Dünya bərqərar olandan belə bir dəhşətli faciə yaşanmayıb
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri görən insanlar indi də onları yada salanda göz yaşlarını saxlaya bilmirlər. Elə bir Xocalı sakini yoxdur ki, o faciənin ağrı-acısını yaşamasın. Kimi dindirsən, ailə üzvündən birinin və yaxud bir neçəsinin həlak olduğunu deyər.
1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisə Xocalı soyqırımını haqlı olaraq bəşər tarixində misli görünməmiş faciə adlandırırlar. Faciə bütün Azərbaycan xalqını sarsıtmış, xocalılılara sağalmaz yaralar vurmuşdur. Lakin xocalılılar amansız döyüşlərdə özlərini əsl qəhrəman kimi göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı mərdliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar. Qeyri-bərabər döyüşlərdə 613 nəfər şəhid, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, qadınlar, uşaqlar əsir götürülərək erməni zülmünə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyil. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaqlar olmuşdur. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmayan oğlan və qızlar idi. 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 azyaşlı isə valideynlərindən birini itirmişdir. Şəhid olanların yalnız 335 nəfəri dəfn olunmuşdur. 200 nəfərin ayağı soyuqdan donmuş, 1000 nəfərdən artıq sakin müxtəlif bədən xəsarətləri almışdır. 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Belə ki, onlar diri-diri yandırılmış, başları kəsilmiş və yaxud dərisi soyulmuş, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Xatırladaq ki, Xocalı soyqırımından bir neçə ay əvvəl ermənilər sovet ordusunun hərbi hissələri ilə birləşərək İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaydalı, Malıbəyli, Qaradağlı, Yuxarı və Aşağı Quşçular kəndlərini yerlə-yeksan etmiş, sakinlərə amansız divan tutmuşdular. Nəticədə, Xocalı şəhəri 3 ay əvvəl erməni hərbi birləşmələri tərəfindən mühasirəyə alınmışdı. Şəhər xarici aləmdən təcrid olunmuşdu. Şəhəri yalnız adi ov tüfəngləri və az sayda avtomatlarla silahlanmış yerli özünümüdafiə dəstələri qoruyurdu. Təbii idi ki, onlar müasir silahlarla, zirehli tanklarla, uzaqvuran toplarla, pulemyot və minamyotlarla təchiz olunmuş, Xan kəndində yerləşən sovet ordusunun 366-cı motoatıcı alayı ilə birləşmiş ermənilərin qarşısında tab gətirə bilməzdilər. Elə buna görə Xocalı şəhəri bir gecədə yerlə-yeksan oldu.
Xocalı sakinləri deyirlər ki, düşmən fevralın 25-dən 26-na keçən gecə qəflətən hücuma keçdi. Həmin gün qar yağdığından hava çox soyuq idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Bir an içərisində elə bil yer göyə birləşdi. Canlarını qurtarmaq üçün hərə bir tərəfə qaçırdı. Lakin əhali hansı səmtə üz tuturdusa, qəddar ermənilərin güllə yağışı ilə qarşılaşırdı. İnsanların yeganə çıxış yolunun meşə olduğunu yaxşı bilən ermənilər demək olar həmin ərazini də nəzarətə götürmüşdülər. Şaxtalı havada meşə boyu didərgin düşən insanlar çətin yolu keçib Ağdama pənah gətirməyə çalışırdılar. Güllə yağışından qurtaran ağsaqqallar, qadın və uşaqlar burada daha böyük vəhşiliklə qarşılaşdılar. Xocalılılar düşmən gülləsinə tuş gəlmiş yüzlərlə yaralı və meyit gördülər. Qalın qar layları insan qanına qərq olmuşdu. Qocaların ah-naləsi, uşaqların qışqırtısı meşəni başına götürmüşdü.
