Şəkidə
musiqi bayramı
“İpək
Yolu” IX Beynəlxalq Musiqi
Festivalı musiqisevərlərə xoş
bayram ovqatı bəxş etdi
Ölkəmizin qədim mədəniyyət
mərkəzlərindən olan Şəki
yenə də bayram ovqatına kökləndi.
Növbəti musiqi bayramı - Şəki
“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı iştirakçıların
xatirələrində silinməz izlər buraxdı.
İyunun
27-dən iyulun 1-dək keçirilməsi
nəzərdə tutulan beynəlxalq
festivalın “müqəddiməsi” olaraq bu il iyunun
25-də Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti oldu, sərgi düzənləndi. “İpək
Yolu” IX Beynəlxalq Musiqi
Festivalında iştirak edən xarici ölkələrin nümayəndələri
gənc rəssamların əl işlərindən ibarət sərgiyə
baxdılar. Azərbaycanın gənc bəstəkarlarının
əsərlərindən ibarət kamera konserti ilə festivalın “müqəddiməsi”
daha da yaddaqalan
oldu.
Nəzərdə tutulduğu kimi, iyunun 27-də Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Bəstəkarlar İttifaqı və
Şəki Şəhər İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə Şəki “İpək Yolu” IX Beynəlxalq
Musiqi Festivalına start
verildi. Tədbirin təntənəli
açılış mərasimi “Marxal”
müalicə-istirahət kompleksinin Yay Teatrında keçirildi.
Festivalın
bədii rəhbəri, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, UNESCO-nun Sülh artisti Firəngiz
Əlizadə çıxış edərək möhtəşəm
musiqi bayramı kimi
gözəl bir ənənəyə
çevrilən və artıq doqquzuncu dəfədir
keçirilən Şəki “İpək Yolu”
Beynəlxalq
Musiqi Festivalının bu
dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını vəd etdi. O, Şəki “İpək Yolu”
IX Beynəlxalq Musiqi Festivalının çox əlamətdar vaxtda
keçirildiyini diqqətə
çatdırdı: “2018-ci il bir sıra yaddaqalan hadisələrlə
zəngin olub. Prezident
seçkiləri dövlət başçısı İlham Əliyevin parlaq qələbəsi
ilə nəticələnib. Ulu öndər
Heydər Əliyevin 95 illiyi, dahi bəstəkar Qara Qarayevin 100 illiyi və nəhayət,
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi möhtəşəm
tədbirlərlə qeyd olunur.
Festivalın proqramında da
vətənimizin tarixində iz qoymuş, ölkəmizin siyasi,
iqtisadi, ictimai həyatına
təsir edən, eləcə də Azərbaycanın hər bir vətəndaşı üçün
mühüm əhəmiyyətə malik olan bütün
bu hadisələrin mənzərəsini əks
etdirməyə çalışmışıq”.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı
Elxan Usubov isə qeyd etdi ki,
Şəki beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkandır, bura “festivallar şəhəri”
kimi tanınır. O, hər
ilin yayında keçirilən və
artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi
Festivalının Şəkinin mədəni həyatında çox böyük hadisə
olduğunu, musiqisevərlərin
yaddaşında gözəl xatirə kimi
qaldığını vurğuladı.
Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Nümunəvi Hərbi Orkestrinin
konserti təqdim olundu.
Beş
gün davam edən festival çərçivəsində
musiqisevərlərə, şəhərin qonaqlarına, yerli sakinlərə Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş
rəqs və musiqi qruplarının, eləcə
də Azərbaycanın tanınmış teatr
və musiqi kollektivlərinin
çıxışları təqdim olundu.
Festivalın təntənəli
bağlanış mərasimi iyulun 1-də
axşam “Marxal” istirahət
kompleksinin Yay
Teatrında keçirildi. Tədbirdə
festivalın təşkilatçı qurumlarının, həmçinin
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY-un rəsmiləri,
şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
TÜRKSOY-un
yaradılmasının 25 illiyinə həsr olunan
tədbirdə bu beynəlxalq təşkilata
üzv ölkələrdən olan solistlərin iştirakı ilə Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri
Orkestri və Qazaxıstanın Atırau
Dövlət Filarmoniyasının “Murager”
mahnı və rəqs ansamblı birgə konsert
proqramı
ilə çıxış etdi. Təqdim
olunan musiqi nömrələri,
xalq mahnıları tamaşaçılar
tərəfindən böyük rəğbətlə
qarşılandı.
Festivalın
bədii rəhbəri Firəngiz Əlizadənin sonda bildirdiyi kimi, Azərbaycanın qədim diyarı olan Şəkidə daha bir beynəlxalq festivalın son
akkordları çalındı. Bağlanış mərasimində
çıxış edənlər Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi
Festivalının keçirilməsində əməyi olan bütün
qurumlara, xüsusilə Azərbaycan Bəstəkarlar
İttifaqının rəhbərliyinə təşəkkürlərini
dilə gətirdilər.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkidə
keçirilən “İpək Yolu” Beynəlxalq
Musiqi Festivalının Türk
dünyasında təşkil edilən ən önəmli festivallardan biri olduğunu nəzərə
çatdırdı.
Festivalın bağlanış
mərasimi atəşfəşanlıqla başa
çatdı.
Təşkilatçılarının
qabaqcadan vəd etdikləri kimi, Şəki “İpək Yolu”
IX Beynəlxalq Musiqi Festivalının
proqramı çox maraqlı və rəngarəng
oldu. Ecazkar təbiət
qoynunda müxtəlif mədəniyyətlərin
qovuşduğu bu məkanda
yenə də dünya musiqi
sənətinin parlaq nümunələrindən
ibarət konsert proqramları təqdim edildi, musiqisevərlərə xoş
bayram ovqatı bəxş olundu.
Qeyd edək ki, son illər ölkəmizdə
keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti
böyükdür. Doqquzuncu dəfə düzənlənən
“İpək Yolu” Beynəlxalq Musiqi Festivalı da Azərbaycanın
qədim, gözəl məkanlarından olan
Şəki şəhərinin tarixi və
mədəniyyəti, dünya
xalqlarının folklor musiqisinin
qorunub saxlanması, təbliği
baxımından təqdirəlayiqdir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2018.- 4 iyul.- S.6.