Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin
növbədənkənar qurultayı keçirilib
Fevralın 27-də Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayın işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri Fuad İsgəndərov, Niderlanddakı müvəqqəti işlər vəkili Cəlal Mirzəyev, Avropa ölkələrindəki diaspor nümayəndələri, ölkəmizin bir sıra aparıcı media qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayın açılışında çıxış edib.
Əli Həsənov deyib ki, Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur. Dövlətimizin inkişafını, diasporumuzun qarşısında duran vəzifələrin aktuallığını, müzakirə olunan məsələlərin vacibliyini nəzərə alsaq, bu qurultay tam vaxtında keçirilir. Qurultayın indi keçirilməsi Avropa azərbaycanlılarının ötən dövrdəki fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək baxımından məqbul sayıla bilər.
Prezidentin köməkçisi fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Amsterdamda keçirilən anım tədbirindən danışaraq deyib: “Xocalı soyqırımı bir günün məsələsi deyil. Xocalıya gələn yolun - ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qurublar. Ermənilər azərbaycanlıları zaman-zaman öz torpaqlarından qovub, qətlə yetirib, soydaşlarımızın yaşadığı yerləri dağıdıblar. Faktiki olaraq ermənilər böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışırlar. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri var.
Xocalıda həlak olanlar dinc insanlar idilər. Ermənilər bu soyqırımını azərbaycanlıların gözünü qorxutmaq, yaşadıqları torpaqlardan kütləvi şəkildə qovmaq kimi mənfur məqsədlə törədiblər. Bizim diasporun qarşısında duran əsas vəzifə bu ağrı-acıları olduğu kimi dünyaya çatdırmaqdır. Ermənilərin xislətini, azərbaycanlılara qarşı qanlı soyqırımı həyata keçirmiş vəhşi, cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasəti bütün dünyaya çatdırmaq həm dövlətimizin, həm Azərbaycan cəmiyyətinin, həm də diasporumuzun bir nömrəli vəzifəsidir. Əlbəttə, bunu həyata keçirmək o qədər də asan deyil. Ermənilər uzun müddətdir anti-Azərbaycan fəaliyyətini həyata keçirərək, bu məqsədlə dünyanın ayrı-ayrı ölkələrində yuvalar qurub, buna dünyanın aparıcı media nümayəndələrini cəlb ediblər. Onlar xarici ölkələrin antimüsəlman, antitürk ovqatlı siyasətçilərini də bu işə qoşublar. Erməni lobbisinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını da bu işə cəlb ediblər. Onların lobbiçiliyi ilə yaradılan anti-Azərbaycan koalisiyası təəssüf ki, güclüdür. Azərbaycan dövləti, elitası, diasporu bu gücün qarşısında mübarizə aparır. Açıq deyim ki, çox çətin vəzifə qarşısındayıq”.
Ermənilərin
Dağlıq Qarabağda həyata keçirdikləri
işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən
son vaxtlar “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd
etdiklərini diqqətə çatdıran Əli Həsənov
deyib: “Ermənilər böyük mərkəzlər
yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri
Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə
xaricdəki erməni lobbisi, imkanlı ermənilər pul
köçürürlər. “Artsaxı
tanıdaq” kampaniyasının da məqsədi dünyanın
müxtəlif ölkələrinin səyyahlarını,
siyasətçilərini, keçmiş və indiki dövlət
xadimlərini, məşhur jurnalistləri, bloqqerləri Ermənistana
aparıb oradan Dağlıq Qarabağa keçirməkdir.
Dağlıq Qarabağda yaradılan mövcud
rejim real vəziyyəti dünyaya tanıtmaq istiqamətində
fəaliyyət göstərir. Guya orada
formalaşmış dövlət var, azərbaycanlılar onu
dağıtmaq istəyir və sair məsələləri təbliğ
edirlər. Belə şəraitdə biz Xocalı
soyqırımının ildönümünü hər il keçiririk və keçirməliyik. Bu məsələdə diasporumuzun üzərinə
mühüm vəzifə düşür. Hər bir azərbaycanlı bu gün fədakar
olmağa borcludur. Hər bir azərbaycanlı
fədakarcasına öz milli vəzifəsini icra etməlidir”.
Prezidentin köməkçisi qeyd
edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinin tamam olmasından da ermənilər anti-Azərbaycan
ruhda istifadə etmək istəyirlər. Əli Həsənov
deyib: “Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçiliyimizin
bir parçasıdır. Onlar deyirlər ki, azərbaycanlıların
cəmi 100 illik dövlətçilik tarixi var. Amma ermənilər
undurlar ki, onlar İrəvan xanlığının ərazisində
dövlət qurublar. İrəvan
xanlığı Azərbaycan dövlətidir. Amma bizim mərkəzləşmiş dövlətimizin
tarixi daha qədimə gedir. XVI əsrdə
artıq mükəmməl Səfəvilər dövlətinin
olması buna sübutdur”.
