Lənkəranda Xocalı soyqırımı
qurbanları ehtiramla anılıb
Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Lənkəranda da ehtiramla yad olunub.
Faciənin 26-cı ildönümü ilə əlaqədar şəhərin mərkəzində azərbaycanlıların soyqırımı qurbanları xatirə parkındakı Ana heykəli qarşısında anım mərasimi keçirilib. Mərasim zamanı Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.
Sonra xatirə tədbiri Lənkəran Dövlət Dram Teatrında yazıçı-publisist Ağaddin Babayevin Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” tamaşası ilə davam etdirilib.
Tamaşada 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı quldur dəstələri və sovet hərbi birləşmələrinin Xocalı şəhərinə qəfil hücumu zamanı amansızlıqla öldürülən, doğma yurd-yuvalarından didərgin düşən günahsız insanların faciəli taleyi, onların vətənpərvərlik hissləri, psixoloji və mənəvi durumu təsirli səhnələrlə əks etdirilib.
Xocalı
faciəsinin 26-cı ildönümü ilə
əlaqədar Heydər Əliyev Mərkəzində, Lənkəran
Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində
Xocalı soyqırımına həsr edilmiş
dərslər, rayonun idarə, müəssisə
və təşkilatlarında, qəsəbə və kəndlərdə
anım mərasimləri, xatirə gecələri, rəsm
və kitab sərgiləri təşkil
edilərək soyqırımı qurbanlarının xatirəsi
ehtiramla yad olunub.
Azərbaycan.-
2018.- 28 fevral.- S.9.