İlham
Əliyevin yeni islahatlar
konsepsiyası beynəlxalq miqyasda təqdir
olunur
İqtisadi
artım davamlı və sürətlidir
Azərbaycan iqtisadiyyatında son iki ildə yenidən
vüsət alan inkişaf
Prezident İlham
Əliyev tərəfindən elan edilmiş yeni iqtisadi modelə keçidin
uğurlu nəticələridir. Məlum olduğu kimi, 2016-cı ilin əvvəllərindən başlanan
kompleks islahatlar milli iqtisadiyyatımızın
inkişafında tamamilə yeni mərhələnin
əsasını qoydu. Bununla
da respublikamızda dayanıqlı və inklüziv inkişaf uğurla təmin edildi.
4 və daha çox islahat aparan 3 ölkədən biri
Əsaslı və sabitləşdirici
tədbirlər nəticəsində
milli valyutanın məzənnəsinin sabitləşməsi,
ötən ildən etibarən bir qədər möhkəmlənməsi,
makroiqtisadi dayanıqlığın
güclənməsi, xarici
ticarət dövriyyəsinin
artması, qeyri-neft sektorunun artımı məhz həyata keçirilmiş yeni iqtisadi islahatların nəticələridir. Bütün bunlar beynəlxalq
təşkilatların da
diqqətindən yayınmayıb.
Belə ki, son illərdə
Azərbaycan Dünya İqtisadi Forumu tərəfindən nəşr
olunmuş Qlobal Rəqabətlilik Hesabatında
bir neçə pillə irəliləyib və 2017-ci ildə 137 ölkə arasında
35-ci yerdə qərarlaşıb. Bu uğur
eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan
“Doing Business 2018” hesabatında da əksini tapıb. Azərbaycan
bu hesabat üzrə ötən
illə müqayisədə
8 pillə irəliləməklə
yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə
ən islahatçı
3 ölkədən biri
kimi müəyyənləşdirilib.
Belə ki, “Doing
Business 2018” hesabatında Azərbaycan
190 ölkə arasında
57-ci pillədə qərarlaşıb,
Avropa və Mərkəzi Asiya regionunda 4 və daha çox islahat aparan 3 ölkədən biridir.
Azərbaycanın bu hesabatlarda
irəliləməsi təsadüfi
deyil və kifayət qədər əsaslıdır. Belə ki, xüsusən
son bir ildə ölkəmizdə “Doing Business”in
10 indikatoru üzrə
sıçrayışa bərabər
islahatlar aparılıb.
Məsələn, hazırda biznesə
başlama üçün
işçilərin qeydiyyatı
da daxil olmaqla cəmi iki prosedur və
iki gün tələb olunur.
Tikinti icazələri sahəsində
“bir pəncərə”nin fəaliyyəti, onlayn müraciətin tətbiqi və “ASAN Kommunal”ın texniki şərtləri təqdim
etməsi nəticəsində
prosedurların sayı
21-dən 9-a endirilib. Elektrikə çıxış
üçün prosedurlar
son bir ildə 7-dən
2-yə, günlərin sayı
isə 69-dan 20-yə qədər
endirilib. Əmlakın qeydiyyatı prosesi sürətləndirilib və
cəmi 1 prosedur qalıb. Notariuslar Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidməti ilə inteqrasiya olunub. Son bir ildə vergilərin
ödənilməsi sahəsində
də irəliləyişlər
var: ƏDV-nin geri qaytarılması müddəti 45 gündən
20 günə endirilib,
kameral yoxlamalar üçün 30 gün
vaxt verilir. Gömrükdə “yaşıl dəhliz”
və dünyada ilk dəfə olaraq Azərbaycanda onlayn vahid ixrac ərizəsinin
tətbiqi mühüm
“Doing Business” islahatlarıdır.
Dünyanın iki ən
nüfuzlu iqtisadi yönümlü hesabatında
Azərbaycanın inamla
irəliləməsi ölkəmizdə
aparılan davamlı və sistemli islahatların uğuruna dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir.
Rəqəmlər inkişafdan xəbər verir
Qeyd edək ki, bu
ilin yanvar ayından bəri ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29 milyard 294 milyon manata çatıb.
ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarətdə, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı,
3,5 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və
balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 1,6
faizi informasiya və rabitə sahələrində, 13,8 faizi
digər sahələrdə
istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə
nisbətən iqtisadiyyatın
qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artıb. Əhalinin hər nəfərinə düşən
ÜDM 2991,1 manata bərabər olub.
Sənaye müəssisələri tərəfindən isə
2018-ci ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz
çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artıb.
Sənaye məhsulunun
73,2 faizi mədənçıxarma
sektorunda, 22 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və
buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi
və emalı sektorunda istehsal olunub.
