30 il əvvəl ermənilərin
törətdikləri saxta “genosid”
Sumqayıt
hadisələrindən 30 il ötür
1988-ci ilin fevralında Sumqayıtda ermənilər tərəfindən öncədən planlaşdırılmış qanlı hadisələrdən bizi 30 illik zaman ayırır. Həmin hadisələr ərəfəsində görünməyən faktlar indi aydınlaşır. Onları vaxtında görsəydik, sonradan kökünü araşdırmaqda çətinliklərlə üzləşməzdik. Erməni təbliğat maşını hələ də dünyaya Sumqayıt hadisələrini onlara qarşı törədilən terror kimi qələmə verməkdə israrlıdır. Halbuki istintaq proseslərində bu terrorun məhz ermənilər tərəfindən törədilməsi sübuta yetirilib. Dünyaya səpələnən ermənilər əslində, çox yaxşı bilirlər ki, törədilən hadisələr öz quldur millətçilərinin əməlidir. Qarşılarına qoyduqları məkrli məqsədə yetmək üçün hər cür vəhşilikdən, terrordan, insanlığa sığmayan qanlı cinayətlərdən, hətta bu yolda öz millətinin belə qanını tökməkdən çəkinmirlər.
Başlanğıc
1988-ci ilin fevralında Xankəndidə erməni şovinistləri kütləvi mitinqlər keçirirdilər. Onlar SSRİ və Ermənistan SSR rəhbərliyindən tələb edirdilər ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindən çıxarılıb Ermənistanın tərkibinə qatılsın. Mitinqlərdə həyasızcasına azərbaycanlıların “cinayətlərindən” söz açır, ermənilərin guya onların əli altında qaldıqlarını iddia edirdilər. Dağlıq Qarabağın ətraf rayonlarından ermənilər mitinqlərə axışır, oradan təlimatlanırdılar. Az bir zamanda buna adekvat cavab verəcək yer də müəyyənləşdirildi. Həmin hadisələrdən sonra belə bir fikir dolaşırdı ki, ermənilər öncə Gəncəni iğtişaşların mərkəzi kimi qəbul ediblər. Amma sonradan məlum oldu ki, mərkəz ermənistanlıların daha çox yaşadığı Sumqayıtı seçib.
Bu il 69 yaşını qeyd edəcək Sumqayıt əməksevər şəhəridir. Onu quranlar sovetlər birliyinin hər yerindən bura gələn gənclərdir. Yaranışından diqqəti cəlb edən bu şəhər beynəlmiləl xüsusiyyətləri ilə də fərqlənirdi. İndi dünyanın müxtəlif yerində yaşayan sumqayıtlılar bu gün də öz şəhərləri ilə fəxr edirlər.
Vaxtilə “dostluq” şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndələrini birləşdirən, daşı daş üzərinə qoyub böyük şəhər salan, beynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci ilin fevral ayının 28-dən 29-na keçən gecə bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə rəvac verə bilərdilər? Dağlıq Qarabağ problemini ortaya atan kim idi? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran qüvvələr kimlər idi? Vaxtilə bir parta arxasında əyləşib eyni dildən dərs keçənlər necə bir-birinə düşmən kəsildi (ermənilərin çoxu Azərbaycan dilini yaxşı bilirdi)?
Bütün bunları isti-isti araşdırmaq, onlara dolğun cavab tapmaq o qədər də asan deyil. Ermənipərəst kütləvi informasiya vasitələri öz uydurma cızma-qaraları ilə indi də guya Sumqayıtda ermənilərə qarşı “genosid”in olmasını sübut etmək istəyirlər.
Əslində, Sumqayıt hadisələrinə Dağlıq Qarabağ rakursundan baxmaq gərəkdir, çünki “böyük Ermənistan” yaratmaq xülyasında olan Ermənistan Respublikasının rəhbərliyi, millətçi qüvvələr, daşnak partiyasının fəalları, kəşfiyyat orqanları Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə separatizmə geniş meydan açırdılar. O vaxt Moskvanın ermənipərəst mövqedən çıxış etməsi nəticəsində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin bir qolu olan Ermənistanın xüsusi xidmət orqanlarının və xaricdə yaşayan erməni lobbisinin ssenarisi əsasında Sumqayıtda qanlı aksiya törədildi.
