Lomonosovun
“uşaqları”nın Qafqaz səyahəti
Bura Azərbaycandır
Təsadüf elə gətirdi ki, Moskvadakı
M.V.Lomonosov adına Universititetin Jurnalistika fakültəsinin
üç xanım məzunu səyyah kimi Azərbaycanı gəzib-dolaşmağa
qərar verdilər. Onlardan biri Liliya ilə eyni kursda
oxumuşduq, digəri Sveta isə bir kurs yuxarıda idi. Onun qızı Tatyana cəmi bir neçə
il əvvəl universiteti bitirib. Liliya yazmışdı ki, görüşək,
xatirələri vərəqləyək. Hər
üçü dünyanın bir çox ölkələrini
qarış-qarış gəziblər. Fikirləşdim,
necə edim ki, Azərbaycan unikal bir məkan kimi tələbə
yoldaşlarımın yadında qalsın, xatirələri zəngin
olsun və yeni, əsrarəngiz bir ölkəni “kəşf
etdiklərinə” sevinsinlər. Əslində,
bu, ötən əsrin köhnə tanışlarının
qəbul etməkdən daha çox eksperimentə bənzədi.
Həm də maraqlı idi ki, görəsən
səyyah yad ölkədə nədən zövq alır, nəyə
maraq göstərir, ən gözəl xatirələri
hansı təəssüratlardan doğur? Sadəcə,
bir neçə günlük peşəmi dəyişdim və
ölkəmi sevdirmək üçün nisbətən tələbkar
və təcrübəli səyyahların bələdçisinə
çevrilməyə qərar verdim.
Evin tikilsin, “Uber”!
“Biz Bakıdayıq!!! Yerə endik, hər şey
qaydasındadır. Kirayələdiyimiz mənzilin
sahibi bizi qarşılayacaq, sən narahat olma” - SMS-i oxuyub vədələşdiyimiz
kimi, axşam tərəfi zəngləşirik, deyirlər ki,
Fəvvəralər meydanından taksi ilə yarım saata evə
gələcəklər. Qarşılamağa gedirik,
gecikirlər, aydınlaşdıranda məlum olur ki, taksi
sürücüsü azıb və binanın yerini tapa bilmir!
Statistika idarəsinin yanına gəlməkdənsə,
gedib çıxıblar “Gənclik” metrosuna.
- Telefonu sürücüyə verin başa salım -
deyirəm.
- Sürücü ilə danışa bilən deyilsən!
- Niyə? - təəccüblənirəm.
- Biz taksini beynəlxalq operator Uberə sifariş verdik. Onlar da dedilər ki, lal-kar sürücü var, istəyirsinizmi?
Mərhəmət naminə
razılaşdıq. O da gəzib dolaşır,
ünvanı tapa bilmir. Nə biz onun dilini
bilirik, nə də o bizim.
- Yaxşı yerinizdə qalın - deyib olduqları
küçəni və binanın nömrəsini dəqiqləşdirərək
ora yönümüzü tuturuq. Görüşürük,
mühasirədən çıxan əsgərlər kimi
sevincləri yerə-göyə sığmır!
Amma qəribə gələni odur ki, biz
turistləri ölkəyə cəlb etmək, qazanmaq
üçün əldən-ayaqdan gedirik, amma gələn
valyutanın bir qismi turistlərə göstərilən xidmətlərə
görə xarici şirkətlərə axır. Nəticədə turistlər də belə
vasitəçilərə taksi, ev kirayələmək
üçün müraciət edəndə 10-15 faiz uduzur,
bir o qədər biz qazancımızdan itiririk. Məlum
olur ki, qonaqlarım evi də “Uber” vasitəsi ilə
tapıblar. İşin tərsliyindən
onları qarşılayanlar yolda qəzaya düşüblər.
Xanımlardan birinin başı möhkəm dəysə
də, salamat qaldığına sevinir. Evin tikilsin,
“Uber”!
