Zaman da bu dərdi unutdura bilmir

 

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

 

Heydər ƏLİYEV

 

 

XX əsr bir çox qanlı hadisələrin, soyqırımı və etnik təmizləmələrin şahidi olmuşdur. Xocalı faciəsi isə bunların ən dəhşətlisi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən qanlı-qadalı, müdhiş bir gecədə azğınlaşmış erməni quldurları Xocalı şəhərini yerlə yeksan etdilər, əhalini görünməmiş vəhşiliklə qətlə yetirdilər. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla öldürüldü: diri-diri yandırıldı, başları kəsildi, gözləri çıxarıldı, dərisi soyuldu, süngülərlə qadın və qızlarımıza olmazın işgəncələr verildi. Xocalıda törədilmiş amansız qətliam bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş ən ağır cinayət aktı idi.

 

Üç soyqırımının şahidi

 

...Xocalı qədim tarixə malik cənnət diyar, türkdilli xalqın məskən saldığı, ulu babalarımızın yaşayıb-yaratdığı yurd yerimizdir. Onun qədimliyi çoxsaylı tarixi abidələrdə, yazılı mənbələrdə, mədəniyyət və incəsənət nümunələrində öz əksini tapmışdır. XIX əsrdə və XX əsrin əvvəllərində çar Rusiyasının apardığı irticaçı siyasət nəticəsində Qarabağın dağlıq hissəsinin erməniləşdirilməsinə geniş meydan verildikdə Xocalı da bu məkrli siyasətin qurbanlarından birinə çevrildi. Ona məxsus üç bölgədən birinə - Qaladərəsi kəndinə əsasən İrandan köçürülmüş ermənilər yerləşdirildi, 1918-ci ildəki qırğından sonra isə Xocalının digər bölgəsində - Qaçqınlar adlanan yerdə Qərbi Azərbaycanın Dərələyəz mahalından didərgin salınmış azərbaycanlılar məskunlaşdırıldı. Ümumiyyətlə, Xocalı XX əsrdə üç dəfə ermənilər tərəfindən dağıdılıb, yandırılıb, genosidə uğradılıb.

Xocalının XX əsrdəki hər üç soyqırımının dəhşətlərini gözləri ilə görən, sonuncu soyqırımının isə həm şahidi, həm də şəhidi olan Lenin ordenli aqronom, 1941-1945-ci illər müharibəsinin iştirakçısı Qasım İmamqulu oğlu Allahverdiyev öz xatirələrində bildirirdi ki, bu diyarda birinci soyqırımı 1905-1907-ci illərdə olmuşdur. 90 ildən çox ömür sürən, bütün həyatını xalqına həsr edən bu insan Xocalının ilk ziyalılarından olmuşdur. O, nəcib davranışı, yüksək mədəniyyəti, mənəvi saflığı, sadəliyi ilə hamının hörmətini qazanmışdı. Əsil-nəcabətli yerin oğlu idi, möhkəm soykökdən boy atmışdı. Oğlu, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev deyir ki, insanlar ona inanırdılar, etibar edirdilər, hər sözünü dinləyirdilər. Xalqını, elini, obasını dərin bir məhəbbətlə sevirdi. Özündə vətən, el dərdi yaşadan işıqlı bir insan idi. Xocalı ilə bağlı ən kiçik hadisə, epizod belə hafizəsindən silinmirdi.

...Bu başıbəlalı yurdda birinci soyqırımı unudulmamış 1918-ci ildə Xocalı ikinci dəfə yandırılmışdı. Onun sağ qalan əhalisi Malıbəyli kəndində məskunlaşmışdı. Erməni-quldur dəstələri o zaman Malıbəyli və Quşçular kəndlərinin sakinlərini vahimə içərisində saxlayırdı. Əliyalın xocalılılar qaniçən erməni silahlı dəstələrinin qorxusundan gündüzlər su gətirməyə belə gedə bilmirdilər. Suyu ancaq qaranlıq düşəndə kişilər gətirirdilər.

Nuru paşa erməni quldurlarını Qarabağın dağlıq hissəsində tərksilah etdikdən sonra xocalılılar yenidən öz dədə-baba yerlərinə qayıtdılar. Ancaq Xocalının Qışlaq kəndində bir salamat ev tapmadılar. Ermənilər bütün mülkləri dağıtmış, damlarını və pəncərələrini söküb aparmış, uçurulmuş divarlara od vurub yandırmışdılar. Qışlaq kəndi gəlmə ermənilərin yerləşdirildiyi Daşbulaq, Mehdikənd və Noraguğ kəndlərinin yaxınlığında idi. Erməni quldur dəstələri kənddəki iki su quyusunu da dağıtmışdılar.

