Sərhədçilər Xocalı soyqırımının
26-cı ildönümü ilə əlaqədar
silsilə tədbirlər keçirilmişdir
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində Azərbaycan xalqının tarixinə ən qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.
Dövlət Sərhəd Xidməti Aparatında, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində keçirilən tədbirlərdə çıxış edənlər XX əsrin 80-ci illərindən başlayaraq erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə apardıqları etnik təmizləmə və təcavüzkarlıq siyasətinin davamı olaraq Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayət kimi qiymətləndirmişlər. Bu qanlı hadisə zamanı 613 nəfər, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 1275 nəfərin isə əsir və girov götürülməsinin bəşəriyyət tarixində silinməz səhifə kimi qalacağı xüsusi vurğulanmışdır.
Qanlı təcavüzə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı ilk təşəbbüsün ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülməsi, soyqırımı qurbanlarının adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamların imzalanması qeyd olunmuşdur.
Soyqırımı hadisəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələr verməsi, Azərbaycan xalqına qarşı törədilmiş bu hərbi cinayətin beynəlxalq müstəviyə çıxarılmasının dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsi, soyqırımı nəticəsində həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi və şəhid olanların ailə üzvlərinə dövlət qayğısının daha da artırılması məqsədilə görülən işlər barədə tədbir iştirakçlarına ətraflı məlumat verilmişdir.
Tədbirlərdə
Xocalı soyqırımına həsr olunmuş
sənədli filmlər nümayiş etdirilmişdir.
Azərbaycan.-
2018.- 28 fevral.- S.9.