- Gərək məsləhətləşəydiniz -
deyirəm, - əsas odur ki, “Uber”dən canınızı
qurtardız və mən sizi tapdım!
Sevincək maşına əyləşirlər. Qadın dünyanın harasında
olursa-olsun, yenə də qadındır və bir qədər
də qorxaqdır...
Bir “qala”nın
qonaqları
Çətinlikləri arxada qoyub evə gəlirik,
hamı qonaqlarla görüşür, tanış
olur. Onlar da şərqsayağı könül
xoşluğu ilə hədiyyələrini təqdim edir,
tanışlığa da ürəkdən sevinirlər.
Süfrəyə əyləşirik. Masanın başında evin
böyüyü, qalanları da yaşına uyğun
yuxarıdan aşağı əyləşirlər. Qonaqlara izah edirəm ki, bizdə min ildir ki, qaydalar
belədir, istənilən məclisdə hər kəsin
öz yeri olur. Liliya gülümsüyərək deyir:
“Biz doğrudan da, özümüzü qədim və möhkəm
qalanın qonağı kimi hiss edirik”.
Süfrəyə xörəklər
düzüldükcə bir-bir adlarını soruşurlar,
maraqla nəzərdən keçirir, şəklini çəkir,
Moskvada da mütləq bişirəcəklərini deyirlər. Nəyin tamını
daddılarsa, dedilər ki, dadlıdır, bizdə ət, hətta
mer-meyvənin fərqli dadı varmış.
“Üçbacı” dolmasını az qala
sənət əsəri kimi qarşıladılar!
Nəzakət xatirinə evdə içən
olmasa da, çaxır şüşəsini oğluma verirəm
ki, açsın. O da
şüşəni əlinə alıb bir qədər
çaşır, ingiliscə əmisi oğluna deyir ki, sən
Allah tez yutuba bax gör bu andıra qalmışı necə
açırlar?! Başqa dilə ona görə
keçibmiş ki, qonaqlar onun çətinliyini başa
düşməsin. Tələbə
yoldaşım qəfildən şaqqanaq çəkib güləndə,
anladım ki, ingiliscəyə keçmək oğlumu xilas etmədi.
Nə baş verdiyini soruşuram.
- Biz oğlun şərab şüşəsini aça
bilməyəndə bildik ki, sizin qalada içən də yox
imiş. O bunu yutubdan öyrənmək istəyəndə
gülməyimizi saxlaya bilmədik. - Sveta təəccübünü
gizlətmir. - Bunu təsəvvür etmək belə
mümkün deyil! Rusiyada, bizim tərəflərdə
hər evdə heç nə olmasa da 5-6 ştopor
tapılır. Yetkin gənclərin də
şərab şüşəsini açmağa bir neçə
variantı var.
Yeməkdən sonrakı çay süfrəsində
çaytikanı çayı ilə şəkərbura elə
təsir bağışladı ki, sanki ömürlərində
belə süfrəyə oturmamışdılar. Hər naxışın necə
düzülməsini, ədviyyatların adını təkrar-təkrar
və sonsuz maraqla soruşurlar.
Açılmayan şərab
şüşələrini göstərib deyirəm ki,
içmədiniz.
- Artıq Brejnevin durğunluq vaxtları deyil! İndi
hamı az içir, hamı işləyib
ailəsini, özünü dolandırmalıdır!
İçki bir qədər arxa plana
keçir.
- Ya biz qocalmışıq, ya da ki, Moskva əvvəlki
deyil! - Sveta danışır: - Bax, son illər mən avtobusda
ayaq üstə getmirəm, minən kimi, cavanlar ayağa durub
yer verirlər. Əvvəlki Moskvanı sən
tanıyırsan, kimsə kimin üçünsə ayağa
durmazdı. Son vaxtlar bizim paytaxtda müsəlmanların
sayı artıb, onlar da nəqliyyatda qadın görən kimi
yer verirlər. Bu moskvalılara da təsir
edib, indi bizimkilər də qadın görən kimi ayağa
dururlar.