Azərbaycan mediasında tez-tez
dövlət rəsmilərinin, ziyalıların
çıxışlarının verildiyini söyləyən
Əli Həsənov deyib: “Bizim qarşımızda Azərbaycanın
dövlətçiliyinin yaşaması, dövlətçiliyimizin
əbədiyaşar olması vəzifəsi durur. Qarşımızda Azərbaycanın iqtisadi, sosial,
siyasi maraqlarının təmin olunması məqsədi
dayanır”.
“Azərbaycan mətbuatı, diasporu
dövlət maraqlarının qorunmasını
qarşısında məqsəd kimi qoyur və
qoymalıdır”, - deyən Prezidentin köməkçisi qeyd
edib: “Biz 30 ildir Ermənistanın Azərbaycana qarşı
apardığı işğal siyasətini dünyaya
çatdırmaqla yanaşı, Azərbaycanın Cənubi
Qafqazda sülh tərəfdarı olmasını da təbliğ
etməliyik. Diaspor bunu qarşısına vəzifə
kimi qoymalıdır. Azərbaycan enerji, nəqliyyat,
kommunikasiya siyasətini təkcə öz xalqının
maraqları, firavan həyatı üçün istifadə
etmir. O cümlədən digər bölgə ölkələrinə,
işğalçılıq siyasətindən əl çəkəcəyi
təqdirdə elə Ermənistana da şərait yaratmaq istəyir.
Azərbaycan bölgəyə sülh, firavanlıq,
Ermənistan isə müharibə, işğal, fəlakət
gətirir”.
Azərbaycan diasporunun, həmçinin
ölkənin transmilli, geosiyasi maraqlarını təbliğ
etməsinin zəruriliyini vurğulayan Əli Həsənov
deyib: “Bu gün Azərbaycan Avropa İttifaqının
reallaşdıra bilmədiyi “Nabucco” layihəsini Türkiyə
ilə birlikdə həyata keçirir. “Cənub
Qaz Dəhlizi” layihəsi faktiki olaraq Avropaya ikinci enerji təhlükəsizliyi
nəfəsi verəcək. Bu istiqamətdə
təbliğat aparılmalıdır. Ermənilər
bunlara mane olmaq istəyir, onların bu əməllərini
yaşadığınız ölkədə təbliğ
edin. Ermənilər ayrı-ayrı ölkələrin
bəzi media orqanlarında bu layihələrin əleyhinə
çıxış edirlər. Hansı
ki, o ölkələrin Azərbaycanın enerji resurslarına
həqiqətən böyük ehtiyacı var”.
Prezidentin köməkçisi
bildirib ki, təhlükəsizlik Azərbaycanın
maraqlarının əsas prioritetini təşkil edir. Bu gün Azərbaycan
Ordusu bölgənin texniki cəhətdən təmin
olunmuş, döyüş qabiliyyəti yüksək olan
ordusu hesab edilir. Aprel döyüşləri
bunu aydın göstərdi. Bu gün bizə
mane olmasalar, yaxud da biz ermənilərin Azərbaycan
torpaqlarını azad etməyəcəyi qənaətinə
gəlsək, bir ay ərzində torpaqlarımızı azad
etmək gücündəyik. Bunun
üçün əsas resurs dövlətdir. Dövlətimiz inkişaf edir, möhkəmlənir.
Prezident İlham Əliyev 15 il ərzində Azərbaycanı
inkişaf etdirərək dövlətin mövcud
imkanlarını azı 3,5 dəfə
artırıb. Büdcə, sosial resurslar, hərbi,
iqtisadi, xarici siyasət resursları və sair buna aiddir. Bu gün Azərbaycanın demək olar ki, həll edə
bilməyəcəyi məsələ yoxdur. Bizim həll
edilməyən yeganə problemimiz Dağlıq Qarabağ məsələsidir
ki, bunun da üzərində iş görürük. Azərbaycan bu məsələdə artıq
bütün sivil dünyaya haqlı olduğunu
çatdırıb. Təəssüf ki,
beynəlxalq aləmin ikili standartlar səbəbindən hələ
ki, son qərar verilməyib.
Əli Həsənov qeyd edib
ki, Azərbaycan dövlətinin rəsmi resursları ilə
yanaşı, milli elita, media və diaspor da ölkənin
xarici siyasətinin, milli maraqlarının təbliğində
xüsusi rola və gücə malikdir.
Müasir dünyada gedən proseslərə
toxunan Əli Həsənov bildirib ki, indiki dövrdə biz
birlikdə güclü ola bilərik. Odur ki, biz xarici ölkələrdə yaşayan azərbaycanlılara
inanırıq, güvənirik. Amma, eyni
zamanda, istəyirik ki, siz də Azərbaycan dövlətinə
inanasınız, güvənəsiniz. Bu il
bizi çoxsaylı tədbirlər gözləyir. Düşünürəm ki, bütün bu məsələlərdə
siz öz enerjinizi, dəyərli vaxtınızı əsirgəməyəcəksiniz.
