Xocalı soyqırımında həlak olmuş
63 uşağın xatirəsini əbədiləşdirmək
üçün 63 ağac
əkilib
Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra aksiya iştirakçıları müxtəlif dillərdə “Uşaqlar və müharibə” mövzusunda çıxış ediblər.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və aksiya iştirakçıları Xocalı soyqırımında şəhid olan 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə 63 həmişəyaşıl sərv ağacı əkiblər.
Ağaclardan soyqırımı zamanı şəhid olan uşaqların adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyaya Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun 120-yə yaxın iştirakçısı, o cümlədən ölkəmizdə təhsil alan və yaşayan xarici ölkə vətəndaşı olan uşaqlar qoşulub.
Qeyd edək
ki, “Xocalıya ədalət!” beynəlxalq
maarifləndirmə kampaniyasına Leyla
Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə
start verilib. Kampaniya
Xocalı soyqırımı, Ermənistan-Azərbaycan
münaqişəsinin tarixi səbəbləri
və nəticələri, həmçinin Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
qeyd-şərtsiz və dərhal
çıxarılmasının zəruriliyi ilə
bağlı beynəlxalq maarifləndirmənin artırılması
məqsədini daşıyır.
Azərbaycan.-
2018.- 27 fevral.- S.1; 3.