“Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə
iki müəssisəsi işə salınıb
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.
İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.
Məlumat verildi ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.
Dövlətimizin başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdirdilər.
Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə saldı.
Bildirildi ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış oldular.
Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Mingəçevir şəhərinin həyatında çox əlamətdar bir gündür. Biz Mingəçevir Sənaye Parkının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.
Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.
Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.
Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.
Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.
Azərbaycanda hazırda
altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu
gün istifadəyə verilir. Beləliklə,
onların sayı səkkizə qalxır və altı fabrikin
istehsal gücü 24 min ton iplikdir. Bu iki
fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni, bu müasir fabriklərdə əvvəlki
dövrlərdə istifadəyə verilmiş fabriklərlə
demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və
həm daxili tələbatı təmin edəcək, həm də
ixrac olunacaq.
Bu gün bizim əsas məqsədimiz
qeyri-neft ixracının artırılmasıdır və bu
istiqamətdə də çox gözəl işlər
görülür. Eyni zamanda, bu fabrikin timsalında biz
ölkəmizin hərtərəfli inkişafını
görürük. Çünki bu,
böyük sənaye mərkəzidir, sənaye müəssisələridir.
Eyni zamanda, burada əsas xammal yerli
pambıqdır, mahlıcdır. Son illər
ərzində pambıqçılığın sürətli
inkişafı bu fabriklərin yaranmasına zəmin oldu.
Əgər biz iki il bundan əvvəl
pambıqçılığın dirçəldilməsi ilə
ciddi məşğul olmasaydıq, bu fabriklər də
yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək,
burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs
ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq
istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm
ki, bu il daha çox pambıq
yığımı nəzərdə tutulur. Pambığın,
mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə
əlavə dəyər, iş yerləri yaranacaq və biz
mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə
hazır məhsulu, tekstili, parçanı ixrac edə və
daxili bazarı təmin edə bilərik.
Kənd təsərrüfatının
sürətli inkişafına böyük dövlət dəstəyi
göstərilir, texnika alınır, suvarma işləri
aparılır, güzəştli şərtlərlə
gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən
pambıqçılığın inkişafı, sənaye
müəssisələrinin yaradılması üçün
dövlət öz dəstəyini göstərir. Özəl
sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli
inkişafı üçün bu əsas istiqamət mütləq
inkişaf edəcək. Sənaye
istehsalı, kənd təsərrüfatı məhsullarının
istehsalı - Mingəçevirdə biz bu iki önəmli sahənin
birləşməsini görürük və beləliklə,
Mingəçevir dediyim kimi, Azərbaycanın ən
güclü sənaye mərkəzlərindən birinə
çevrilir.
Bu, hələ
başlanğıcdır. Bu iki fabrikin işə
düşməsi əminəm ki, yeni fabriklərin
yaranmasına təkan verəcək və planlar da var.
2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi
ki, yeni fabriklərin yaranması nəzərdə tutulur.
Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə
minlərlə yeni iş yeri yaradılacaqdır.
Bütövlükdə Mingəçevirin
inkişafına böyük diqqət göstərilir. Mənim bu səfərim
Mingəçevirə Prezident kimi 7-ci səfərimdir. Əvvəlki dövrlərdə bir çox
açılışlarda iştirak etmişəm. Mingəçevirdə
sosial sahədə böyük işlər görülür,
430 çarpayılıq mərkəzi şəhər xəstəxanası
əsaslı şəkildə təmir edilmişdir, Kür
Olimpiya avarçəkmə bazası yenidən qurulmuşdur,
ictimai binalar, mədəniyyət mərkəzləri,
şahmat, gənclər mərkəzləri istifadəyə
verilmişdir. Mingəçevirin mədəni həyatı
da zəngindir, bu istiqamətdə də işlər
görülmüşdür. İnfrastruktur layihələri
icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97
faizdir, artıq Mingəçevirə içməli su verilir
və bu gün içməli su layihəsinin rəsmi
açılış mərasimi keçirildi. Bu
da çox böyük layihədir. İçməli
su və kanalizasiya layihələri birlikdə təqribən
300 milyon manata yaxın vəsait tələb edib. İçməli su məsələsi artıq həll
olunub. Əvvəlki illərdə əgər əhalinin
50 faizi içməli su alırdısa, indi əhalinin 100 faizi
təmin edilir və Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun içməli su verilir.
Bu gün, eyni zamanda, Mingəçevir
su elektrik stansiyasının əsaslı yenidənqurmadan sonra
açılışı oldu. Onun gücü 300
meqavatdan 420 meqavata çatdırıldı. Bu gün Mingəçevirdə “ASAN Həyat”
kompleksi açılır, bu da şəhər sakinləri
üçün növbəti hədiyyədir. Yollar abadlaşdırılıb, yəni, Mingəçevir
hərtərəfli inkişaf edir. Mingəçevirin
gələcək inkişafı üçün əlavə
tədbirlər görüləcək ki, şəhər daha
da sürətlə inkişaf etsin.
Eyni zamanda, son illərdə
Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər
açılır, turistlərin sayı artır. Turizm hərtərəfli inkişaf edəcək.
Amma, əlbəttə, Mingəçevir, ilk
növbədə, gözəl, müasir sənaye mərkəzi,
yüngül sənaye mərkəzi kimi inkişaf etməlidir.