Həmin gecənin dəhşətlərini ürək ağrısı ilə danışan 72 yaşlı Aleksandr Hüseynov deyir ki, 5 övladım bir qızım, 4 oğlum var idi. Uzun illər çalışıb ailəm üçün ikimərtəbəli ev tikdirmişdim. Qapımda çoxlu heyvanım, 16 sot əkin yerim var idi. Pis dolanmırdıq. Özüm də sovxozda traktorçu işləyirdim. Evim Qarqar çayının yaxınlığında yerləşdiyindən həmişə ermənilərin atdıqları güllələrin hədəfi olurduq. Həmin gecə evdə oturub körpələri birtəhər Ağdama, qohumumuzgilə göndərmək üçün yollar axtarırdıq. Bu vaxt böyük oğlum Emin tələsik evə daxil olub, ermənilərin lap yaxınlıqda olduqlarını söylədi. Qızım qonşuda idi. Emini onu gətirməyə göndərdik. Az keçmiş evimiz gülləbarana tutuldu. Tələsik yaxınlıqda olan məktəbə tərəf qaçdıq. Məktəbə çoxlu adam toplaşmışdı. Məktəb də top atəşinə tutuldu. Məcbur olub oranı tərk etdik və yeganə çıxış yolu olan meşəyə yollandıq. Oğlum Emindən və qızım Rəsmiyyədən çox nigaran idim. Bir müddət meşədə oturub onları gözlədik. Ancaq xəbər çıxmadı... indiyədək də heç bir xəbər yoxdur.
Söhbət bu yerə çatanda Aleksandr kövrəldi və o müdhiş gecədə başlarına gələn faciədən danışmağa davam etdi. Dedi ki, hamının ümidi Ağdama yetişmək idi. Bir az getmişdik ki, çarəsiz halda qarın üstündə oturmuş qardaşım Kamilin oğlu Ramili və qızı Səadəti gördük. Hönkürtü ilə ağlayan uşaqlar atalarının ermənilər tərəfindən girov götürüldüyünü, anaları Məlahətin isə bizim əsgərlər tərəfindən yaralı halda helikopterlə aparıldığını söylədilər. 10 kilometrlərlə yolu minbir əziyyətlə keçib nəhayət, ümid bəslədiyi Ağdama yetişdi. Bir müddət qohumlarının evində qalsalar da, sonradan Naftalandakı sanatoriyada məskunlaşdılar. İndi Goranboydakı qaçqın şəhərciyində üçotaqlı mənzillə təmin edildiyini bildirən Aleksandr və onun həyat yoldaşı Diləzbər Hüseynova buna görə dövlət başçısına minnətdarlıq etdilər. Oğlanlarının üçünü də evləndirdiklərini, hətta onların yeni doğulan uşaqlarına itkin düşmüş övladları-Eminin və Rəsmiyyənin adlarını qoyduqlarını bildirdilər.
Xalidə Həsənova Xocalının Qaçqınlar adlanan məhəlləsində yaşayırdı. Özü üçün yaxşı gün-güzəran qurmuşdu. 20 sot həyəti, kənddən kənarda 30 sot əkin sahəsi var idi. Həyat yoldaşı Ramin Həsənovla həyətində mer-meyvə, torpaq sahəsində qapısında saxladığı heyvanlar üçün yem bitkiləri yetişdirirdi. 4 övladı olan Xalidənin böyük oğlu Mehdi Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kursunda təhsil alırdı. Tez-tez valideynləri ilə telefon əlaqəsi saxlayırdı. Anası Xalidə deyir ki, Mehdi bizimlə son danışığında çox narahat olduğunu bldirdi və dedi ki, Xocalıya gəlmək istəyir. Bir neçə gündən sonra o, bir qrup tələbə yoldaşı ilə birlikdə Xocalıya gəldi və könüllülərdən ibarət müdafiə batalyonuna qoşuldu. Cəmi 15 gün Xocalının müdafiəsində vuruşan Mehdi fevralın 13-də Dəhraz kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu. Döyüş yoldaşları danışırlar ki, elə bil Mehdiyə ikinci qüvvə gəlmişdi. Ermənilərlə aparılan gərgin döyüşlərdə yaralanmış döyüşçülərimizi kürəyində daşıya-daşıya ermənilərə güllə atırdı.
Xalidə Həsənova Xocalıda ən çox itki verən sakinlərdəndir. Faciə zamanı 29 yaşlı qardaşı Ələddin ermənilər tərəfindən əsir götürülüb. 40 gündən sonra erməni əsiri ilə dəyişdirilib. Yoldaşı Ramin, bacısı Sürəyya , onun 2 qızı və 1 oğlu şəhid olub. Həyat yoladaşının bacısı Afilənin ailəsi isə tamamilə məhv edilib.