Bu ilin ötən
dövründə ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 5 milyard 240,8 milyon manat
yönəldilib. Bu vəsaitin
2 milyard 887,1 milyon manatı və ya 55,1 faizi qeyri-neft
sektoruna sərf edilib və bu sektorda investisiyaların
həcmi ötən ilin eyni dövrü
ilə müqayisədə
39,3 faiz artıb. Ümumi sərmayənin
72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə
sərf edilib, istifadə olunmuş vəsaitin 73,1 faizi məhsul istehsalı obyektlərinin, 20,8 faizi xidmət sahələri üzrə obyektlərin,
6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadratmetr olan yaşayış evlərinin
tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas
kapitala yönəldilmiş
vəsait ümumi sərmayənin 53,7 faizini təşkil edib.
Son illər Azərbaycan iqtisadiyyatında
həyata keçirilən
islahatlarda qarşıya
qoyulan əsas vəzifələrdən biri
xüsusən qeyri-neft
sektoru üzrə ixracyönümlü məhsul
istehsalının artırılması,
ixracın təşviqi,
xarici bazarların tapılmasıdır. Son dövrlərin yekunları bu istiqamətdə artan xətt üzrə uğurların əldə
edilməsindən xəbər
verir. 2018-ci ilin arxada qalan
dövrü də bu baxımdan əlamətdardır. Belə
ki, 2018-ci ildə respublikamızdan xarici ölkələrə 485,3
milyon ABŞ dolları
dəyərində məhsul
ixrac edilib. Bu, 2017-ci ilin müvafiq
dövrü ilə müqayisədə 77 milyon
ABŞ dolları və
ya 19 faiz çoxdur. Bu ilin qeyd olunan dövründə
Rusiya Federasiyasına
135,4 milyon, Türkiyəyə
127,2 milyon, Gürcüstana
52,5 milyon, İsveçrəyə
39,6 milyon və Çinə 16 milyon
ABŞ dolları dəyərində
qeyri-neft sektoruna aid
mal ixrac edilib.
2018-ci ilin ötən
ayları ərzində
ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında
elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və ilkin formalı
polietilenin (35 milyon
ABŞ dolları) ilk 3 yeri
tutub. Həmçinin qızıl, qabığı
təmizlənmiş meşə
fındığı, pambıq
lifi, xurma, emal olunmamış aşqarlanmamış alüminium
və digər bu kimi məhsullar
qeyri-neft ixracında mühüm paya sahib olub. Ümumiyyətlə
isə, bu dövr ərzində meyvə-tərəvəz ixracı
111,1 milyon, plastmas və onlardan hazırlanan məmulatların
ixracı 45,8 milyon, alüminium və onlardan hazırlanan məmulatların ixracı
44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı
22,3 milyon, kimya sənayesi məhsullarının
ixracı 18, 4 milyon
ABŞ dolları təşkil
edib.
2018-ci ilin ötən
dövründə “azexport.az” portalına 222,5 milyon ABŞ dolları məbləğində ixrac
sifarişi daxil olub. Ümumilikdə isə, 2017-ci ilin yanvar ayından indiyə
kimi “Azexport.az”
portalına dünyanın 93 ölkəsindən daxil olan ixrac
sifarişlərinin dəyəri 697,5 milyon
ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin ilk 4 ayında portala daxil olan
ixrac sifarişlərinin ölkələr
üzrə bölgüsündə ilk
beşlikdə Rusiya (19 faiz),
ABŞ (7,8 faiz), Türkiyə (7,4 faiz), İran (6,1 faiz) və Səudiyyə Ərəbistanı
(4,3 faiz) qərarlaşıb. Daxil olan sifarişləri məhsullar üzrə təhlil
etdikdə məlum olmuşdur ki, cari ilin
aprel ayında ən çox
ixrac sifarişi şərab,
yumurta, nar şirəsi,
alma, findıq ləpəsi, qənnadı
məhsulları, pomidor, buğda
kəpəyi, makaron, çay,
zəfəran, pambıq yağı, tibbi
tənzif, dekorativ güllər,
mühərrik yağı, tikinti
materialları və s. mallara
daxil olub.
Ölkədə
həyata keçirilən islahatlar 2018-ci ilin arxada qalan
aylarında iqtisadiyyatın bir çox sahəsini əhatə edərək
artımın əldə olunmasına yol
açıb. İlin başa
çatmasına isə hələ çox
var. Şübhə yoxdur
ki, başlanmış yeni
iqtisadi islahatların nəticəsi kimi 2018-ci il Azərbaycanın iqtisadi inkişafında növbəti uğurlu dövr olacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2018.- 3 iyul.- S.1; 5.