“Xocalı - XX əsrin soyqırımı” kitab sərgisi və “Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib

 

Mədəniyyət və Turizm Nazirliyi  Azərbaycan Milli Kitabxanası ilə birgə Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xocalı - XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılışı və “Xocalı şahidləri danışır” adlı kitabın təqdimat mərasimini keçirmişdir.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilmişdir ki, bu plana uyğun olaraq bu günlərdə Xocalı soyqırımı ilə bağlı çoxlu sayda tədbirlər keçirilir. Kitabxananın direktoru qeyd etmişdir ki, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi əvvəlcədən hazırlanmış plan əsasında törədilmişdi. Bu planın qurbanları olan adi adamlar isə gözlənilməz bəlaların fırtınasında qətlə yetirilmiş, əsir-girov götürülmüş, yurd yerindən qovulmuşlar. Dağlıq Qarabağı zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində miqyasına görə ən dəhşətlisi olan Xocalı faciəsi ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı genosid cinayəti törətdiklərini bir daha sübut edir.

Direktor qeyd etmişdir ki, təqdimatına toplaşdığımız “Xocalı şahidləri danışır” adlı kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapmışdır. Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunmuş, 2015-2017-ci illər ərzində “Azərbaycan” qəzetində dərc olunmuş faciəyə şahidlik etmiş xocalılıların acı xatirələrindən ibarət materialların toplusudur və Xocalıda dinc  əhaliyə qarşı həyata keçirilən soyqırımı cinayətlərinin dünyada tanıdılması üçün mühüm mənbədir. Şəhərin 47 sakininin yaşadığı dəhşətləri, faciəvi əsirlik həyatını, məruz qaldığı maddi-mənəvi itkiləri ətraflı əks etdirən məqalələr tarixi sənəd səciyyəsi daşımaqla bərabər, ermənilərin törətdiyi soyqırımı cinayətlərini müfəssəl və real faktlarla isbat edir. Kitab Xocalı soyqırımının araşdırılması və nəticələrinin dünyaya tanıdılması prosesinə dəyərli vəsaitdir.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla   şöbəsinin baş məsləhətçisi Elbəy Əli çıxış edərək demişdir ki, XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilmişdir ki, onlardan ən dəhşətlisi Xocalı faciəsidir. Azərbaycan hökuməti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Milli Kitabxananın nəşriyyat işləri üzrə baş mütəxəssisi Gülbəniz Səfərəliyeva və direktor müavini Ədibə İsmayılova öz çıxışlarında bütünlükdə Azərbaycan xalqının məhvinə yönəldilmiş Xocalı müsibətinin erməni millətçilərinin məqsədyönlü soyqırımı siyasətinin davamı olduğunu, etnik təmizləmə siyasəti aparan erməni millətçi-şovinistlərinin zaman-zaman Azərbaycan xalqına qarşı amansız olduğunu, dəhşətli qırğınlar törədərək bu torpaqları ələ keçirməyə çalışdıqlarını vurğulamışlar.

Daha sonra Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı, şairə Solmaz Elqızı Xocalı faciəsinə həsr etdiyi şeirini səsləndirmişdir.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş “Xocalı - XX əsrin soyqırımı”  adlı kitab sərgisi ilə tanış olmuşlar. Xocalı həqiqətləri haqqında Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materialları nümayiş olunan böyük sərgi on gün ərzində davam edəcək.

Həmçinin Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Xocalı soyqırımı” adlı kitab sərgisi və fotoqalereya təşkil edilmişdir.

Sərgidə Bakı şəhər 23 saylı orta məktəbin 5 a sinif şagirdləri iştirak etmişlər.  Açıq Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə  Xocalı faciəsi haqqında məlumat verilmişdir.

Müəllimə Pərvin Qurbanova Xocalıda baş verən qətliamın  dünyada misli görünməyən, insanlığa sığmayan, olduqca dəhşətli faciələrdən biri olan soyqırımı olduğunu qeyd etmişdir. O,  belə tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda böyüməsi və tariximizi daha dərindən bilmələri üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. Məktəblilər sərgidə nümayiş olunan kitabdövri mətbuatla yaxından tanış olmuşlar.

 

Azərbaycan.- 2018.- 24 fevral.- S.6.