Yanardağ - Odlar yurdunun şah əsəri
Gecə yarıdan keçəndə
qonaqlara izah etdim ki, gəldikləri ölkə heyrətamiz və
unikal tolerantlığı ilə seçilən məkandır. Əsrlər boyu bu ərazilərdə
insanlar müxtəlif dinlərə etiqad ediblər;
daşlara, pirlərə sitayiş ediblər, atəşpərəst
olublar, xristianlığın dadına baxıblar və sonda islam dinini qəbul ediblər. Bələdçiliyimə
başlayıram: “Mən sizi ən uzaq keçmişə
zaman səyahətinə dəvət edirəm”.
Tələbə yoldaşlarımla
avtomobillərə oturub ilk ünvana - atəşpərəstlərin
müqəddəs ocağı Yanardağa gedirik. Biz çatanda gecədən
xeyli keçmişdi, qapı bağlı idi. Keşikçilərdən xahış edib bir təhər
içəri keçirik. Qonaqlar alışıb yanan
dağı görən kimi bütün
yorğunluqlarını bircə anda unudurlar, Feysbukda
açıq yayıma girirlər ki, dostlardan kim
oyaqdırsa, Yanardağın necə yandığını
görsünlər. Bizim üçün adi görünən
nə varsa, səyyah üçün qeyri-adidir, unudulmaz xatirədir!
Amma ətrafı nəzərdən
keçirib özlüyündə fikirləşirsən ki,
axı, Yanardağ Azərbaycan abidələrinin şah əsəridir
və o gərək turistlərə daha maraqlı təqdim
edilsin. Əslində,
burda landşaft memarı işləməli, ətrafda nə
varsa Yanardağla uzlaşmalı, vahid, harmonik bir vəhdət
təşkil etməlidir. Yəni, yerə
beton töküb, adi və kobud meydança yaratmaqla bu məkanın
qənirsiz gözəlliyini və möhtəşəmliyini
azaltmaq düzgün deyil. Azərbaycan Prezidenti İlham
Əliyev ötən il dekabrın 29-da
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğuna baş çəkərkən bircə kəlmə
ilə demişdi ki, buradakı şərait ölkəmizin
bugünkü inkişaf səviyyəsinə uyğun deyil! Bu, ədalətli iraddır. Dənizkənarı
Milli Park Bakı üçün nədirsə, Yanardağ
ondan daha böyük dəyəri özündə əks
etdirən qədim və müqəddəs bir abidədir.
Dövlət başçısı da
ciddi tapşırıq vermişdi ki, bu dözülməz vəziyyət
qısa müddət ərzində aradan qaldırılsın. Aidiyyəti qurumlar təbii
ki, Prezidentin sərt mesajından hərəkətə gəliblər
və ciddi hazırlıq tədbirləri görülür.
O da maraqlıdır ki, İtaliyanın Azərbaycandakı səfiri
Auqusto Massari romalı memarların “Yanardağ”ın bərpasını
təklif etdiklərini, hətta layihə də
hazırladıqlarını bildirib. Ən vacibi
odur ki, dövlət başçısının iradından
sonra Yanardağ yeni layihə əsasında işləniləcək,
mükəmməlliyədək cilalanaraq və heç kimin təsəvvür
etmədiyi əsrarəngiz bir görkəm alacaq.
Biz xalq kimi bu atəşdən baş
qaldırmışıq, bu alovun dillərindən keçib
sonrakı dinlərə isinmişik. Açıq səma altında ən nadir məkan kimi
yüz minlərlə səyyahın diqqətini özünə
cəlb etmək gücünə qadir olan bir yer əsas iş
vaxtı - gecələr bağlı qalmalı deyil!
