Harayımıza ilk yetənlər...
Ağdamlılar o müdhiş
gecədə xocalılıların müsibətinə
yalnız ağlamır, həm də onlara
yardım edirdilər
Xocalının yerlə yeksan edildiyi günlərdə ağdamlıların da başı üzərini qara bulud almışdı. Neçə vaxtdan bəri səksəkə içərisində yaşayırdılar, amma ağıllarına da gəlməzdi ki, Xocalıda belə amansızlıq törədilə bilər, buna ermənilər cəsarət edərlər. Necə deyərlər, bu, qəfil qasırğaya bənzəyirdi.
Xocalıların yaralarına məlhəm ola biləcək bircə kəlmə varsa, o da dağılmış, viran qalmış yurda qayıtmaq arzu-diləklərinin çin olması xəbəridir. Amma təsəlliləri də var xocalılıların. Gözlənilən Böyük Qayıdış başlayıb, hələlik Cocuq Mərcanlının timsalında olsa da...
Xocalılıların o gecə harayına yetən Ağdam camaatının nələrlə üzləşdiyini nə dillə demək mümkündür, nə də qələmlə yazmaq. Həmin gecənin şahidlərindən biri də o zaman Ağdam Rayon Mərkəzi Xəstəxanasının terapevt-həkimlərindən biri Asif Ağayevdir ki, fikrini ifadə etməyə bu gün də çətinlik çəkir.
Deyir ki, Qarabağın çətin günləri idi. Bütün dünyanın etirazlarına baxmayaraq, erməni caniləri istədiklərini edirdilər. Xocalılıların o gecə yaralılarının, şaxtadan donanlarının Ağdama birtəhər gəlib çıxmaları möcüzə idi. Asif həkim gördüklərini sözə çevirmək üçün yaddaşını “vərəqləyir”: “Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkimləri o gecəni sabaha kimi yatmadılar. Sonrakı günlər isə sanki yaralı xocalılılara çevrilmişdilər: kütləvi qırğınlar olacağından ehtiyat edərək biz həkim-terapevtlər də işdən sonra gecə yarısınadək, bəzən lap səhərə kimi cərrahiyyə şöbəsinə gələrək onlara kömək göstərməyə çalışırdıq. Bir gecə məni xəstə üstünə çağırmışdılar. Hələlik şöbədə nisbi sakitlik olduğuna görə cərrahiyyədən birbaşa xəstə üstünə getmişdim. Xəstənin vəziyyəti ağır idi, ona görə tez qayıtmaq mümkün olmadı. Sübh tezdən, alatoran vaxtı idi. Xəstəni ağır vəziyyətdən qurtarıb işə qayıdarkən dəhşətə gəldim. Xəstəxananın həyətində xocalılıları qan içində görəndə az qaldı ağlım başımdan çıxsın. Yüyürdüm cərrahiyyə şöbəsinə. Açığı, fikrimdə cərrahlarımızı qınayırdım da. İçəridən xəbərim yox idi. Şöbəyə çatanda gördüm ki, pilləkənlərdən, dəhlizdən, yardımçı otaqlardan tutmuş palatalaradək hər yer doludur yaralı, al-qan içində olan xocalılılarla. Cərrahlarımızın da hamısı əməliyyat otağında gərgin işləyirdi. Bir anlıq dünya dolandı başıma: İlahi, nə etməli?! Qaçdım terapiya şöbəsinə. Xəstələrin əksəriyyətinə şöbənin dəhlizinə çıxmalarını xahiş etdim. Yalvardım ki, kömək etmək hər birimizin borcudur. Xalqımızı düşmən görün nə günə salıb! Bildirdim ki, bu gün yalnız xocalılılara xidmət edəcəyik. Ona görə xahiş etdim ki, ayağı yer tutan xəstələrimiz sutkalıq dərmanlarını alıb evdə qəbul etsinlər...”
