İlham Əliyev: “Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır”

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycan polisinin Vətəninə, xalqına, Prezidentinə sədaqətli xidmətini daha əzmkarlıqla davam etdirəcəyini bildirdi

 

Artıq 20 ildir iyulun 2-si ölkəmizdə “Azərbaycan Polisi Günü” kimi qeyd edilir. Polisin keçdiyi yolun dövlətçiliyimizin tarixi ilə sıx bağlılığını nəzərə alan, tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan ümummilli lider Heydər Əliyev 1998-ci ildə imzaladığı fərmanla bu günü tək daxili işlər orqanlarına deyil, bütün xalqımız üçün əlamətdar tarixə çevirdi. Bu müdrik qərar polisin ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, torpaqlarımızın müdafiəsində və xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olanların əziz xatirəsinə ehtiramın əyani təzahürünə çevrildi.

 

Prezident şəxsi heyətin bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcəyinə əmindir

 

 Yaranmasının 100-cü ildönümü münasibətilə dünən Daxili İşlər Nazirliyi tərəfindən Polis Akademiyasında təntənəli mərasim keçirildi. Qeyd edək ki, tədbirdən öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Daxili İşlər Nazirliyinin kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıblar.

Sonra DİN-in əməkdaşları respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların uyuduğu Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Polis Akademiyasında keçirilən tədbirdə öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubov sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş şəxsi heyəti Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edib. Mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov dövlət başçısı İlham Əliyevin Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbriklərini mərasim iştirakçılarına çatdırıb.

Dövlət başçısı məktubunda şəxsi heyəti Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edərək, bu tarixi yalnız ölkəmizin daxili işlər orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisə kimi dəyərləndirib. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi” - fikirlərini qeyd edən Prezident İlham Əliyev hazırda Azərbaycan polisinin güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatı olduğunu vurğulayıb.

Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirildiyini və bu sahədə dövlət qayğısının gələcəkdə də davam etdiriləcəyini qeyd edən Prezident İlham Əliyev şəxsi heyət qarşısında yeni vəzifələri də müəyyənləşdirib: “Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır. Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək”.

 

Ramil Usubov: “Daxili işlər orqanlarının keçdiyi çətin və şərəfli yolun yarısı ulu öndərin adı ilə birbaşa bağlıdır”

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə çıxış edərək Azərbaycan polisinin ötən 100 ildə keçdiyi inkişaf yolundan və əldə edilmiş nailiyyətlərdən danışıb. Nazir Azərbaycan polisinin böyük qürur hissi ilə, xidmətdə qazandığı uğurlarla yubileyini qeyd etdiyini bildirərək, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ünvanladığı təbrikdə daxili işlər orqanlarının 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şanlı yola yüksək qiymət verməsinin Azərbaycan Polisinin hədsiz sevincinə, fərəhinə səbəb olduğunu vurğulayıb.

Peşə bayramı ərəfəsində cənab Prezidentin imzaladığı sərəncamlarla 49 əməkdaşın dövlət mükafatlarına, 2 rəhbər vəzifəli şəxsin isə ali xüsusi rütbəyə layiq görülməsinə, xidməti fəaliyyəti yüksək dəyərləndirildiyinə görə, çoxminli şəxsi heyət adından dövlət başçısına dərin minnətdarlığını bildirən nazir Ali Baş Komandanı əmin edib ki, daxili işlər orqanlarının şəxsi heyəti sabitliyin qorunub saxlanılması, ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcəkdir. Öz andına daim sadiq qalaraq Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcək, Prezidentin inam və etimadını hər zaman layiqincə doğruldacaqdır.