Qubaya əcnəbilər də heyran
qaldı, biz də
Səhərisi səyyah yoldaşlarımla
ölkənin şimalına yola düşürük. Deyirlər ki, “Uber”dən
taksi alaq. Soruşuram ki, qəfil qəza
üçün darıxdız, yoxsa lal-kar sürücü
üçün? Başınıza məcara
axtarmağı sevirsiz? Unudun, artıq bu
gündən sizin “Uber”iniz mənəm. Razılaşırlar.
Qubada gördüklərinə məəttəl
qaldılar, inanmaq çətindir, dedilər: “Bizdə belə
kiçik şəhərlərdə həyat tamamilə fərqlidir.
Müasir, göz oxşayan, istənilən
böyük şəhərə yaraşıq verən belə
binalar tikilmir”. Vaxtın azlığından bir az Qubanı dolaşırıq, şəhərin
mərkəzindəki qədim parkdan alman əsirlərinin
İkinci Dünya müharibəsindən sonra tikdikləri məşhur
pilləkənlərlə dağ yəhudilərinin kompakt
yaşadıqları Qırmızı qəsəbəyə
düşürük. Müasir və bahalı
binalar, yəhudilərin buranı “kiçik Yerusəlim”
adlandırması əcnəbilərə qəribə təsir
edir. Sən demə, Yer üzündə yəhudilərin
kompakt yaşaya bildiyi ikinci məkan var imiş!
Oradan isə dağlara sarı yola
düşürük. Yol boyu gördüklərimiz qonaqlardan çox mənim
özümü çaşdırdı. 3 il əvvəl keçdiyim yolun üstündəki
kəndlərin siması elə tanınmaz dərəcədə
dəyişib ki, gördüyümüz yeniliklərə
inanmaq qeyri-mümkündür. Hər kənddə
tikilən müasir, gözəl və istənilən əcnəbinin
həsəd apara biləcəyi saysız yaşayış evləri
var. Kənddən-kəndə adladıqca sanki hansısa bir
xarici ölkədəsən. Qonaqlar isə
təəssüflə Rusiyada Yer üzündən silinməkdə
olan minlərlə kəndi xatırlayırlar.
Qoşa minarə adlı yerdə
dağı yarıb içindən keçən
Qudyalçayın səsinə qulaq asıb, özlərini ədəbli
aparmaqda çətinlik çəkən ərəblərlə
yan-yana durmamaq üçün yolumuza davam edirik. Yolun üstündə
sısqa şəlalə ilə salamlaşırıq, qaba
doldurduğumuz suyu maşına qoyub, arxamızca gələn ərəblərlə
rastlaşmamaq üçün tez yolumuza davam edirik. Qırız Dəhnə kəndinin ortasında
maşından yerə enirik.
Qırızlılara həsəd aparan
meksikalı gəlin
Zirvələrin arasında uyuyan dağ kəndinin iri
daşlarla örtülən yamacında qonaqlara Quba
tolerantlığından danışıram ki, burada bir
neçə kəndin hərəsinin öz dili, öz mədəniyyəti,
fərqli adətləri var. Hər kənd kiçik bir xalq,
zirvələrdə qərar tutan cırtdan ölkə kimidir.
Qırız Dəhnə kəndi də belə
yaşayış məskənlərindən biridir. Qırızlılar bu gün də dillərini, mədəniyyətlərini
qoruyub saxlaya biliblər. Bütün
dağ kəndlərinə xas olan qədim və bu gün də
bir çox kəndlərdə qorunan bəzi adətlərdən
səyyah tanışlarıma danışıram. Qız ərə köçəndə
başını bağlayır, ağzına yaşmaq vurur.
Əvvəllər bu adətlər daha sərt
olub və ərə köçən qız illərlə
qayınatasının, qayınlarının yanında
ağzını açıb danışmayıb.
- Nə gözəl adətdir! - deyib
qonaqlardan ən cavanı Tatyana gülümsəyir. Həyat yoldaşı meksikalı təyyarəçidir.
Tayvanda yaşayırlar. Təəccüblənirəm,
axı, mümkün deyil ki, moskvalı gənc qız belə
adətə qol qoysun: - Bəyənirsiz? - soruşuram.
