Mərkəzi Seçki
Komissiyası seçkilərlə bağlı müraciətlərin
araşdırılmasına həsr olunan seminarlara başlayıb
2018-ci il aprelin 11-nə təyin
edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri
ilə əlaqədar Mərkəzi Seçki Komissiyası
(MSK) seçkilərin yüksək səviyyədə
hazırlanıb azad, ədalətli və şəffaf
keçirilməsinə, eləcə də müxtəlif
statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş
müxtəlif səpkili irimiqyaslı layihələri davam
etdirir.
AZƏRTAC xəbər verir ki, cari il fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.
Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatlılığının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
MSK sədrinin müavini Natiq Məmmədovun açılış nitqi ilə başlayan seminarlar zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərov və Ramiz İbrahimov tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılacaq və praktiki məşğələlər zamanı əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah ediləcək.
Martın 1-dək davam edəcək seminarların ümumilikdə
ölkə üzrə 125 dairə seçki
komissiyasının bütün ekspert qrupu üzvlərini
əhatə etməsi nəzərdə tutulur.
Azərbaycan.-
2018.- 28 fevral.- S.6.