Sumqayıt hadisələri Dağlıq Qarabağ problemi ilə, Dağlıq Qarabağ problemi isə SSRİ-nin dağıdılması planları ilə bağlı idi. Bu bəlalı problemə qarşı isə gərgin, ardıcıl və prinsipial təbliğat aparmaq, ermənilərin hiyləgər və məkrli siyasətlərini ifşa edərək dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
İğtişaşlar haradan qaynaqlanırdı
1988-ci ilin əvvəllərində böyük sovetlər imperiyası tənəzzülə uğramaqda idi. Çökməkdə olan Sovet İttifaqının rəhbərləri vəziyyətdən çıxış yolunu sanki qanlı hadisələr törətməkdə görürdülər.
Həmin illərdə İttifaq rəhbərləri bir-birini əvəzləyirdi. K.Çernenko vəfat etdikdən sonra kimin hakimiyyətə gələcəyi vacib şərtlərdən biri idi. Artıq Sovet İttifaqını kommunist partiyası idarə edə bilmirdi. İttifaqın dağılmasında maraqlı olan güc mərkəzləri M.S.Qorbaçovu hakimiyyətə gətirdi. Qorbaçovun isə siyasi məsələlər üzrə köməkçisi Şahnazaryan, iqtisadi məsələlər üzrə köməkçisi A.Aqanbekyan, Dövlət Plan Komitəsinin birinci müavini Sitaryan və digər mühüm vəzifələrə qoyulan yüzlərlə erməni böyük bir dövlətin xarici və daxili siyasətini maraq və ambisiyalarına uyğun asanlıqla istiqamətləndirə bilirdilər. Dövlətdə təmsil olunan bir şəxsin - Aqanbekyanın 1987-ci ildə Fransadakı məlum çıxışında Qarabağın Ermənistana verilməsi təklifi xarici diaspor nümayəndələri tərəfindən alqışlarla qarşılandı. Qarabağda və Ermənistanda fasiləsiz mitinqlərə start verildi, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı təzyiqlər, hücumlar gücləndi. Beləcə, qaçqınların ilk böyük dalğası Sumqayıtı silkələdi.
Seçim Sumqayıtdır!
Öz doğma yurdlarında min illərlə yaşayan insanlar Sumqayıta pənah gətirdilər. Çünki onların çox hissəsinin Sumqayıtda qohum-əqrəbası yaşayırdı. Eyni zamanda, həmin dövrdə dolaşan fikirlərdən biri də qaçqınların Qarabağda yerləşdirilməsi idi. Bunun qarşısını almaq üçün növbəti bir saxta “genosid” aktı hazırlamaq iddiası ermənilər tərəfindən düşünüldü.
Tarixdən bəllidir ki, erməni millətçiləri müxtəlif dönəmlərdə Azərbaycan xalqına qarşı törətdikləri çoxsaylı cinayətlərin müəllifidirlər. Onların 1905, 1918-ci illərin təcrübəsi də vardı.
1988-ci il fevralın əvvəllərində ermənilər Qarabağın dağlıq hissəsini qoparıb Ermənistana birləşdirmək üçün açıq fəaliyyətə başladılar. Həmin ayda Xankəndidə keçirilən mitinqlərdə separatçı “Qarabağ” və “Krunk” komitələri dünyanın hər yerində yaşayan ermənilərə müraciət qəbul edərək onları “böyük Ermənistan” arzularının reallaşacağı gün uğrunda mübarizəyə səsləyirdilər. Respublikamızın müxtəlif regionlarında yaşayan ermənilər uzun illərdən bəri gizlincə yığdıqları maliyyə vəsaitindən istifadə edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün ümumerməni hərəkatına başladılar.
