isə Dağlıq Qarabağda leqal fəaliyyətə başladı, Azərbaycana qarşı işğalçı və ilhaqçı tələblər açıq şəkildə səsləndirildi. İrəvandan Dağlıq Qarabağa gələn emissarlar təbliğat və təşkilat işlərini genişləndirdilər.
1988-ci il fevralın 13-də Xankəndinin mərkəzi meydanında Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbləri ilə mitinqlər keçirildi. Bundan bir həftə sonra Dağlıq Qarabağ muxtariyyətinin rəhbərliyi bu ərazinin Ermənistanın tabeliyinə keçməsi xahişi ilə Azərbaycan rəhbərliyinə rəsmi müraciət göndərdi. Bunun ardınca silahlı basqınlar və qarşıdurmalar təşkil edildi. Az sonra, fevralın 22-də erməni silahlıları Dağlıq Qarabağın Əsgəran şəhərində dinc aksiya keçirən azərbaycanlıları gülləbaran etdilər, 2 nəfər gənc öldürüldü, 19 nəfər yaralandı. Bu qanlı hadisə Ermənistandan gələn emissarlar tərəfindən törədildi.
Ermənilər qanlı terror aktlarını davam etdirirdilər. 1988-cı il iyulun 12-də Dağlıq Qarabağda “vilayət soveti” deyilən qurumun toplantısı keçirildi və Azərbaycanın tərkibindən çıxmaq barədə qərar qəbul olundu. Bu toplantıya orada yaşayan azərbaycanlıların nümayəndələri dəvət olunmadılar. Kəskinləşmiş münasibətlər nəticəsində Dağlıq Qarabağda yerli müsəlman əhali aramsız olaraq erməni silahlılarının hücumlarına məruz qaldı.
1988-ci ilin dekabr ayında Ermənistanda baş vermiş zəlzələ zamanı zərərçəkənlərə kömək üçün gəlmiş fransalı xilasedicilər dəhşətli hadisənin şahidi oldular. Onların aşkar etdikləri qaynaqlanmış borunun içərisindən 71 azərbaycanlı uşağın meyiti çıxarıldı. Məlum oldu ki, erməni quldurları hələ noyabrın 12-də uşaqları diri-diri həmin borunun içərisinə salaraq hər iki tərəfini qaynaq etmişlər. Bu hadisə uşaqlardan birinin anası Mədinə Şərifovanın gözləri qarşısında baş vermişdi.
Bütün bu olayların seyrçisi - M.Qorbaçov başda olmaqla Moskva rəhbərliyi Ermənistanın “etnik təmizləmə” və ilhaqçı siyasətini dəstəkləyir, işğalçı tərəfin Azərbaycanın hesabına ərazilər əldə edərək möhkəmlənməsində maraqlı olduqlarını gizlətmirdilər. 1988-ci il iyunun 24-də Kreml özünün xüsusi təmsilçisini Dağlıq Qarabağa göndərdi. Arkadi Volski orada “Siyasi Büronun nümayəndəsi” təyin edildi. 1989-cu il yanvarın 12-də M.Qorbaçovun qərarı ilə Dağlıq Qarabağ Azərbaycanın tabeliyindən çıxarılaraq birbaşa Moskvaya tabe etdirildi və regionun mərkəzdən idarə olunması üçün Xüsusi İdarə Komitəsi deyilən qurum yaradıldı. A.Volski isə həmin quruma rəhbər təyin olundu. Moskva bu addımı atmaqla sonrakı mərhələdə Dağlıq Qarabağın Ermənistana verilməsini reallaşdırmaq məqsədi güdürdü. A.Volski Xankəndiyə gələn gündən erməniləri, onların silahlı dəstələrini himayə edir, Azərbaycan tərəfində isə yalançı vədlərlə arxayınlıq yaratmağa çalışırdı.