“Dövlətçiliyin etibarlı dayaqlarından, vətəndaşların təhlükəsiz həyatının əsas təminatçılarından biri olan milli polis orqanlarının təşəkkülü - müsəlman Şərqinin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra - elə səhəri günü, mayın 29-da Daxili İşlər Nazirliyinin yaradılmasından başlayır. 1918-ci il iyul ayının 2-də isə Gəncə şəhərində polis orqanları təsis edilərək ştatları təsdiqləndi. Beləliklə, çox çətin tarixi sınaqlar dövründə asayişi mühafizə dəstələrinin fəaliyyəti ilə şərəfli missiyasının icrasına başlayan polis orqanları  ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynadı” - deyən daxili işlər naziri, general-polkovnik Ramil Usubov əlavə edib ki, Xalq Cümhuriyyəti Cənubi Qafqazda yeganə dövlət idi ki, onun polisi həm asayişin keşiyində durur, həm dövlətin müstəqilliyini müdafiə edir, həm də aqressiv separatizmə qarşı əzmlə mübarizə aparırdı.

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanlarının inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını söyləyən nazir Azərbaycan milisinin İkinci Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstərdiyini, onun 800-ə yaxın əməkdaşının bilavasitə ön cəbhədə faşizmə qarşı vuruşduğunu və sonrakı illərdə də cinayətkarlığa qarşı mübarizədə səylərini əsirgəmədiyini, xidməti vəzifələri peşəkarlıqla yerinə yetirdiyini deyib.

“Ötən 100 ilin mərhələləri müxtəlif ictimai-siyasi formasiyalara aid olaraq bir-birindən kəskin fərqlənsə də, polisin qanunla müəyyən edilən əmin-amanlığın qorunması, asayişin mühafizəsi kimi başlıca vəzifələri dəyişilməmiş, fəaliyyəti isə onilliklər boyu daha peşəkar istiqamət almışdır. Bu bir əsrlik tarixin ən diqqət çəkən məqamı odur ki, daxili işlər orqanlarının keçdiyi çətin və şərəfli yolun çox mühüm hissəsi - təxminən yarısı ulu öndərin adı ilə birbaşa bağlıdır. İstər sovet, istərsə də müstəqillik dövründə xalqımız üçün həlledici, taleyüklü anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları Azərbaycanı böyük bəlalardan xilas etmiş, inkişaf yoluna çıxarmışdır” - söyləyən nazir bu baxımdan, respublikamızın həyatının bütün sahələrində böyük irəliləyişlərin əldə edildiyi 1970-1980-ci illərin Daxili İşlər Nazirliyinin tarixində də mühüm mərhələ kimi xatırlandığını qeyd edib. Həmin dövrdə ulu öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi.

 

Heydər Əliyev: “Mən Azərbaycan  polisinə etibar edirəm, inanıram, arxalanıram”

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsi olaraq, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və rəşadətlə döyüşən yeganə silahlı qüvvənin polis, sonralar isə daxili qoşun hissələri olmasını xatırladıb. Həmin döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Bununla yanaşı, müstəqillik illərində silahlı cinayətkar dəstələrlə, dövlətçiliyimizə, vətəndaşların əmin-amanlığına, həyat və sağlamlığına qəsd edənlərlə mübarizədə, asayişin zor tətbiqi ilə kütləvi şəkildə pozulmasının qarşısı alınarkən 99 əməkdaş həlak olub, 2640 nəfər xəsarət alıb. Bu şücaət və fədakarlıqlara görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif edilib. Bu əlamətdar gündə qəhrəmancasına həlak olmuş əməkdaşların böyük ehtiram və minnətdarlıq hissi ilə anıldığını söyləyən nazir şəhidlərin unudulmaz xatirəsinin xalqımızın, onun ayrılmaz hissəsi olan şəxsi heyətin yaddaşında əbədi yaşayacağını deyib.