 

Qırğından sonra Xocalıda yalnız yanıb qaralmış divarlar qalmışdı

 

Q.Allahverdiyev danışırdı ki, Xocalıdan olan Usub bəy, Zülfüqar bəy, Şirin bəy, Tapdıq bəy, Əzim bəy, Qamboy bəy, Ələsgər bəy, Səfiyar bəy və başqaları bir gün yaşlı adamları və cavanları başlarına yığıb deyiblər ki, təzə yurd yerlərini Qışlaqdan bir-iki kilometr aşağıda - magistral yolun yaxınlığında salsınlar. Qışlaqdakı yanmış divarları isə soyqırımıdan qalan tarixi abidə kimi saxlasınlar. Elə də oldu... 1920-ci il aprelin 28-də cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən devrildikdən sonra Xocalı da Qarabağla birlikdə sovet imperiyasının tərkibinə qatıldı. Qışlaq kəndindəki xarabalıqlar isə XX əsrin 60-cı illərinin ortalarına qədər qalırdı. 1960-cı ildə Silva Kaputikyanın türklərin əleyhinə yazdığı “Karvan hələ yoldadır” kitabı çapdan çıxandan sonra ermənilər türk izini itirmək üçün Xocalının açıq səma altında muzey kimi saxlanılan qədim yurd yerini buldozerlə, traktorla şumladılar. Kənddəki qədim qəbiristanlığı da darmadağın etdilər.

1923-cü ildə SSRİ-nin təşkilindən sonra Leninlə Mikoyan Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti yaratdılar və Xankəndi şəhərini onun mərkəzi edərək qaniçən Stepan Şaumyanın adı ilə Stepanakert adlandırdılar. Ancaq əhali bu şəhərə “ştab” deyirdi. Çünki orada SSRİ Silahlı Qüvvələrinin qərargahı yerləşirdi. Bundan sonra Xocalı Şuşanın tərkibindən çıxarılıb yeni yaradılmış Stepanakert rayonunun tərkibinə daxil edildi.

XX əsrin 30-cu illərinin sonlarında və 40-cı illərin əvvəllərində Xocalı kənd təsərrüfatının bütün sahələrində, o cümlədən maldarlıq və heyvandarlıqda, tütünçülükdə, bostan və meyvə-tərəvəzin yetişdirilməsində, baramaçılıqda vilayət üzrə daim öndə gedirdi. Beşillik planlar dörd ildə yerinə yetirilir, plana 150 faiz əməl edilirdi. Lakin DQMV-nin erməni rəhbərliyi qonşu erməni kəndlərini abadlaşdırır, Xocalıya isə diqqət yetirmirdi. Hətta ermənilər 1937-ci il qurbanları siyahısına da ilk növbədə müflisləşmiş Xocalı bəylərinin adlarını salmışdılar. Ümumiyyətlə, XIX əsrin sonlarında aparılan siyahıyaalmaya görə, Xocalıda 46 bəy, 44 bəyim yaşayırdı.

1941-ci ildə başlanan İkinci Dünya müharibəsi SSRİ, o cümlədən Azərbaycanın bir parçası olan Xocalı üçün də Böyük Vətən müharibəsinə çevrildi. Xocalılılar, yəni azərbaycanlılar vilayətdə birinci növbədə hərbi komissarlığa çağırıldılar və ön cəbhəyə göndərildilər. Q.Allahverdiyevin xatirələrində oxuyuruq: “Bir gün mənə xəbər çatdı ki, Xocalı qadınlarından biri kişi briqadir tərəfindən “taxıl oğrusu” kimi ermənilərə satılaraq həbs etdirilib. Demə, bu qadın taxılın biçilmiş yerində başak, yəni tək-tək qalan sünbül dənələrini yığaraq ac uşaqlarına aparıbmış. Bunu görən erməni xislətli briqadir azərbaycanlı qadını “taxıl oğrusu” adı altında ermənilərə təhvil verir və onu həbsxanaya saldırır. Müharibənin ağır dövründə bu xəbər mənə çatanda çox əsəbiləşdim (Q.Allahverdiyev o zaman kolxoz sədri idi) və dərhal Xankəndiyə gedərək orada qadının oğru olmadığını, biçilmiş yerdən kənarda, otların arasında ilişib qalmış bir neçə sünbül tapıb ac uşaqlarına apardığını və qadının qabaqcıl manqa başçısı olduğunu çətinliklə də olsa ermənilərə başa saldım. Elə həmin gün qadını azadlığa buraxdıraraq körpələrinin yanına göndərdim”. Bir faktı qeyd edək ki, XIX əsrin 20-ci illərinin ikinci, 30-cu illərinin birinci yarısında Xocalıda kollektivləşmə ilə yanaşı, maarifləndirmə işi də xeyli dərəcədə inkişaf etmişdi və “savadsızlığın ləğvi” şüarı altında yaşlı insanlar üçün kurslar təşkil edilmişdi.

Xocalının ikinci dəfə ermənilər tərəfindən yandırılmasından sonra ikimərtəbəli, çoxotaqlı daş evlər tikilməyə başlanmışdı. Əhali çalışır, özünə gün-güzəran qurur, yaxşı yaşamaq üçün əlindən gələni edirdi...

