Faciə qurbanlarının xatirəsinə ehtiram

 

Lerikdə də Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı ümumrayon toplantısı olub

 

Lerik Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibəti ilə ümumrayon anım mərasimi keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə mədəniyyət mərkəzinin foyesində məktəblilərin Xocalı faciəsinə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxmış, sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

Anım mərasimində rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Xocalı soyqırımı haqqında geniş məruzə etdi. Sonra rayon prokuroru Bəhruz İbrahimov, rayon təhsil şöbəsinin əməkdaşı Hüseynbala Əliyev erməni millətçilərinin XIX və XX əsrlərdə öz havadarlarının dəstəyi ilə Azərbaycana qarşı olan ərazi iddialarından, azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətindən söz açdılar, bu qanlı faciənin soyqırımı aktı kimi bütün dünya dövlətləri tərəfindən tanınmasından ötrü ciddi səy göstərilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirdilər.

Tədbirdə rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, tarixə nəzər saldıqda hələ XIX əsrin əvvəllərindən etibarən ermənilərdən Qafqazda müsəlman amilinin güclənməsinə qarşı istifadə olunmağa başlanmışdır. XIX əsrin sonlarından etibarən bir sıra dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “Dənizdən dənizə böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək 2,5 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. XX əsrin ən qanlı hadisələrindən olan, erməni-rus hərbi birləşmələri tərəfindən törədilmiş soyqırımı nəticəsində yeddi min nəfər sakini olan Xocalı şəhərinin bir gecədə yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. 1992-ci il fevralın 25-də axşam saat 9-da ermənilər Xankəndi şəhərindəki sovet ordusuna məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın əsgərləri və muzdlu quldurlarla Xocalı şəhərinə hücum etdilər. Şəhər əvvəlcə toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın olundu. Düşmənin hücumu nəticəsində Xocalı şəhəri yandırıldı. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutuldu. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi.

Bütün bu olanları dünya ictimaiyyətinə çatdıran ümummilli lider Heydər Əliyev məhz ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verdi. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etdi, 1994-cü ilin 24 fevralında 26 Fevral Xocalı Soyqırımı Günü elan olundubu barədə beynəlxalq təşkilatlara məlumat verildi.

Azərbaycan Prezidentinin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli sərəncamı ilə hər il fevralın 26-da saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Bu qanlı faciənin dünyada soyqırımı aktı kimi tanınması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən ardıcıl aparılır, hər il müxtəlif tədbirlər keçirilir. Xocalı qətliamını olduğu kimi, faktlarla dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə filmlər, fotosərgi nümayiş etdirilir, anım tədbirləri keçirilir. Bu tədbirlərin nəticəsidir ki, artıq 15 dövlətin parlamenti, ABŞ-ın 22 ştatının qanunvericilik orqanı, bir sıra beynəlxalq təşkilatların ali orqanları tərəfindən Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilmiş, bəyanatlar verilmişdir. Hazırda ölkəmizin xarici dövlətlərdəki səfirlik və konsulluqları, diaspor təşkilatları tərəfindən, xüsusilə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniya vasitəsi ilə Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması üçün dünyanın, demək olar ki, bütün dövlətlərində anım mərasimləri keçirilir. Lerikdə də silsilə tədbirlər təşkil edilmiş, 26 fevralda bütün ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilmiş, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunmuşdur.

Sonda Xocalı soyqırımına həsr olunmuş “Xocalıyıq” sənədli filmi nümayiş etdirilmişdir.

 

Azərbaycan.- 2018.- 28 fevral.- S.9.