Müstəqilliyin ilk dövrlərində ölkədəki acınacaqlı durumu - ictimai böhran, hərc-mərclik, özbaşınalıq, vətəndaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulması, torpaqlarımızın işğalı və separatizm kimi halların Azərbaycanın bir dövlət kimi mövcudluğunu təhlükə altına aldığını, çoxsaylı qanunsuz silahlı dəstələrin əhalidə vahimə və qorxu yaratdığını, cinayətlərin sayının kəskin artdığını, kriminogen durumun nəzarətdən çıxdığını xatırladan nazir deyib: “Belə ağır və mürəkkəb vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qurtuluş missiyasını həyata keçirərək qısa müddətdə respublikada möhkəm və dönməz sabitlik yaratmağa nail oldu. Dövlət çevrilişi və separatçılıq cəhdlərinin qarşısı alındı, anarxiyaya son qoyuldu, qanunsuz silahlı dəstələr tərksilah edildi, kriminogen durum nəzarətə götürüldü, davamlı sosial-iqtisadi inkişafın əsasları formalaşdırıldı. Ən başlıcası, Heydər Əliyev xalqda, ölkə vətəndaşlarında gələcəyə inam yaratmaqla və onları milli mənafelər ətrafında sıx birləşdirməklə real müstəqilliyin möhkəm təməllərini qoydu. Bu təməllər üzərində isə dövlətçilik sütunlarını ucaldaraq özü də ümummilli lider zirvəsinə yüksəldi”.

Müstəqil Azərbaycanın tarixində yeni mərhələnin, böyük quruculuq dövrünün başlanmasının daxili işlər orqanlarının da fəaliyyətində öz əksini tapdığını söyləyən nazir ulu öndərin 1994-cü ilin aprel ayında nazirliyin rəhbər vəzifəli əməkdaşlarının iştirakı ilə keçirdiyi müşavirədə xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları göstərərək onların aradan qaldırılması üçün dərhal tədbirlər görülməsini tələb edib, tapşırıq və tövsiyələr verdiyini yada salıb: “Ümummilli lider yenidən formalaşdırdığı, daxilən saflaşdırdığı müstəqil Azərbaycan polisinin fəaliyyətini öz böyük təşkilatçılıq istedadı ilə daxili sabitliyin təmin edilməsinə yönəltdi. Bunun üçün ilk növbədə, şəxsi heyətin sıraları AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə xidmətə qəbul edilmiş naşı, polis adına ləkə gətirən təsadüfi əməkdaşlardan təmizləndi, yüzlərlə əsl peşəkar yenidən xidmətə qaytarıldı. Bu da ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün işgüzar şərait yaratdı. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah və sursat yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alındı. Bütün bunlara paralel olaraq, ümummilli lider tərəfindən daxili işlər orqanlarında fəaliyyətin təşkilati-hüquqi bazasının möhkəm təməli yaradıldı. 1993-2003-cü illərdə onlarla qanun, fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq dövrün tələbinə uyğun yeni qurumlar təsis edildi”.

Həmin illərdə cinayətkarlıqla mübarizə sahəsində baş vermiş əsaslı dönüş barədə aydın təsəvvür yaratmaq üçün nazir bir neçə fakt kontekstində müqayisə aparıb. Belə ki, 1992-ci ilə nisbətən 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmişdi. Ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı.

Ümummilli liderin 2002-ci ildə peşə bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında dediyi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram” - fikrini şəxsi heyətin çətin və məsuliyyətli əməyinə verilən ali dəyər və böyük inam kimi səciyyələndirən nazir qeyd edib ki, respublikaya rəhbərliyinin hər iki dövründə daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən Heydər Əliyevin məktəbini keçən, mübarizələrdə mətinləşən daxili işlər orqanları da öz Prezidentinin etimadını doğrultdu və bu gün də doğrultmaqdadır.