O gecə Asif həkim növbətçi tibb bacılarına tapşırır ki, yataq xəstələrinə vəziyyətin gərginliyini anlatsınlar və dərmanlarını verməklə təcili yardım maşını ilə evə yola salsınlar. Bildirsinlər ki, “xocalılılara tam yardım etdikdən sonra onları evlərində yoxlayacağam. Belə də etdilər. Terapiya şöbəsinin iki-üç işçisi ilə cərrahiyyəyə gələndə nə gördüm?! Dalanda, dəhlizlərdə adam əlindən tərpənmək, yol açıb içəri keçmək mümkün deyil. Birtəhər içəri keçərək yaralı xocalılılara başa saldıq ki, yarasından qan axmayan, don vurmuş xocalılılara terapiya şöbəsində lazımi kömək göstəriləcək. Xəstəxananın nəinki həkimləri, işçilərinin hamısı ağır xəstələrin xərəklərlə daşınmasına yardım edirdi. Dəqiqələr ərzində cərrahiyyə şöbəsini əməlli-başlı yüngülləşdirdikləri üçün həyətdəki bütün yaralılar vaxtında təcili tibbi yardım aldılar. Əl-ayağı donanların hamısı terapiya şöbəsində vaxtında və qədərincə, mümkün olan müalicələrlə təmin edildi”.
Beləliklə, o gecə aparılan çevik tədbirlər sayəsində yaralılar arasında gözlənilən ölüm hallarının qarşısı vaxtında alındığından don vuranların heç birinin barmağı belə kəsilmədi.
Həkim danışır: “...Tibb işçilərimizin yüksək xidməti, vətənpərvərliyi, peşə və vətəndaşlıq borcu sayəsində qısa vaxt ərzində böyük işlər görüldü. Bu, belə də olmalı idi. Lakin terapiyadakı xəstələr vaxtında şöbədən getməsəydilər, belə olmaya da bilərdi. Bax, bu yerdə heyran qalıram xalqımın dar məqamda göstərdiyi milli birlik nümayişinə. Ağdam camaatının xocalılılara göstərdiyi diqqət və qayğını o müdhiş gecədən salamat çıxıb yaşayanlar heç vaxt unutmurlar. Bu, qeyrət məsələsi idi. Belə ki, o gecə xəstəxanadan evlərə göndərilən nə xəstələr, nə də onların sahibləri azacıq olsa belə etiraz etmədilər. Axı onların da arasında nə desən ola bilərdi. Onlar öz canlarından belə keçməyə razı oldular, müsibətli soydaşlarımızın yaşaması naminə”.
Düşüncələrdən və fikir-xəyaldan ayılan həkim deyir ki, görəsən, başqa yerlərdə də belə fədakarlıq göstərilə bilərdimi? Tarixə, həm də çox uzaq olmayan ötən illərə nəzər saldıqda görürsən ki, bəli, böyük fədakarlıq göstərənlər olub, həm də az deyillər. Onlardan birini xatırlamaqla həkim fikrini əsaslandırmağa çalışır: “Ermənilərin xalqımıza qarşı elan olunmamış müharibəyə başladığı günlərdən Şəki Rayon Partiya Komitəsində şöbə müdiri işləyən Vahid Mehdiyev də belə xeyirxahlardan olub. O, həmin günlərdə yaşadıqları üçotaqlı mənzilin açarlarını RPK-ya təqdim edərək deyib ki, əgər qaçqınlıq olarsa, versinlər bir ailəyə. Özü isə şəhərdən xeyli kənar bir yerdə, qohum evinə sığınaraq yaşamağa başlayıb. Bəli, bu, dildə-ağızda çox dolaşmayan həqiqətlərin mində biridir. Bu gün də həmin mənzildə Mehdiyevlərin heç vaxt tanımadığı, Ermənistandan qovulan qaçqınlar yaşayırlar. Şəki RPK isə belə yüksək fədakarlığı nəzərə alaraq həmin küçəyə Vahid Mehdiyevin adını verib...”
Həkim dərindən nəfəs alaraq fikrini tamamlamağa çalışır: “...Belə faktlar qürurvericidir. Düşmən torpaqlarımıza hücum edib doğma yurdlardan xalqımızı perik salanda göstərdiyimiz milli təəssübkeşlik nə avropalıda var, nə də digər didərgin salınan xalqlarda. Bu, bizim xalqa məxsus milli dəyərlərimizdəndir. Onu qorumalıyıq. Əsas odur ki, milli kimliyini unutmayasan. Torpaqlar bütün dövrlərdə zaman-zaman işğal da edilib, azad da. Milli mənəvi dəyərlər isə minilliklər boyu formalaşır. Onu qorumalıyıq, göz bəbəyimiz kimi...”
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2018.- 27 fevral.- S.6.