Yalançı vədlərdən səbir kasası daşan azərbaycanlılar tərəfindən nümayişlər, yürüşlər və digər aksiyalar təşkil edildi. Bakıda ilk nümayiş 1988-ci il fevralın 19-da oldu. Bakının Azadlıq meydanında davam edən mitinqdə yüz minlərlə insan iştirak edərək xalqın iradəsini ortaya qoydu. Mitinq dekabrın 4-dən 5-nə keçən gecə sovet ordusu tərəfindən vəhşicəsinə dağıdıldı, minlərlə insan xəsarət aldı, yüzlərlə adam həbs edildi. Lakin Azərbaycan xalqının iradəsini sındırmaq mümkün deyildi. Xalq ermənilərin işğalçı və ilhaqçı siyasətinin qarşısının alınmasını tələb edirdi.
Azərbaycanda sovet imperiyasına qarşı nifrət yüksək həddə çatmışdı. Xalq işğalçı Ermənistanı dəstək siyasətinə son qoyulmasını tələb edirdi. Moskva Azərbaycanda hakimiyyətini itirəcəyindən ehtiyat edərək güc tətbiq etmək qərarına gəldi. 1990-cı il yanvarın 16-19-da Kreml rəhbərliyi Bakı ətrafında 50 min nəfərdən artıq hərbi qüvvə cəmləşdirdi. Bu qüvvələr yanvarın 19-dan 20-nə keçən gecə Bakı üzərinə yeridildi. Sovet qoşunlarının müdaxiləsinə etiraz edən dinc əhali amansız atəşə tutuldu. Bu qanlı hücum nəticəsində 131 nəfər dinc sakin öldürüldü, 800-dən artıq adam yaralandı. Bakıdakı qanlı hadisələrlə eyni vaxtda Rusiyanın 2 xüsusi təyinatlı diviziyası Dağlıq Qarabağa yeridildi. Əhalidən ov tüfəngləri, hətta orta məktəblərdə təlim, hərbi hazırlıq silahları da yığıldı. Cəza tədbirləri nəticəsində Dağlıq Qarabağın işğalçı ermənilərə qarşı müqavimət imkanları tamam məhdudlaşdırıldı. Bundan sonra, 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və Dağlıq Qarabağda yaradılmış qondarma “milli şura'' birgə qətnamə qəbul etdilər.
1991-ci il martın 17-də SSRİ-nin yeni ittifaq müqaviləsi əsasında saxlanılmasına dair referendumun keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan rəhbərliyi referendumun keçirilməsinə razılıq verdi, Ermənistan isə 5 digər müttəfiq respublika ilə birlikdə boykot yolunu tutdu. Ona görə də Kreml Ermənistan rəhbərliyini cəzalandırmaq və yenidən öz təsir dairəsinə qaytarmaq üçün bəzi yarımçıq addımlar atdı. Sovet imperiyasının Müdafiə və Daxili İşlər nazirliklərinin, həmçinin Azərbaycan XTMD-nin 6 minlik qüvvəsi ermənilərin baza rayonlarına qarşı yeridildi. Bu qüvvələrin 3 min nəfəri Azərbaycan XTMD-yə məxsus idi və əsas ağırlıq da onların üzərinə düşürdü. Aprelin 30-dan mayın 15-nə qədər davam edən əməliyyat nəticəsində Çaykənd (Getaşen), Qarabulaq (Martunaşen), Hadrut istiqamətlərində ermənilərin bir sıra baza məntəqələri ləğv edildi, canlı qüvvələri, o cümlədən Ermənistan Daxili İşlər Nazirliyinin 11 əməkdaşı məhv edildi. Lakin Moskva əməliyyatı çox tez dayandırdı və baza rayonların ləğv edilməsi başa çatdırılmadı.
