“Azərbaycanda
yəhudilərin həyat tərzi” kitabının təqdimatı
olub
İyulun 4-də
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) Bakı şəhəri Dağ yəhudiləri
dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in
Azerbaijan” (“Azərbaycanda yəhudilərin
həyat tərzi”) adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in
icraçı direktor əvəzi Rəvan
Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri,
mədəniyyətləri, həyat tərzləri, eləcə
də Azərbaycan-İsrail münasibətləri haqqında
məqalələr yer alıb.
Kitab
ABŞ-ın ən böyük yəhudi
qəzetlərindən biri olan
və Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində
Milix Yevdayevin dərc edilmiş məqalələrinin toplusundan ibarətdir.
Prezident
Administrasiyasının millətlərarası münasibətlər,
multikulturalizm və dini
məsələlər şöbəsinin müdiri
Etibar Nəcəfov bildirib
ki, Azərbaycandakı multikultural
mühit beynəlxalq aləmdə yüksək
qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib.
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı Azərbaycanın mövcud multikulturalizm və tolerantlıq ənənələrindən
danışıb. Qeyd edib
ki, bu nəşrdə
də milli və dini
mənsubiyyətindən asılı olmayaraq,
hər kəsin ölkəmizdə dinc,
yanaşı və sülh şəraitində
yaşadığı bildirilir.
Rus
Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin
müavini Fuad Nurullayev, Avropa yəhudilərinin
Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov,
Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının
sədri Robert Mobili və digərləri
çıxış edərək yeni nəşrin
önəmindən danışıblar. Qeyd olunub
ki, kitabda, həmçinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü, 20 Yanvar
faciəsi və Xocalı soyqırımı kimi
xalqımızın başına gətirilən dəhşətli
faciələr haqqında ətraflı məlumat verilir.
Daha
sonra kitabın müəllifi Milix Yevdayev
çıxış edərək bildirib
ki, Azərbaycandakı bütün
xalqların nümayəndələri özlərini
yaşadıqları ölkənin layiqli
vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun
üçün kifayət qədər
yaxşı şərait, xoş
münasibət var. O,
kitabında da bu məsələlərin
xüsusi qeyd olunduğunu deyib.
Azərbaycan.- 2018.-5 iyul.- S.4.