Azərbaycan dövləti də həmişə
sizə dəstək olmağa hazırdır.
İnanıram ki, Azərbaycan dövlətinin xaricdə
yaşayan azərbaycanlıları birləşdirmək
istiqamətində atdığı hər bir addım sizin tərəfinizdən
təqdir olunur, dəstəklənir və siz bu addımlara
söykənərək öz aranızda daha sıx birlik
yaradacaqsınız, ana Vətən olan Azərbaycanla
birliyinizi möhkəmləndirəcəksiniz və Azərbaycanın
tərəfdaşları ilə çiyin-çiyinə verərək
bizim maraqlarımızın ifadə olunmasında iştirak edəcəksiniz.
Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov
çıxışında soydaşlarımızın
yaşadıqları ölkələrin ictimai-siyasi və mədəni
həyatına daha çox inteqrasiya etmələrinin əhəmiyyətindən
danışıb. O bildirib ki, Avropada azərbaycanlıların yeni nəsli
yetişir. Azərbaycanlılar
çalışmalıdırlar ki, yaşadıqları
ölkələrdə cəmiyyətə daha çox
inteqrasiya etsinlər, yeni nəslə daha çox imkanlar
yaratsınlar.
Dövlət Komitəsinin sədri
qeyd edib ki, Azərbaycan dövləti diasporun inkişafına
maksimum dərəcədə dəstək verir və bu məsələ
Prezident İlham Əliyevin daim diqqətindədir. Harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
öz Vətəni üçün fəaliyyətini gücləndirməlidir.
AAK-ın son dövrlər
bir sıra uğurlu layihələr həyata keçirdiyini
vurğulayan Nazim İbrahimov bildirib ki, bu qurultay təşkilatın
tarixində yeni bir səhifə açmalıdır. “İndi bizim
qarışımızda yeni vəzifələr dayanır.
Azərbaycanlılar yaşadıqları ölkələrdə
siyasi proseslərə təsir imkanına malik bir gücə
çevrilməlidir. Azərbaycan Prezidenti
də dünya azərbaycanlılarının son
qurultayındakı nitqində bu məqamı xüsusi olaraq
vurğulayıb. Hesab edirəm ki, biz bu qurultayda yeni
dövr üçün fəaliyyətimizin
strategiyasını dəqiq müəyyən edəcəyik”,
- deyə o bildirib.
Azərbaycanın
Belçika və Lüksemburqdakı səfiri, ölkəmizin
Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri
Fuad İsgəndərov qurultayda çıxış edərək
xaricdəki Azərbaycan diplomatlarının diasporun dəstəyinə
ehtiyacı olduğunu qeyd edib.
Səfir deyib ki, diplomatların fəaliyyətində nəticələrin əldə edilməsində diasporun rolu güclü olmalıdır: “Mən xüsusilə Avropadakı diasporumuzu bu məsələdə fəal olmağa çağırıram. Avropa Parlamentində erməni diplomatları deyil, diaspor nümayəndələri danışıqlar aparırlar. Bu səbəbdən diasporumuz üçün yerli deputatlarla əlaqələrin gücləndirilməsi prioritet məsələ olmalıdır. Azərbaycanın Avropadakı real fəaliyyətini genişləndirməliyik. Bu gün Avropanın bir neçə ölkəsində Azərbaycan həqiqətləri ilə bağlı abidə var. Bu, təbii ki, diasporun uğurudur, amma əlaqələrin genişləndirilməsində daha fəal olmalıyıq. Mən açıq deyə bilərəm ki, ermənilərlə mübarizənin diplomatik, hərbi və eyni zamanda, diaspor cəbhəsi var. Diasporun qarşısında ciddi vəzifələr durur”.
Daha sonra AAK-ın prezidenti Sahil Qasımov geniş hesabat məruzəsi ilə çıxış edərək təşkilatın 2017-ci ildəki fəaliyyəti barədə qurultay iştirakçılarına məlumat verib. Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci ildə qitədə 4 yeni diaspor təşkilatının yaradıldığını qeyd edən AAK prezidenti Konqresin V Qurultayından ötən dövr ərzindəki fəaliyyəti, xüsusilə də Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətindəki görülmüş işlər barədə məlumat verib.
Sonra AAK-ın VI qurultayının mandat komissiyası sədrinin məruzəsi dinlənilib.
Qurultay Azərbaycan Xalq Cümhuriyyətinin və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlərə, Azərbaycan diasporunun işində medianın roluna həsr edilmiş panellərlə davam edib.
Qurultay çərçivəsində Azərbaycan diasporunun fəaliyyətinə verdiyi böyük töhfəyə görə bir sıra fəal iştirakçıya medallar və fəxri fərmanlar təqdim edilib.
AZƏRTAC
Azərbaycan.-
2018.- 28 fevral.- S.1; 5.