1991-ci il iyulun 19-da vilayət soveti “qarşıdurmadan dialoq və danışıqlar siyasətinə keçmək” haqda qərar qəbul etdi. Ermənilər bu vaxt qoşunların Dağlıq Qarabağdan çıxarılması müqabilində Azərbaycanın tərkibindən çıxmağa dair qərarlarını ləğv edəcəklərini bildirdilər. Partiya funksioneri Valeri Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti bu təkliflə Xankəndidən Bakıya gəldi. İyulun 20-də Bakıda V.Qriqoryanın qrupu ilə görüş keçirildi. Onların gətirdikləri müraciətdə göstərilirdi ki, SSRİ və Azərbaycan SSR konstitusiyaları əsasında danışıqlar aparmağa hazırdırlar. Bu, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması demək idi. Nümayəndə heyəti Xankəndiyə qayıtdıqdan az sonra, avqustun 10-da V.Qriqoryan öldürüldü. Bu hadisələrlə eyni vaxtda, iyulun 20-də L.Ter-Petrosyan Novo-Oqaryovoda M.Qorbaçovla görüşmüş və yeni ittifaq müqaviləsi ilə bağlı güzəştə getməyə razılaşmışdı. Sovet imperiyasının rəhbərliyində siyasi böhranın dərinləşməsi və 1991-ci ilin avqustunda baş vermiş dövlət çevrilişi cəhdi vəziyyəti kökündən dəyişdi. Moskva regionlar üzərində nəzarəti itirdi. Avqustun sonunda imperiyanın Dağlıq Qarabağdakı hərbi qüvvələri idarəolunmaz vəziyyətə düşdü, komandirlərin əksəriyyəti erməni silahlı dəstələri tərəfindən ələ alındı. Bu şəraitdə Ermənistan Dağlıq Qarabağda geniş fəaliyyətə başladı. Sentyabrın 2-də “Dağlıq Qarabağ respublikası” deyilən qondarma qurumun yaradıldığı elan edildi. Ermənistan işğal faktını gizlətmək üçün qondarma “qurumu” ortaya atdı. Dərhal ərazidəki 15 min nəfərlik erməni silahlı dəstələri “Dağlıq Qarabağ respublikası özünümüdafiə qüvvələri” adı altında birləşdirildi, sonralar isə “DQR müdafiə ordusu” adlandırıldı. Azərbaycan Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyi” ilə manipulyasiya etməsinə cavab olaraq noyabrın 26-da bu ərazinin muxtariyyətini ləğv etdi. Ermənilər 1991-ci il sentyabrın ortalarında Goranboy rayonunun qərb hissəsində hücuma keçərək bir neçə yaşayış məntəqəsini yenidən zəbt etdilər. Oktyabrın əvvəlindən isə azərbaycanlıların Dağlıq Qarabağdan çıxarılması məqsədilə geniş əməliyyatlara başladılar. Oktyabrın 28-də ermənilər Xocavənd (Martuni) rayonunun yaşayış məntəqələrinə hücum etdilər. Noyabrın 16-da döyüşlər Hadrut rayonunun ərazisinə keçdi. Bu hücumlar nəticəsində erməni silahlı dəstələri Dağlıq Qarabağda azərbaycanlılar yaşayan kəndlərin əksəriyyətini zəbt etdilər...
Nə tarixin, nə də insanların unuda bildiyi bu müharibənin başlanmasından 30 il ötür. Buna baxmayaraq, Dağlıq Qarabağ bütün dünyada rəsmən Azərbaycan ərazisi kimi tanınır. Lakin erməni təəssübkeşliyinin və bundan irəli gələn ikili standartların nəticəsi olaraq beynəlxalq ictimaiyyət, xüsusən Qərb dünyası ermənilərin işğalçılıq siyasətinə, Azərbaycan ərazilərinin hələ də işğal altında qalmasına göz yumur. Azərbaycanın isə səbri tükənməz deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində sürətlə inkişaf edən respublikamız hərbi qüdrətini artırır, istər siyasi, istər hərbi baxımdan Ermənistanı dalana dirəyib. Bütün bunlar isə bizi inamla son nəticəyə - işğal edilmiş Dağlıq Qarabağın və ətraf rayonlarının azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinə aparır.
Rəhman SALMANLI
Azərbaycan.-
2018.- 24 fevral.- S.6.