Fikirləşirəm ki, bəlkə
meksikalılarda da buna bənzər bir adət var.
- Niyə də yox! - cavab verir. - Əlbəttə, bəyənirəm amma təəssüf
ki, ispanlarda belə bir adət yoxdur. Meksikalı
qayınanama bu adəti təlqin edib bəyəndirmək
mümkün olsaydı, sevinərdim. Başını
bağlayardı, ağzına yaşmaq vurub susardı, biz də
heç olmasa, bir neçə il sakit
yaşayardıq!
Turqutun ilk məhəbbəti və qərib
kilsə
Qardaşım Sənan bizi dağlardan dönəndə
zorla evinə aparır ki, bir stəkan çay içməsək,
olmaz! Qubada maşını bir bükməçinin
qabağında saxlayır, xanımlar da düşüb
maraqla baxırlar. Quba bükməsi ilə
paxlava alıb, qardaşımgildə çay süfrəsinə
əyləşirik. 7 aylıq oğlunun
gözəlliyinə qadınlar heyran qalır, qucaqlarından
yerə qoymurlar. Turqut isə ən cavanı olan
Tanyanın qucağından əl çəkmir, öz
“qarğa dilində” nəsə danışır, qəşş
edir, utanır və üzünü yana
çevirir. Amma hələ heç kim
bilmir ki, qonaqlar gedəndən sonra Turqut qapının
ağzında oturub bəs qədər dallarınca
ağlayacaq, yalnız telefonda Tanya ilə şəklini görəndən
sonra kiriyəcək. Tatyana da ona Tayvandan “Darıxma, Turqut, mən
yenə gələcəyəm” yazıb şəkillərini
atacaq...
Vaxtın azlığından bir tikə
çörək kəsirik, tələsik süfrədən
durub yolumuza davam edirik. Kəndimizdən keçəndə yadıma
düşür ki, qonaqlara bir kilsəni ziyarət etməyi vəd
etmişdim. Xucbalaya dönüb, kəndin
mərkəzindəki xristian kilsəsinin yanında
düşürük. Qonaqlara kəndimizin
tərcümeyi-halının XVII əsrdən
başladığını deyirəm. Azərbaycan
İranla Rusiya arasında bölündükdən sonra bu ərazilərə
xristianların köçü başlayır. Xucbala kəndinin alt tərəfində də onlara ən
yaxşı torpaqlar ayrılır və ruslar burada kök
salıb kilsə ucaldırlar. Kəndimizin
acı taleyi olur, imperatorun qəzəbinə tuş gələn
xuclular birbaşa onun fərmanı ilə Muğanın ilan mələyən
çöllərinə sürgün edilir. Rusların da bəxti bu kənddə gətirmir.
Birinci Dünya müharibəsində kişiləri
səfərbərliyə alırlar, qadın və uşaqlar
isə tif xəstəliyinə yoluxaraq qırılmağa
başlayır. Ruslar azərbaycanlıların
sürgün olunduğu kəndi lənətlənmiş məkan
kimi öz arzuları ilə tərk edib Xaçmaza
köçürlər. İmperatorun
sonralar əfv etdiyi kənd camaatı tədricən Xucbalaya
qayıtsalar da, kilsəyə toxunmur və 100 ildən
artıqdır ki, onu abidə kimi qoruyurlar.
Lomonosovun “uşaqları” heyrətamiz səhnə
ilə qarşılaşırmış kimi, kilsəni seyr
edirlər. Danışmadan,
dinmədən yaxınlaşıb əllərini onun taxta
divarlarına söykəyərək dayanırlar. Təəssüflənirəm ki, kaş ki, bizim 75
yaşlı fotoqrafımız Ağaəli Məmmədov
burada olaydı. O, belə gərgin, dramatik məqamların
həyəcanını sənətkar kimi “açmaq”
gücünə qadirdir.