Həmin hadisələr ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yerləşdirilmişdi. Azərbaycan dilini yaxşı bilən ermənilərdən ibarət bir qrup şəhərin onlarda olan xəritəsi əsasında demək olar ki, bütün küçə və dövlət orqanlarını qeydiyyata almış, xüsusi terror planı hazırlamışdılar. Şəhərdə gizlin fəaliyyət göstərən “Krunk” daşnak təşkilatının üzvləri ilə görüşən təxribatçı qrup erməni ailələrinin siyahısı əsasında niyyət və məramlarını bölüşmüşdülər. Bir neçə gün ərzində planın əsas hərəkətverici qüvvələri də müəyyənləşmişdi.
Həmin şəxslər Sumqayıtda ermənilərin yaşadıqları ərazilərdə çoxsaylı gizli görüşlər keçirmiş, onları gələcək hadisələrlə bağlı təlimatlandırmışdılar. 30 nəfərə yaxın olan bu “komanda” şəhərin dörd bir tərəfində yaşayan ermənilərin ünvanlarını hazırladıqdan sonra iğtişaşlar zamanı kiminlə necə hərəkət edəcəklərini də onlara anlatmışdılar. Bəlkə elə buna görədir ki, Sumqayıtda törədilən təxribat şəhərin bir tərəfində zəiflədikdə digər tərəfində genişlənirdi.
Eyni zamanda, həmin günlərdə şəhəri tərk edən imkanlı erməni ailələri hadisələr ərəfəsində bankda olan pullarını çıxardaraq özləri ilə aparmışdılar. Bəziləri şəhərin ticarət mərkəzindən - univermaqdan xeyli qiymətli zinət əşyaları almışdılar. Onlar evlərini, bahalı mebellərini sata bilmişdilər.
İğtişaşları kim
törətmişdir
İstintaqın ilkin mərhələsində 1050 nəfər şübhəli şəxs qismində tutulmuş, onlardan bir hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə cəlb edilmişdi. 97 nəfər barəsində 55 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdi. Onlardan 92 nəfəri azərbaycanlı, 2 nəfəri rus, 2 nəfəri ləzgi, 1 nəfəri erməni idi. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 183 nəfər, o cümlədən qəsdən adam öldürməyə görə 38 nəfər, zorlamaya görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş 42 nəfər barəsində əməllərində cinayət tərkibi və ya cinayət hadisəsi olmadığından işin icraatına xitam verilmişdir.
Hadisələrlə bağlı saxlanılanlar arasında müxtəlif millətlərdən olan adamlar - azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər və başqaları var idi. Sumqayıtda “xuliqan”lıq edənlərin arasında ermənilər tərəfindən satın alınmış ekstremistlər, cinayətkarlar, terrorçular, təxribatçılar, narkomanlar və spirtli içki düşkünləri var idi. 30 nəfər isə ümumiyyətlə, heç bir ictimai-faydalı əməklə məşğul olmurdu.
İstintaq materiallarında göstərilir ki, 444 adam məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdır. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd İman oğlu Əhmədov isə ölüm cəzasına məhkum olunmuşdur. Məlumat üçün bildirək ki, Ə.Əhmədovun məsələsinə Moskvada tələsik baxılmış və onu Sumqayıtda baş verən hadisələrin “təşkilatçısı” kimi qələmə vermişdilər. 1988-ci ilin oktyabr ayının 18-də, SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə başlamışdı. Məhkəmə prosesi başlayan gün Moskva televiziyası dünyaya car çəkmişdi ki, Sumqayıt hadisələrini törədən üç nəfərin məhkəmə işinə artıq baxılır. Ertəsi gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri də bu barədə ictimaiyyətə məlumat çatdırdılar. Moskvada, SSRİ Ali Məhkəməsinin binasında Sumqayıtda kütləvi iğtişaşların baş verməsində müqəssir bilinən şəxslər mühakimə edildi. Müttəhimlər kürsüsündə əyləşən Ə.Əhmədov, T.İsmayılov, Q.Cəfərov talanlar, yanğınlar və qətllərlə nəticələnən kütləvi iğtişaşların təşkilində və yaxından iştirakında təqsirləndirildilər.