 

Yaddaşımızdakı qanlı izlər

 

Professor Mübariz Allahverdiyev deyir ki, 1988-ci ilin sentyabr ayının 18-də Xocalıya ilk təhlükəli hücum oldu. Bu hücum sovet hökumətinə inanan yaşlı insanları sanki yuxudan oyatdı. Onlar gördülər ki, Azərbaycan təklənib. Anladılar ki, artıq torpaq əldən getmək üzrədir. İnsanlar ümidsizliyə qapılıb nə edəcəklərini bilmirdilər. İllərlə Amerikanı, dünyanı gərginlikdə saxlayan sovet hökumətinin guya erməni millətçilərinə “gücü çatmırdı”. Sovetlər İttifaqının başında duran Mixail Qorbaçova, onun arvadı Raisa Maksimovnaya, onların yaxın dostları şahnazaryanlara, aqanbekyanlara, SSRİ-nin əsgərlərinə, onların ermənilərə bəxşiş etdikləri ölümsaçan odlu silahlara arxayın olan Ermənistanın quldur dəstələri “daş atmaq” münaqişəsi ilə başladıqları torpaq işğalı siyasətlərini silahlı müharibə müstəvisinə çatdırdılar. Onlar azərbaycanlıların məhz ideallaşdırılmış sovet hökuməti tərəfindən tamamilə tərksilah edilmələrindən də tam xəbərdar idilər. Ona görə də Xocalıya artıq odlu silahlarla manevrlər, həmlələr edirdilər. Şahidlərin ifadələrindən öyrənirik ki, belə qanlı həmlələrin birində atılan mərmi Xocalı sakini Lətif kişinin evinin qapısında partlayır və onun cavan oğlu Zahidi həyatdan məhrum edir. Digər mərmi Qasım Allahverdiyevin evinin divarının bir hissəsini və pəncərəsini dağıdır. Bu mərmi Qasım kişi evdə olduğu vaxt atılmışdı və onun sovet hökumətinə qarşı inamına son qoymuşdu. Yanında partlayan düşmən mərmisi onu inandırdı ki, xocalılılara bir daha kömək edə bilməyəcək. Elə bu ümidsizlik burulğanında el dərdi, yurd dərdi çəkə-çəkə 1989-cu il yanvar ayının 9-da Xocalıda dünyasını dəyişdi. Q.Allahverdiyev Xocalının üçüncü soyqırımı ərəfəsində erməni quldurlarının törətdiyi qırğının həm şahidi, həm də şəhidi oldu.

 

Xocalıda törədilmiş amansız qətliam dünyanın tərəqqipərvər insanlarını lərzəyə saldı

 

 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Hərbi birləşmələrin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki dörd aydan artıq zaman ərzində mühasirədə olduğu üçün əhalinin xeyli hissəsi doğma yurdundan çıxmağa məcbur olmuşdu. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Həmin gecə 1275 nəfər dinc sakin girov götürüldü. Onların 150-nin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdi. Hücumda həmçinin mayor S.Ohanyanın komandanlığı altında 366-cı motoatıcı alayın ikinci batalyonu, Yevgeni Nabokxinin komandası altında üçüncü batalyon, bir saylı batalyonun qərargah rəisi Valeri Çitçyan və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdi.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdi. Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibb ekspertizasından keçirilmişdi. Ekspertiza zamanı müəyyən edilmişdi ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdı.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi “bu yerlər böyük Ermənistanın bir hissəsidir” sözlərini dilinə gətirmədiyinə görə diri-diri yandırılmışdı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, “4 Məsxəti türkü və azərbaycanlının erməni qəbrinin üzərində başı kəsildi. Sonra daha iki azərbaycanlının gözləri çıxarıldı”. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başlarının dərisini soymuş, bədənlərinin müxtəlif orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yırtmışdılar. Xocalıya hücum zamanı istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdi. Bütün bunlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalistləri dəhşətə gətirmişdi.

 

Xocalının hədəfə alınmasında məqsəd nə idi?

 

 Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını Yer üzündən birdəfəlik silmək niyyətini daşıyırdı. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən zamanımıza qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kurqanları, siklopları, kromlexləri, domenləri və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu abidələrin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

 

 Dolğun hüquqi-siyasi qiymət

 

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri də erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Bu siyasət hazırda ölkə rəhbəri tərəfindən qətiyyətlə davam etdirilir.

Son 100 ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxardı. Hadisələr göstərir ki, bu gün erməni millətçiləri hələ də özlərinin bədnam və çirkin niyyətlərindən əl çəkməyiblər. Qəddar üsullarla dinc insanları kütləvi qırğına məruz qoyur, cinayətlərini ört-basdır etmək məqsədilə müxtəlif vasitələrə, hətta tarixi saxtalaşdırmağa əl atırlar. Əminik ki, xalqımızın milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq. Sadəcə hər kəs bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 25 fevral.- S.5.