Seçkilərdə namizədin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsinə dair tələblər

 

Seçki hüququ vətəndaşların dövlət hakimiyyətinin təşkilinə birbaşa təsirini ifadə edən və Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra - Konstitusiya) təsbit edilmiş əsas hüquqlarından biridir. Konstitusiyanın 56-cı maddəsində Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar kütləvi informasiya vasitələrində rəsmi dərc edildikdən sonra seçki prosesinin çox önəmli bir mərhələsinə - prezidentliyə namizədliyin irəli sürülməsinə start verilir. Konstitusiyanın 100-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Qanunvericiliyin tələbinə görə aktiv seçki hüququ olmayan (18 yaşı tamam olmayan) və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

Prezidentliyə namizəd üçün nəzərdə tutulmuş passiv seçki hüququ KonstitusiyadaSeçki Məcəlləsində müəyyən edilmiş bir neçə hallarda məhdudlaşdırılır. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə (ağır və xüsusi ilə ağır) məhkum olunmuş şəxslər, ikili vətəndaşlığı olan Azərbaycan Respublikasının vətəndaşları ikili vətəndaşlığı olan müddət ərzində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına seçilmək hüququndan məhrumdurlar. İkili vətəndaşlıq şəxsin eyni zamanda iki və daha artıq dövlətin vətəndaşı olmasını ifadə edir. Həmin vətəndaşlar eyni anda bir neçə dövlət qarşısında hüquq və vəzifələrə malik olurlar. Belə olan halda vətəndaş ikili vətəndaşlığı olan müddət ərzində passiv seçki hüququndan məhrum olur.

Eyni zamanda xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək və s. kimi amillər vətəndaşın xarici dövlət qarşısında öhdəliklərinin yaranmasına səbəb ola bilər. Vətəndaşın xarici ölkə qarşısında yaranmış siyasihüquqi öhdəlikləri onun seçkili orqanlarda təmsil olunmaq imkanını əlindən almış olur. Belə statuslu vətəndaşlar başqa ölkə qarşısındakı öhdəliklərinə xitam verilənədək seçkili orqanlara seçilmək hüququndan istifadə edə bilməzlər.

Bundan əlavə, Konstitusiyanın 56-cı maddəsi və Seçki Məcəlləsinin müddəaları vəzifələrin uzlaşmaması hallarını müəyyən etməklə bəzi vətəndaşların seçkili orqanlara, o cümlədən prezident seçilmək hüququnu məhdudlaşdırmışdır. Belə olan halda vətəndaşın tutduğu vəzifəyə və ya qulluq mövqeyinə görə həmin vəzifədə və ya qulluq mövqeyində olduğu müddət ərzində passiv seçki hüququ olmur. Belə ki, hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə), hakimlər (hakim olduqları müddətdə), dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə) və din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə) prezident seçilə bilməzlər.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlər seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra passiv seçki hüququna malik olan və Konstitusiyanın 100-cü maddəsinin tələblərinə cavab verən vətəndaşların özləri, seçicilərin təşəbbüs qrupları, habelə siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilərlər.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürən vətəndaş (və ya onun səlahiyyətli nümayəndəsi) Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyin irəli sürülməsinə dair bildirişi, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir), namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, həmin səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursabu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.

Seçki Məcəlləsinin 53 və 180.2 maddələrinə əsasən seçki hüququ olan hər bir vətəndaş, yaxud vətəndaşlar prezidentliyə namizəd irəli sürmək üçün azı 100 nəfərdən ibarət tərkibdə seçicilərin təşəbbüs qrupu yarada bilərlər. Bunun üçün onlar öz yığıncağını keçirməlidirlər. Təşəbbüs qrupunun üzvlərinin müxtəlif ərazi vahidlərində yaşamaları faktı onların təşəbbüs qrupunun üzvü olmasına maneçilik törədə bilməz. Təşəbbüs qrupu yaratmaq istəyən seçicilər bələdiyyə qurumunun rəhbərliyinə və ya ərazi üzrə icra hakimiyyətinin yerli nümayəndəsinə yığıncaq keçirmək üçün yer ayrılması barədə yazılı müraciət edə bilərlər. Həmçinin seçicilərin təşəbbüs qrupunun yığıncağı seçicilərin yaşayış yeri üzrə, icra və bələdiyyə qurumlarının, o cümlədən digər hüquqi şəxslərin ərazi və binalarında keçirilə bilər. Müvafiq yer müəyyənləşdirildikdən sonra təşəbbüs qrupu yaratmaq istəyən seçicilərə yığıncağın keçirilməsi üçün ayrılmış yervaxt barədə məlumat verilir.

Həmin yığıncaqda seçicilərin təşəbbüs qrupunun yaradılması və ona ad verilməsi, təşəbbüs qrupunun nümayəndəsinin müəyyən edilməsi, prezidentliyə namizədliyin irəli sürülməsi, namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün Mərkəzi Seçki Komissiyasına bildirişlə müraciət edilməsi məsələləri həll edilir və yığıncağın gündəliyinə çıxarılaraq müzakirə edilmiş hər bir məsələ barədə qərar qəbul olunur və yığıncağın protokolu tərtib edilir. Protokolu iclasın sədri və katibi imzalayır. İclasın protokolunun həmin qurumların, o cümlədən iclasın keçirildiyi yerin məxsus olduğu hüquqi şəxslərin möhürü ilə təsdiq edilməsi də mümkündür. Seçicilərin təşəbbüs qrupunun irəli sürdüyü prezidentliyə namizədin sənədlərini Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun nümayəndəsi, habelə namizəd və ya onun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Prezidentliyə namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə Mərkəzi Seçki Komissiyasına seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu, namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş, Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə prezidentliyə namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, əsas ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü), məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar, habelə prezident seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir), namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi, namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair məlumat daxil edibsə, bu barədə təsdiqedici sənəd təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyin irəli sürülməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə 5 gün müddətində baxılır, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə müvafiq qərar qəbul edilir və həmin qərar namizədə və ya onun səlahiyyətli nümayəndəsinə verilir.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsas yalnız Seçki Məcəlləsinin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsində qanunla müəyyənləşdirilmiş qaydanın pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edironun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.

Hazırda Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsindəyik. İnamla demək olar ki, indiyədək ölkəmizdə keçirilən digər seçkilər kimi, qarşıdan gələn seçkilər də azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin tarixində özünəməxsus yer tutacaq.

 

Arifə MUXTAROVA,

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi

 

Azərbaycan.- 2018.- 27 fevral.- S.4.