XX əsrin ən böyük faciəsi beynəlxalq hüquqi qiymətini gözləyir

 

Ötən əsrin sonlarında SSRİ-nin çökməsi ilə müşayiət olunan ictimai-siyasi gərginlik “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin yenidən fəallaşmalarına şərait yaratdı. Azərbaycana qarşı torpaq iddiaları irəli sürərək Vətənimizi münaqişə ocağına çevirə bildilər. Dağlıq Qarabağ uğrunda gedən mübarizədə erməni daşnakları azərbaycanlıları öz dədə-baba yurdlarından zorla qovur, etnik təmizləmə aparırdılar.

 

O dəhşətli gecədən əvvəlki Xocalı

 

Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa yolunun arasında yerləşən bu şəhərdə həm də Dağlıq Qarabağın yeganə hava limanı vardı. 926 kv km ərazisi, azərbaycanlılardan ibarət 7 min nəfər sakini olan Xocalı düşmən üçün göz dağına çevrilmişdi. İşğalçılıq planlarını həyata keçirməkdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazisi kimi Xocalı maneələr yaradırdı. Ermənistan silahlı qüvvələri şəhəri ələ keçirdikdən sonra buradakı hava limanına, Əsgəran-Xankəndi yoluna nəzarət edə bilərdilər.

Yağıların göz dikdiyi, atəşə tutduğu şəhər çarəsiz günlərini yaşayırdı. Xocalılılar üstünlüyün düşmən tərəfində olduğunu, Xocalının açıq-aşkar müdafiəsiz buraxıldığını görsələr də, evlərini, yurdlarını tərk etmək niyyətində deyildilər.

1991-ci ilin oktyabr ayının sonundan şəhərə gedən bütün avtomobil yolları bağlandı. Erməni silahlı dəstələri tərəfindən Xocalı əsasən blokadaya alındı. Yanvarın 2-sindən Xocalıya verilən elektrik enerjisi də kəsildi. Şəhərin Azərbaycanın digər bölgələri ilə əlaqələrinə son qoyuldu, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qaldı. Bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Artıq 1991-ci ilin sonlarında Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi - Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, talan edildi. Faciə qara kölgə kimi anbaan Xocalıya doğru sürünürdü. Xocalılılar və onun könüllü müdafiəçiləri isə bu şəhəri silah-sursatdan daha çox qeyrətləri, torpağa, millətə sevgiləri ilə qoruyurdular.

 

Fəryadların ərşə qalxdığı gecə

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə aldılar. Xocalıya ən müasir silahlarla hücum çəkərək yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı. Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Ancaq qüvvələr nisbəti qeyri-bərabər idi. Hücum zamanı mühasirədə qalmış şəhərdə 3 min nəfərədək dinc sakin var idi. Erməni silahlıları mülkü əhaliyə və özünümüdafiə dəstəsinə qarşı misli görünməmiş qəddarlıqlar etdilər. Onları xüsusi amansızlıqla qətlə yetirdilər. Xilas olmaq üçün şəhərdən qaçan əhalinin böyük hissəsi də erməni vəhşiliyindən qurtula bilmədi. Onlardan da çoxu düşmən gülləsinə tuş gəldi, əsir götürüldü. Canını götürüb meşələrə qaçanlar da qışın sərt soyuğunun, şaxtasının zavalına gəldilər. Xocalı qətliamında başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və tanınmaz hala salınanlar erməni qəddarlığının hüdudsuz olduğunu göstərdi.

O vahiməli, soyuq fevral gecəsində baş verənlər azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı idi. Xocalı faciəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edildi, 27 ailənin yalnız 1 üzvü qaldı, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirdi, 487 insan şikəst oldu (onlardan 76 nəfər həddi-büluğa çatmamışdı), 1275 insan əsir götürüldü, 1165 insan girovluqdan azad edildi, 150 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edildi. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.

Bu təcavüz zamanı erməni millətçiləri əsir və girov götürdükləri azərbaycanlıları Azərbaycanın Dağlıq Qarabağ və digər işğal etdikləri ərazilərində, eləcə də Ermənistanda saxlayaraq dözülməz işgəncələr verdilər. Onların bir hissəsi öldürüldü və şikəst edildi. Bir çoxunun taleyindən bu günədək məlumat yoxdur.

Xocalı işğalı Ermənistan silahlı qüvvələrinə məkrli planlarını daha sürətlə həyata keçirmələrinə fürsət verdi.