Şəhərin inkişafı
üçün nə lazımdırsa, biz onu da edəcəyik.
Bax bu gün bu iki fabrikin
açılışı göstərir ki, nə demişiksə,
onu da edirik. Hansı söz verilmişdirsə,
o da yerinə yetirilir.
Sizi bu gözəl hadisə
münasibətilə təbrik edirəm və uğurlar
arzulayıram.
Sağ olun.
***
Müəssisənin işçisi Hüseyn HƏŞİMOV mingəçevirlilər
üçün gözəl hədiyyə olan yeni fabriklərin
inşasına verdiyi dəstəyə və
bütövlükdə şəhərin inkişafına
göstərdiyi diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını
bildirərək dedi:
- Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi
kollektivimiz və bütün şəhər ictimaiyyəti
adından salamlayaq. Bu gün bizlər üçün
çox əlamətdar bir gündür. İl yarım
bundan əvvəl Sizin xeyir-duanızla təməli
qoyulan Mingəçevir Sənaye Parkının ilkin mərhələsinin
açılışını edirsiniz. Bu
gün respublikamızda yerli sənaye xammalından istifadə
etməklə sənaye müəssisələrinin
yaradılmasına xüsusi diqqət yetirilir. Bu,
sözsüz ki, Sizin
düşünülmüş və uzaqgörən siyasətinizdir.
Həmçinin son dövrlər Sizin
tapşırığınızla
pambıqçılığın inkişafı istiqamətində
də çox böyük addımlar
atılmışdır. Pambıqçılıq
artıq öz əvvəlki şöhrətini qaytarır.
Bu sahənin yüksək templə inkişaf etməsi
yeni istehsal və emal müəssisələrinin qurulmasına
xüsusi ehtiyac yaradır.
Bu gün
açılışını etdiyiniz fabriklərdə
Almaniya, İspaniya, İsveçrə, Yaponiyadan gətirilmiş
ən müasir avadanlıqlar quraşdırılıb. Burada
pambıq mahlıcından ildə 20 min ton müxtəlif
ipliklərin hazırlanması nəzərdə tutulur. Bu ipliklər həm xarici bazara ixrac olunacaq, həm də
Sənaye Parkının digər mərhələlərində
yüngül sənaye məhsullarının istehsalında
istifadə ediləcək. Bu fabriklərin
işə düşməsi nəticəsində artıq 700
nəfər burada işlə təmin olunacaqdır. Sənaye Parkı tam gücü ilə işə
düşəndən sonra isə şəhərin minlərlə
sakini artıq burada daimi işlə təmin ediləcək.
Bu müəssisələrin işə
düşməsi Mingəçevirimizə bir daha şəhər
əhval-ruhiyyəsi gətirir və şəhərimiz
üçün ənənəvi olan istehsal sahələrinin
də inkişafına öz töhfəsini vermiş olur.
Bu, həmçinin əhalinin işlə təmin
olunmasına, onların sosial-rifahının
yaxşılaşdırılmasına, həm də qeyri-neft
sektorunun inkişafına və bölgə
iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş
siyasətinizin bariz bir nümunəsidir. Sizin
qeyri-neft sektorunun inkişafına və neftdən
asılılığın aradan qaldırılmasına
yönəlmiş bu siyasətiniz hamımızın ürəyincədir.
Mən ali təhsilli
mütəxəssisəm. Əvvəllər
müxtəlif sahələrdə
çalışmışam. Ötən
ildən burada briqadir kimi əmək fəaliyyətinə
başlamışam, hazırda isə iplik fabrikinin istehsalat rəhbəri
vəzifəsində çalışıram. Tam əminliklə deyə bilərəm ki, Mingəçevir
Sənaye Parkı Cənubi Qafqazın ən böyük
yüngül sənaye parkına çevriləcəkdir.
Çox sağ
olun, cənab Prezident, diqqət və qayğınıza
görə biz mingəçevirlilər Sizə minnətdarıq.
Həmçinin Sizinlə birlikdə Azərbaycan
xalqının qayğısını çəkən
Mehriban xanıma dərin minnətdarlığımızı
bildiririk. Biz mingəçevirlilər əmin edirik ki, həmişə
yalnız Sizin siyasi xəttinizi dəstəkləyəcəyik
və həmişə Sizinlə olacağıq.
Möhtərəm cənab
Prezident, bu gün çox əlamətdar bir gündür. Xalqımızın,
elimizin gözəl bayramı olan Novruzun ilk çərşənbəsi
– su çərşənbəsidir. Bu gözəl
bayram münasibətilə biz Sizi, ailə üzvlərinizi təbrik
edirik. Qoy, Novruzun bu bayram günləri
xalqımıza xoş müjdələr gətirsin. Elə müjdələr gətirsin ki, Azərbaycanın
hər bir vətəndaşı ondan faydalana bilsin. Sizə uzun ömür, cansağlığı və
Azərbaycanımızın gələcəyi naminə
aparacağınız işlərdə yeni-yeni uğurlar
arzulayırıq.
Prezident İlham Əliyev: Sağ
olun. Sizi də bayram münasibətilə təbrik
edirəm. Sizə cansağlığı
arzulayıram, uğurlarınız çox olsun.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2018.- 28 fevral.- S.3-4.