Durmadan şəkillər çəkərdi və sonra
redaksiyada qadınlardan birinin üzünün iri planda kirpiyindən
asılan bir damla göz yaşı ilə şəklini verərdi
ki, bunu yazına qoy...
Onlar kilsənin divarından əllərini götürəndə
sanki fərqli insanlar idi, sadəcə bircə onu dedilər
ki, siz necə də gözəl xalqsınız...
Lermontov və birayaqlı stəkan
Qusarda Lermontovun ev-muzeyini ziyarət edib,
sakit və təmiz Şərq şəhərinin
küçələrini dolaşırıq. Qonaqlarımıza
danışıram ki, ölkə əhalisinin əksəriyyətini
azərbaycanlılar təşkil etsə də, burada əhalinin
çoxu ləzgidir.
Qaynayıb-qarışmışıq, güclü qohumluq əlaqələrimiz
var. Şəhər də, insanlar da gözəlliyi ilə
rusiyalı səyyahlara zövq verir: “Nə gözəl
qadınları var” - deyirlər. Olimpiya idman kompleksi,
“Sahdağ” Qış Turizm Mərkəzi haqqında dediklərim
qonaqları təəccəbləndirir: “Sizin ən ucqar rayon
da müasir şəhər təsiri bağışlayır”
- deyirlər.
Şam yeməyinə elə bu rayondakı
restoranlardan birinə gəlirik. Menecer nəzakətlə bağı gəzdirir
ki, özümüz ürəyimizə yatan guşəni
seçək. Ofisiant isə işimizə
yaramaq üçün əldən-ayaqdan gedir. Süfrənin qırağında kiçik ləkəni
görən kimi göz qırpımında dəyişdirir, səliqə
ilə qab-qacağı elə düzür ki, heç kimi
narahat etməsin.
Nə gəlirsə süfrəyə,
zarafatyana deyirəm ki, ləzgi xörəyidir. Tatyana soruşur ki, axı,
biz Bakıda qutab, kabab yedik, orda bizə dedilər ki, Azərbaycan
xörəkləridir. Ləzgi kababı, ləzgi
qutabı Azərbaycan qutabı və kababından nə ilə
seçilir?
İzah edirəm ki, biz qaynayıb
qarışmış iki xalqıq, Allahımız birdir,
xörəklərimizin əksəriyyəti eynidir,
düzdür fərqli olanı da var. Əgər xörəkləri
azərbaycanlı bişiribsə, deməli, süfrədə
Azərbaycan xörəkləridir. Burada aşpazlar ləzgidir, deməli, nə bişirsə,
ləzgi xörəyidir!
Evdə aça bilmədiyimiz şərab
şüşəsini süfrəyə qoyuruq. Ofisianta deyirəm ki, badə
gətirsin. Çaşır,
qaşlarının çatılmasından bilirəm ki, nəsə
başa düşmədi. Qədəh deyirəm, yenə
anlamır, ofisiant lap çətinə düşür: “Ay
oğul, şərab içməyə bokal gətir” - deyəndə
qəliz tapmacanı tapan uşaqlar kimi sevinir: “Can xalu (can
dayı), əşi bunu bayaqdan deyin ki, sizə birayaqlı stəkan
lazımdır!”
Tələbə tanışlarıma “birayaqlı stəkan”
ifadəsinı tərcümə edirəm, doyunca
gülürlər...
Gecə geriyə dönürük. Yol boyu Xəzərin sularından
səmalara ucalan ay bizi Bakıyadək müşayiət edir.
Bir neçə gündən sonra Lomonosovun
üç məzununu Moskvaya yola saldım. Gələndə tələbə yoldaşı kimi
gəlmişdilər, gedəndə qardaş deyib
ayrıldılar. Məxsusi dedilər ki, Azərbaycana,
insanlara, adət və ənənələrinizə heyran
qaldıq. Yaşadığımız
hər saat bir əfsanə idi.
Bahadur
İMANQULİYEV
Azərbaycan.- 2018.-3 iyul.- S.4.