 

Əsrin faciəsi

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçılarının dinc əhaliyə amansızlıqla divan tutmalarının bir səbəbi var idi: xocalılılar etnik mənsubiyyətlərinə görə azərbaycanlı idilər. Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımı və onun sakinlərinə qarşı həyata keçirilən cəza tədbirləri qabaqcadan, hərtərəfli planlaşdırılmışdı. Həmin gecə vəhşicəsinə törədilən qətllər, qarətlər açıq şəkildə göstərdi ki, erməni silahlı dəstələrinin məqsədı yalnız torpaqlarımızın işğalı deyil, dinc sakinləri milli mənsubiyyətlərinə görə qismən və ya tamamilə məhv etməkdir. Tarixin yaddaşından silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda, Srebrenitsa kimi dəhşətli faciələrin siyahısına Xocalı soyqırımı da yazıldı. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri qətliam bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri oldu.

Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Təkcə Azərbaycan xalqı üçün deyil, bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələri də erməni silahlıları tərəfindən dağıdıldı.

 

Xocalı soyqırımına siyasi qiymət...

 

Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etdi. 1994-cü il 24 fevralda isə Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günükimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verildi. 1995-ci il 24 fevralda Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət etdi.

Ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı. 2002-ci il fevralın 25-də ümummilli lider Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini diqqətə çatdırdı: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. Ulu öndərin gördüyü işlər onun hakimiyyəti illərində də, ondan sonra da dövlət səviyyəsində ardıcıl olaraq davam etdirildi.

2003-cü il 15 fevralda Xocalı qaçqınları Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciət etdilər. Müraciətin əsas məqsədi dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurası və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının dünya ictimaiyyətinin diqqətinə 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq və bu qanlı cinayətə hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarət idi.

 

Xocalıya ədalət!

 

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti gərəkli addımlarını atır. Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, obyektiv qiymət verilməsi üçün ayrı-ayrı təşkilatlar, soydaşlarımız da əllərindən gələni əsirgəmirlər. Bu baxımdan, Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər təqdirəlayiqdir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da bu istiqamətdə təbliğat işini daha da fəallaşdırdı. Erməni millətçilərinin əsl siması, onların öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları qətlə yetirməkdən belə çəkinmədikləri bu kampaniya çərçivəsində aparılan işlər vasitəsilə də geniş beynəlxalq ictimaiyyətə çatdırıldı.

 

Xocalı soyqırımını tanıyan dövlətlər

 

Ermənistan Azərbaycana qarşı uzun illərdir soyqırımı siyasəti həyata keçirir. Xocalı bu siyasətin qurbanı oldu. Dünyanın bir çox dövlətləri bu soyqırımı aktını pisləyir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, QvatemalaCibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqini tapdı. Rumıniya, BosniyaHerseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icraqanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pislədilər.

 

 Dünya birliyi hələ susur...

 

Xocalının işğalı zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular. Onlar məqsədlərini xüsusi qəddarlıqla həyata keçirdilər. Hadisə şahidlərinin söylədikləri, Xocalı soyqırımına dair dünya mətbuatındakı çıxarışlar, fotoşəkillər, erməni iştirakçılarının etirafları da təsdiq edir ki, Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları soyqırımı etnik təmizləmə siyasətinin ən qanlı təzahürü idi.

Xocalını işğal edən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı birləşmələr keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının hərbçiləri beynəlxalq hüquq normalarına əhəmiyyət vermədilər. Bu soyqırımı aktı başda Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmaqla, İnsan hüquq əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, Cenevrə Konvensiyası digər beynəlxalq hüquqi-normativ aktların kobud şəkildə pozulmasıdır.

Xocalı soyqırımı bir şəhərin əhalisinin ən böyük qəddarlıqla məhvi məqsədi ilə həyata keçirildi. İşğal zamanı insanlara edilən zülmlər, verilən işgəncələr göstərdi ki, bu, bütövlükdə bəşəriyyətə, insanlığa, humanizmə qarşı həyata keçirilən terrordur.

Xocalının ələ keçirilməsi üçün reallaşdırılmış hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədildiyi dünyaya bəllidir. Soyqırımına beynəlxalq aləmdə siyasi qiymətin verilməməsi, Ermənistanın işğalçı siyasətinin ifşa olunmaması, faciə təşkilatçılarının cinayət məsuliyyətinə cəlb edilməməsi dünya birliyinin ədalət humanizmə yönələn fəaliyyətinə şübhə yaradır. İnsanlıq naminə sülhü bərpa etməyə çalışan dünya birliyi bu faciənin təşkilatçılarına, iştirakçılarına qarşı qəti mövqeyini göstərməli, bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı iştirakçıları, havadarları beynəlxalq məsuliyyətə cəlb edilməlidir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 25 fevral.- S. 6.