 

Prezident İlham Əliyevin uğurlu islahatlar kursu daxili işlər orqanlarının fəaliyyətində də böyük dönüş yaradıb

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu, lakin həmin illərin də asan olmadığını, yenidən dövlətimizi xaos və anarxiyaya sürükləmək cəhdlərinin təkrarlandığını söyləyib. Bu antimilli əməllərin qarşısının Prezidentin qətiyyəti, xalqın öz rəhbərinə olan dəstəyi, hüquq-mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin təşkili sayəsində alındığını yada salan nazir vurğulayıb ki, məhz ictimai asayişin etibarlı qorunmasının nəticəsi olaraq, Prezidentin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün çox mühüm olan layihələr reallaşdı.

Şəxsi heyətin xidməti anda sədaqətini həmişə yüksək qiymətləndirən dövlət başçısı tərəfindən daxili işlər orqanlarının da inkişafı üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini deyən nazir faktlara bir daha nəzər salıb: “Ötən 15 ildə polisin fəaliyyətinin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə çoxsaylı qanun, fərman və sərəncamlar imzalanmışdır. O cümlədən, nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üçün cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə xüsusi dövlət proqramı qəbul edilərək institusional islahatlar aparıldı. Minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alındı, informasiya texnologiyaları ilə təchizat yüksək səviyyəyə çatdırıldı. Əməkdaşların vəzifə və rütbəyə görə maaşları isə dəfələrlə artdı”.

Prezidentin ölkəmizdə dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqinə yönəlmiş siyasətinin nəticəsi olaraq, bu gün müasir informasiya-kommunikasiya vasitələri xidmətinin fəaliyyətdə olduqca vacib bir hissəsini təşkil etdiyini söyləyən nazir vurğulayıb ki, cinayətlərin qarşısının alınması, açılması, istintaqı, təqsirləndirilən şəxslərin axtarışı, ictimai asayişin qorunması, yol hərəkəti təhlükəsizliyinin təşkili və digər istiqamətlər üzrə istifadəyə verilmiş 40-dan çox elektron informasiya sistemi polisin fəaliyyətinin səmərəsini qat-qat artıran, kriminogen durumu fasiləsiz nəzarətdə saxlamağa imkan yaradan, vətəndaş məmnunluğunu təmin edən mühüm texnoloji yeniliklərdir.

Belə ki, təkcə “Təhlükəsiz şəhər” sisteminin 110 mindən artıq videomüşahidə kamerasının tətbiqi sayəsində, eləcə də il ərzində “102” xidmətinə daxil olan orta hesabla 250 mindən çox məlumat üzrə görülən çevik cavab tədbirləri ilə 20 mindən artıq hüquqazidd əməlin qarşısı alınır, 2 minə yaxın cinayət “isti izlərlə” açılır. Prezidentin tapşırığına əsasən istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, rüsumların və cərimələrin real vaxt rejimində ödənilməsi sistemlərinin tətbiqi, informasiya əldə olunmasının asanlaşdırılması və digər innovativ təşəbbüslər dövlət-vətəndaş münasibətlərində birbaşa ünsiyyəti istisna edən yeni yanaşmanın əyani təzahürüdür. Məqsədyönlü şəkildə görülən bu kimi işlər orqan və hissələrdə qanunçuluğu daha da möhkəmləndirmiş, habelə daxili nəzarət qaydasında həyata keçirilmiş tədbirlər insan hüquq və azadlıqlarının pozulmasının, korrupsiyaya şərait yaradan halların və digər neqativ təzahürlərin nəzərəçarpacaq dərəcədə azalmasını şərtləndirmişdir.

Nazir transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasını və inkişaf etdirilməsini fəaliyyətin başlıca istiqamətlərindən biri kimi dəyərləndirib: “Bu gün bizim BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, NATO, İnterpol, MDB, habelə digər mötəbər beynəlxalq və regional təşkilatların müvafiq qurumları ilə işgüzar əlaqələrimiz var. Eyni zamanda, 40-a yaxın ölkənin aidiyyəti dövlət orqanları ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandum və protokollar imzalanmışdır. Müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm veririk. Son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak etmiş, təcrübə mübadiləsi aparılmışdır. Hər il onlarca gənc müxtəlif ölkələrin polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir”.