Məhkəmə prosesinə SSRİ Ali Məhkəməsinin üzvü R.K.Brize sədrlik edirdi. Məhkəmənin tərkibinə SSRİ Ali Məhkəməsinin xalq iclasçıları V.A.Kuznetsov və S.Smirnov daxil idilər. Dövlət ittihamçısı, SSRİ Baş Prokurorunun köməkçisi D.Kozlovski idi.
O dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun “Novoye vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Kommunist Partiyası Mərkəzi Komitəsi aparatından təzyiqlər olduğundan şikayətlənirdi. O tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Terebilov daha sonra qeyd edirdi ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır. Məhz Terebilovun dediyi kimi, yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında, nəyin bahasına olursa-olsun, “təşkilatçı” obrazı yaratmaq niyyətinə düşdü. Halbuki əsl təşkilatçılar ermənilərin özləri idi.
Faktlara diqqət edək: hadisələrin təşkilatçısı olan 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunmuş üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışdılar. Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayət meyilli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər verib, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını deyərək və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparmışdılar. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışmışlar. Ermənilərdən intiqam alacağını bildirən Eduard onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək ona qoşulmuş cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” və “Krunk” (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirib, talan və digər cinayətlərdə fəal iştirak edib, özü şəxsən 6 ermənini qətlə yetirmişdi.
Bütün bunlar məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etdi. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriqoryana cəmi 12 il həbs cəzası verildi.
6 nəfərin qətlində iştirak etmiş Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatlarının rəhbərləri və xüsusi-xidmət orqanları çox çalışdılar. Təsadüfi deyil ki, bu qədər cinayət törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da azadlığa buraxılıb. Həmin dövrdə “Novoye vremya” jurnalı, “Moskovskiye novosti” qəzeti və digər mətbuat orqanları Sumqayıt hadisələri ilə bağlı öz səslərini qaldırsalar da, bir nəticə olmayıb.
Növbəti saxta “genosid”
Sonradan məlum oldu ki, fevralın 28-29-da Sumqayıtda ermənilər qətlə yetirəcəkləri adamların siyahısını şəhərdə talan törədəcək komitə üzvlərinə paylamışdılar. Bir neçə gün əvvəl ermənilər yaşayan evlər xüsusi adamlar tərəfindən işarələnmişdi. Fevralın 28-29-da Sumqayıtda ermənilər öz millətlərindən olan insanları qəsdən qətlə yetirir, lakin SSRİ-nin o vaxtkı hərbi prokuroru Katuşev Bakıda ola-ola baş verənlərin qarşısını almağa tələsmir. Ona hər dəqiqə məlumat verilsə də, bütün bunlara biganə yanaşır.
Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən faktlardan biri də talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər tərəfindən kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmalarıdır. Həmin kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Bu o deməkdir ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər. Çünki çəkilişləri aparanlar şəhəri tərk etdikdən sonra heç bir fakt lentə alınmamışdır. Bu da çəkilişlərin planlı olduğunu bildirir. Hadisələrdən sonra o da üzə çıxdı ki, Sumqayıtda qətlə yetirilənlərin demək olar ki, hamısı əslən qarabağlıdır. Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından o da məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı da aşkar olunmuşdur.
Sumqayıt hadisələri ermənilərin törətdikləri böyük bir terror aktı idi.
İllər ötdükcə Sumqayıt hadisələri barədə faktlar üzə çıxır, erməni terrorçularının əməlləri digər qətliamlarda özünü büruzə verir. Dağlıq Qarabağ ətrafında olan kəndlərin, rayonların talan edilməsi, Xocalı faciəsi məhz bu ssenarinin davamı idi.
Akif ƏLİYEV
Azərbaycan.-
2018.- 28 fevral.- S.10.