Milli Rəqəmsal Yaddaş layihəsi
uğurla icra olunur
Müasir dövrümüz informasiya əsri kimi xarakterizə olunur. Elmi-texniki tərəqqinin nəticəsidir ki, informasiyanın yayılması getdikcə daha da sürətlənir. İnformasiya elə bir sürətlə yayılır ki, onu təqib etmək, ilk mənbəyini tapmaq, törətdiyi nəticələri tam olaraq görə bilmək getdikcə çətinləşir. Qloballaşmanın əsas göstəricilərindən biri də məhz qlobal informasiya məkanının formalaşması, beynəlxalq miqyasda fəaliyyət göstərən təşkilatların, qrupların, ölkələrin informasiyanı diktə etməsidir. Bunun müsbət tərəfləri ilə yanaşı, milli dövlətçiliyin, dəyərlərin təhlükə altına alınması da var.
Hazırda müharibələr də ilk olaraq informasiya ilə başlayır. İnformasiya müharibəsində üstün olanın hərbi qarşıdurmada da üstün olacağı hər kəsə bəllidir. Bəzən rəqibini dezinformasiya ilə çaşdırmaq, beynəlxalq və yerli ictimai rəyi ona qarşı yönəltmək də informasiya savaşında mühüm amil sayılır. Bütün bunlara görə ölkələr informasiya siyasətinə, informasiya təhlükəsizliyinə daha çox diqqət ayırmağa çalışırlar. Demək olar ki, dünyada informasiya təhlükəsizliyi mövzusu getdikcə prioritet olmağa başlayıb. Bunun üçün ən yeni üsullar sınaqdan çıxarılır, böyük maliyyə vəsaiti sərf olunur, araşdırmalar aparılır, planlar cızılır, qanunlar qəbul edilir. Dünya informasiya siyasətini diktə edən qlobal media şəbəkəsi onun maraqlarına, mənafeyinə cavab verməyən ölkə, qrup, hadisə haqqında elə bir rəy formalaşdırır ki, sonradan düzgün informasiyanın çatdırılması ya mümkünsüz olur, ya da çox zəif nəticə verir.
Azərbaycanda da informasiya siyasəti, informasiyanın yayılması, qorunub saxlanılması, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülür. Prezident İlham Əliyev tərəfindən “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” fərmanın imzalanmasından sonra bu proses demək olar ki, yeni mərhələyə qədəm qoydu. Respublikamızda informasiya təhlükəsizliyi siyasətinin təmin olunması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yeni qurum - Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradıldı. Bundan əlavə, dövlət qurumları üçün 7 əsas bölmədən ibarət olan İnformasiya Təhlükəsizliyi Kitabxanasının yaradılması bu sahədə ciddi dönüş oldu. Nəzərə alsaq ki, ölkəmiz Ermənistanla müharibə şəraitindədir, erməni lobbisi və onun dəstəkçilərinin təbliğat maşını tərəfindən yalan informasiya yayılır, o zaman bu amilə diqqət ayırmağın nə qədər vacib olduğu təsdiqini tapır.
İnformasiyanın istehsal edilməsi və yayılması ilə yanaşı, onlardan ən vacib olanlarının, Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyanların toplanılması, qorunub saxlanılması və gələcək nəslə çatdırılması böyük əhəmiyyət kəsb edir. İnternetin sürətli inkişafı, real aləmlə yanaşı onunla yarışa bilən, bəzən onu üstələyən virtual aləmin mövcudluğu göstərir ki, bu gün olduğu kimi, gələcəkdə də elektron sənədlərə daha çox diqqət ediləcək, yüksək önəm veriləcək.
Bu baxımdan məqsədi Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, Azərbaycan Respublikasının müstəqillik illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərini təbliğ etmək, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarını genişləndirmək, müasir elmi araşdırmaların aparılması üçün informasiya təminatını yaxşılaşdırmaq, milli-tarixi irsimizi təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərini toplayıb saxlamaq, dünya elmi, tarixi və mədəniyyətini istifadəçilərə təqdim etmək olan Mərkəzi Elmi Kitabxana (MEK) elektron resursları toplamaqla, onları istifadəçilərə təqdim etməklə ölkəmizin informasiya təhlükəsizliyinə, təbliğat siyasətinə ciddi töhfə verir. MEK və onun tərkibində fəaliyyət göstərən İnformasiya resursları mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının informasiya resurslarını mərkəzləşdirən və əlaqələndirən müasir kitabxana - informasiya sistemi kimi fəaliyyət göstərir.
MEK bununla kifayətlənməyərək Azərbaycana aid informasiyanı idarə oluna və əlaqələndirilə bilən strateji resursa çevirmək, informasiya müharibəsində üstünlük qazandıracaq təsirli silah formalaşdırmaq məqsədilə Milli Rəqəmsal Yaddaş layihəsini həyata keçirir. Milli Rəqəmsal Yaddaş layihəsi 2014-cü ildən icra olunur. MRY-nin məqsədi Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçısının istifadəsinə verməkdir.
Layihə ilə bağlı ilk olaraq 2014-cü il mayın 5-də Mərkəzi Elmi Kitabxananın yeni binasının açılış mərasimində Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən kitabxana, fond, muzey, orta məktəblər, ali təhsil ocaqları, elmi tədqiqat institutları, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, yaradıcılıq ittifaqlarının fondları, dövlət foto arxivi, həmçinin dünya muzeyləri, sərgi salonları və elmi tədqiqat mərkəzlərində Azərbaycana aid müxtəlif məlumatlar, incəsənət nümunələri, əlyazmalar, eksponat və sənədlərin elektron kataloqu yaradılacaq. Bu kataloq sistemləşdirilərək Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək. Bu isə istər həmyerlilərimiz, istərsə də xaricilər üçün Azərbaycan haqqında dolğun və obyektiv məlumatlardan istifadə imkanı yaradacaq. Milli Rəqəmsal Yaddaşın bir nüsxəsi istifadəyə veriləcək, digər ehtiyat nüsxə isə təhlükəsiz serverdə saxlanılacaq.
Ötən müddət ərzində Mərkəzi Elmi Kitabxananın birinci strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsinin icrasına kitabxana əməkdaşları səfərbər edildi. Görülən işlər nəticəsində Milli Rəqəmsal Yaddaş proqramı platforması formalaşdırıldı, işlək vəziyyətə gətirildi, elmi əsərlərin elektron formatda vahid bazaya toplanması sistemli şəklə salındı. AMEA elmi müəssisələrinin əksəriyyəti tərəfindən MRY bazasına milli yaddaşa salınması üçün tövsiyə olunan sənədlərin siyahısı təqdim olundu. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu MEK-in unikal layihəsi olan Milli Rəqəmsal Yaddaşa dəstək verməklə bu işin daha da genişlənməsinə “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsinin dəstəklənməsi ilə ciddi töhfə verdi. Hazırda Mərkəzi Elmi Kitabxana bu istiqamətdə fəaliyyətini daha da genişləndirməkdə, Azərbaycan üçün əhəmiyyət daşıyan sənədlərin MRY bazasına daxil edilməsi işini davam etdirməkdədir. İnanırıq ki, sənədlərin əsas hissəsinin toplanılması işi başa çatdıqdan sonra istifadəçilərin ixtiyarına veriləcək olan MRY bazası dövlətimizin informasiya siyasətinə daha ciddi töhfə vermiş olacaq.
Mübariz GÖYÜŞLÜ,
AMEA Mərkəzi Elmi
Kitabxanasının
Beynəlxalq
və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri
Azərbaycan.-
2018.-27 fevral.- S.7.