Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər

 

Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayında təşkilatın fəaliyyəti, ağsaqqalların cəmiyyət həyatındakı rolu yüksək qiymətləndirilib

 

Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları və Şuranın üzvləri iştirak ediblər.

Şuranın sədri, Milli Məclisin deputatı Fəttah Heydərov tədbirdə iştirak etmək üçün seçilmiş 203 nümayəndədən 198-nin qeydiyyatdan keçdiyini bildirib.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra ulu öndər Heydər Əliyevin, eləcə də VI qurultaydan ötən dövrdə dünyasını dəyişmiş Şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurultayın işçi orqanları seçiləndən sonra gündəlik təsdiq edilib, hesabat məruzəsi dinlənilib. Hesabat məruzəsi ilə çıxış edən Şuranın sədr müavini Bayram Yusifov diqqətə çatdırıb ki, Azərbaycan Ağsaqqallar Şurası hər zaman olduğu kimi, son beş illik fəaliyyəti dövründə də ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edərək Vətənimizin tərəqqisi naminə böyük səylər göstərib. Sıralarında respublikamızın müdrik ağsaqqallarını, o cümlədən dəyərli ziyalılarımızı, elm, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri birləşdirən Şura, onun rayon və şəhər təşkilatları hesabat dövründə fəaliyyətlərini daha da genişləndirib, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadihumanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə böyük töhfələr veriblər. Xüsusilə yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər.

Son beş il ərzində Azərbaycan Ağsaqqallar Şurası beynəlxalq əlaqələrinin genişlənməsinə də xüsusi diqqət yetirib. Ortaq tarixin, mədəniyyətin, müştərək dəyərlərin birləşdirdiyi xalqların təmsil olunduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurasına) üzv ölkələrin Ağsaqqallar Şurasının işində xüsusi fəallıq göstərən Azərbaycan Ağsaqqallar Şurası bu qurumun indiyədək keçirilmiş bütün tədbirlərində yaxından iştirak edib, Şuraya daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına öz layiqli töhfəsini verib. Hesabat dövründə də Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Qəbələdə, Bişkekdə, Almatıda, İstanbulda, Astanada və digər şəhərlərdə keçirilən toplantılarında bu səmərəli fəaliyyət davam etdirilib. Əsasən türkdilli dövlətlərin mədəni-humanitar və digər sahələrdə əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilən bu toplantılarda ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə qurulması, diasporların fəaliyyətinin intensivləşdirilməsi, Şura üzvü olan ölkələrin Avropada artan islamafobiyaya qarşı birgə mübarizə aparması, Ortaq Türk Dünyası Tarixinin yazılması kimi bir çox məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.

Qurultayda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Təsadüfi deyil ki, Ağsaqqallar Şurası bir qurum kimi Azərbaycanda gərgin vəziyyətin hökm sürdüyü vaxtda yaranıb. Bu, təqdirəlayiq və məntiqli idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təşkilat ölkənin ictimai-siyasi həyatında fəal və davamlı şəkildə iştirak etməyə başlayıb. Ümummilli Lider ağsaqqallara xüsusi ehtiramla yanaşır, onlara güvənirdi. Azərbaycan ağsaqqalları ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunmasında böyük rol oynayıblar. Bu gün də ölkəmizin həyatında ağsaqqalların mühüm rolu var. Onlar Azərbaycanın ictimai-siyasi, elmi, mədəni həyatında fəal iştirak edirlər. Prezident İlham Əliyev müvafiq sərəncamları ilə Ağsaqqallar Şurasının üzvlərini xidmətlərinə görə mükafatlandırıb.

Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ölkəmizdə ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şərait yaradıldığını qeyd edərək deyib ki, onlar xüsusən gənc nəslin tərbiyəsində mühüm rol oynayırlar. Ağsaqqal institutu hamının daim hörmətlə yanaşdığı, öz məsləhətləri ilə cəmiyyətin idarəçiliyində yaxından iştirak edən bir institut olub. Bu gün də cəmiyyətimizdə ağsaqqallara, böyüklərə xüsusi ehtiram var.

Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir. Ağsaqqallar müdrikliyin, inkişafın, təcrübənin rəmzidirlər. Gənclər istedadlı, enerjili ola bilərlər. Amma nəsilləri birləşdirən bir əlaqə, gənc nəsil ilə bugünkü müdrik ağsaqqallıq arasında bağlılıq olmasa, tarazlıq pozular və cəmiyyətdə çalxalanmalar baş verə bilər.

Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının yaxşılaşdığını vurğulayan Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov diqqətə çatdırıb ki, bütün xalqımız kimi, ağsaqqallar da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin onlara diqqət və qayğısını heç zaman unutmayacaqlar.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Xalid Qurbanov və digər çıxış edənlər Ağsaqqallar Şurasının beşillik fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra Şuranın rəhbər orqanları seçilib.

Fəttah Heydərov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.

Sonra qurultayın qətnaməsi oxunub.

Ona yenidən etimad göstərib bu vəzifəyə seçdiklərinə görə qurultay nümayəndələrinə minnətdarlığını çatdıran Fəttah Heydərov bildirib ki, ağsaqqallar bu gün Azərbaycan cəmiyyətində təkcə gənc nəslin tərbiyəsində, milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında və qorunmasında deyil, eyni zamanda, ölkəmizin gələcək inkişaf strategiyasının müəyyənləşməsində də yaxından iştirak edirlər. Onlar gələcəkdə də bu sahədə fəaliyyətlərini səylə davam etdirəcəklər.

Bununla da Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı işini başa çatdırıb.

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.6.