Nazir bu faktı da xüsusi qeyd edib ki, müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu rəqəm 100 faizə çatıb. Kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir.

 

Azərbaycan polisinin uğurları mötəbərbeynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir

 

Prezident İlham Əliyevin “Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir” - fikrini xatırladan nazir şəxsi heyətin Prezidentin rəhbərliyi ilə ölkəmizdə əldə edilmiş uğurların əsas şərtlərindən biri olan və xalq-iqtidar birliyinə söykənən sabitliyin yaranmasında, möhkəmlənməsində, təhlükəsizliyin təminatında onun da xidmətləri olmasından fərəh duyduğunu diqqətə çatdırıb.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bunun əyani təsdiqi olaraq qeyd edib ki, son 15 ildə respublikamızda əhalinin hər 100 min nəfərinə düşən həm ümumi cinayətlərin (240), həm də ayrı-ayrı hüquqazidd əməllərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların, xuliqanlıqların sayı əksər Avropa dövlətləri ilə müqayisədə xeyli, bəzi hallarda dəfələrlə azdır. Həmin müddətdə axtarışda olan 48 mindən çox təqsirləndirilən şəxs tutulmuş, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunmuşdur. Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınmış cinayətlərin təxminən 88 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.

Cinayətkarlığa qarşı mübarizədə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə qazanılan uğurlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Belə ki, Dünya İqtisadi Forumunun hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 2017-ci ildə 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü, “Təhlükəsizlik” indikatoru üzrə 40-cı, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə 43-cü mövqedə qərarlaşıb.

Bu gün Azərbaycan özünün sabit, təhlükəsiz ölkə imicini tam təsdiqlədiyini və dünyanı bürüyən problemlər, münaqişələr fonunda Bakının sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanına - beynəlxalq konfransların, humanitar forumların, mötəbər idman yarışlarının və digər mühüm tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini söyləyən nazir faktları diqqətə çatdırıb: “Ötən 15 ildə ölkənin müxtəlif yerlərində təşkil edilmiş 13 minə yaxın, o cümlədən respublika və beynəlxalq əhəmiyyətli 7 mindən çox kütləvi tədbirə cəlb olunan daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən ictimai asayiş yüksək səviyyədə qorunub”.

Xidmət yolunu bir əsr öncə kiçik polis dəstəsinin yaranması ilə başlayan Azərbaycan polisinin əlamətdar yubileyini fəaliyyətinin bütün istiqamətlərində diqqət çəkən nailiyyətlərlə qarşıladığını diqqətə çatdıran nazir deyib: “Polis tarixinin misilsiz inkişaf dövrünü yaşayan müstəqil dövlətimizin, xalqımızın, hər bir vətəndaşımızın əmin-amanlığının və asayişinin keşiyindədir. 100 il əvvəl də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Keçilən böyük yol Vətənə və xalqa xidmət yoludur, Heydər Əliyev yoludur. Azərbaycan polisi bu şərəfli yolda daim qətiyyətlə, Vətəninə, Prezidentinə, andına sədaqətlə, xalqa yüksək xidmətlə irəliləməkdə davam edəcək”.

Çıxışının sonunda Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə bütün şəxsi heyəti, veteranları, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, vəzifə borcunu yerinə yetirərkən həlak olmuş əməkdaşların ailə üzvlərini təbrik edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov onlara möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıb.

Yaranmasının 100-cü ildönümü münasibətilə Daxili İşlər Nazirliyi tərəfindən Polis Akademiyasında keçirilən təntənəli mərasimdə şəxsi heyətin təntənəli keçidi olub. Tədbir polis patrul nəqliyyat vasitələrinin, atlı süvarilərin və Daxili Qoşunların xüsusi texnikasının keçidi ilə sona çatıb.

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2018.-3 iyul.- S.1; 3.