Xocalı faciəsini gözləri ilə görüb, yaşayanlardan biri də Gövhər Həsənovadır. O, baş verənləri belə xatırlayır: - Həmin gün 6 nəfərdən ibarət ailə üzvümüzün hamısı evdə idi. Axşam saat 10 radələri olardı. Ermənilər iri çaplı silahlardan atəş açmağa başladılar. Uzaqdan zirehli texnikaların da səsi gəlirdi. Mehdi silah tutan cavanları başına toplayıb könüllülərdən ibarət müdafiə batalyonu yaratmışdı. Həyat yoldaşım İmran keşik çəkirdi. Əllərimi qaldırıb Allaha dua etməyə başladım. Bu vaxt evimizin yaxınlığına mərmi düşdü və ətrafda nə vardısa dağıtdı. Biz tələsik meşəyə tərəf qaçdıq ki, oradan Ağdama gedək. Əynimizə qalın paltar götürməyə də macal tapmadıq. Meşəyə çatanda xəbər gəldi ki, bacımın kürəkəni Səlimi və oğlu Rasifi ermənilər vurdular. Bir oğlunu və iki nəvəsini girov götürdülər. Meşəni ah-nalə bürümüşdü. İnsanlar hara gedəcəklərini bilmirdilər. Kim hara gəldi qaçırdı. Çevrilib arxaya baxanda nə qaynanamı, nə də onun qızları Məxmər və Qətibəni gördüm. İndiyədək də onlardan bir xəbər yoxdur. Biz birtəhər güllə yağışı altında Ağdama gəlib çıxa bildik.
Gövhər Həsənova onu da dedi ki, Allah ulu öndər Heydər Əliyevə rəhmət eləsin. İlham Əliyevə cansağlığı versin. Onlar olmasaydılar, bizim axırımız necə olacaqdı?! Uzun sürən məşəqqətli qaçqınlıq həyatından sonra ağ günə çıxmışıq. Goranboyda salınmış qaçqın qəsəbəsində üçotaqlı mənzillə təmin olunmuşuq. Nəvəmə şəhid olmuş həyat yoldaşım İmranın adını qoymuşam.
Xocalıda törədilən cinayətlərdə ən çox zərbə alanlardan biri də Qaryağdı Quliyevdir. İndi onun 73 yaşı var. Hadisələr zamanı 5 övladı olub. Onlardan bir oğlu və bir qızı qalıb. Evləri Xocalı aeroportunun yaxınlığında idi. Ermənilər Mehdikənddən tez-tez onların evini, eləcə də aeroportu atəşə tuturdular. Fevralın 25-də axşam saat 9 radələrində Xankəndidən çoxlu sayda döyüş texnikasının Xocalıya tərəf gəldiyini görürlər. Qısa vaxt ərzində ermənilər Qaladərəsi kəndini mühasirəyə alırlar. Bununla, təhlükə daha da artır. Bir qədər sakitlikdən sonra onlar Xocalı şəhərini, Qaladərəsi və Dərələyəz kəndlərini top atəşinə tuturlar. Qaryağdı Quliyev deyir ki, həmin vaxt mən poçt binasında idim. Yaxşı yadımdadır. Poçtda işləyən Brilliyant Hacıyeva Şuşaya, eləcə də Ağdama telefon açıb vəziyyətin çox pis olması barədə məlumat verir, kömək istəyirdi. Heç yarım saat keçməmiş eşitdik ki, ermənilər aeroportu da ələ keçirdilər.
Vəziyyətin getdikcə ağırlaşdığını görən əhali Qarqar çayını birtəhər keçərək Ağdamın Gülablı kəndinə yetişdilər. Onların arasında Qaryağdı Quliyev də var idi. Lakin yolda həyat yoldaşı 4 uşağı ilə birlikdə yoxa çıxmışdı. Qızının biri sonralar gəlib Ağdama çıxsa da, nə həyat yoldaşından, nə də 3 övladından bu gün də xəbər yoxdur.
İndi o faciəli gecədən 26 il keçir. Lakin nəinki xocalılılar, bütün Azərbaycan xalqı o müdhiş gecənin dəhşətlərini unuda bilmirlər. Şahidlər də danışarkən göz yaşlarını saxlaya bilmirlər. Axı, dünya bərqərar olandan belə bir dəhşətli faciə yaşanmayıb.
Sabir ƏLİYEV
Azərbaycan.-
2018.- 25 fevral.- S. 6.