Günnüt kəndində etibarlı müdafiə sistemi yaradılıb
Naxçıvan Muxtar
Respublikasında ordu, birləşmə və
hissələr üçün nümunəvi
xidmət şəraiti yaradılıb. Güclü
maddi-texniki təminat, yüksək xidmət
şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha
da artırır. Ordumuz
tərəfindən nəzarət altına götürülən
Günnüt kəndində də
etibarlı müdafiə sistemi qurulub.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 3-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt
kəndindəki hərbi hissədə olub,
burada xidmət keçən əsgər
və zabitlərlə görüşüb.
Əlahiddə Ümumqoşun
Ordunun komandanı, general-leytenant
Kərəm Mustafayev Ali
Məclisin Sədrinə raport verib.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri
salamlayıb, Azərbaycan Xalq Cümhuriyyəti
və Silahlı Qüvvələrinin 100 illiyi
münasibətilə şəxsi heyəti təbrik edərək
deyib: Ulu öndər
Heydər Əliyev deyirdi: “Hər
bir dövlət öz
dövlətçiliyini qüdrətli etmək istəyirsə,
onun güclü ordusu olmalıdır”. Ümummilli
lider ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi
tədbirlər bu gün
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf
etdikcə, ordumuzun da
qüdrəti artır. Azərbaycan Silahlı Qüvvələrinin
100 illik yubileyi
münasibətilə keçirilən hərbi parad da ordumuzun
gücünün və qüdrətinin daha bir nümayişi
oldu.
Ali Məclisin Sədri
deyib: Ordu quruculuğu sahəsində həyata
keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da
ardıcıl və sistemli şəkildə
icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və
Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və
hissələri böyük təşkilatlanma
və inkişaf yolu keçmiş, şəxsi heyət
peşəkarlığını artırmışdır.
Keçirilən hərbi əməliyyatlar onu
deməyə əsas verir ki,
muxtar respublikada
torpaqlarımızı etibarlı müdafiə edən və
hər an işğal
altındakı torpaqlarımızı azad
etməyə qadir olan
güclü ordu
formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun
Ordu tərəfindən Günnüt
kəndi və ətraf ərazilərin nəzarət
altına alınması bir daha göstərdi ki, əsgər
və zabitlərimiz qarşıya qoyulan
istənilən tapşırığı yerinə yetirmək
əzmindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində
ermənilər tərəfindən zəbt edilmiş
11 min hektar
torpağı Naxçıvan Əlahiddə Ümumqoşun
Ordusu tərəfindən
aparılmış uğurlu əməliyyat
nəticəsində azad edildi.
Çox böyük
mühəndislik və kəşfiyyat işləri
aparıldı. Naxçıvan əməliyyatı
yüksək məharətlə, peşəkarlıqla həyata
keçirildi. Azərbaycan hərbçisi
bir daha qəhrəmanlıq,
rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı
bir daha onu göstərdi ki, Azərbaycan
Ordusu güclü ordudur”.
Ali Məclisin Sədri
bu əməliyyatların həyata
keçirilməsində iştirak edən
hərbi hissələrin şəxsi heyətinə təşəkkür
edib, onlara xidməti fəaliyyətlərində
uğurlar arzulayıb.
Əlahiddə Ümumqoşun
Ordunun komandanı, general-leytenant
Kərəm Mustafayev
çıxış edərək deyib:
Şərur rayonunun mühüm
strateji əhəmiyyətə malik olan Günnüt
kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt
kəndi və ətraf ərazilər işğaldan
azad olunub. Şəxsi
heyət əməliyyatlar keçirilən zaman
rəşadət göstərərək böyük
bir ərazini nəzarətə götürmüşdür. Qazanılan uğur Silahlı
Qüvvələrin Ali Baş
Komandanı tərəfindən “Uğurlu
Naxçıvan əməliyyatı”
adlandırılmış, bu əməliyyatda
xidməti olanlar təltif olunmuş
və onların göstərdikləri qəhrəmanlıqlar
yüksək qiymətləndirilmişdir.
Kərəm Mustafayev təltif olunan, mükafat alan, əməyi
dəyərləndirilən hər bir
şəxs adından Ali Baş
Komandana və Ali Məclisin
Sədrinə minnətdarlıq edib, bundan sonra da
qarşıya qoyulacaq hər bir tapşırığı uğurla
yerinə yetirəcəklərini bildirib.
Zabit Rəşad
Əliyev və gizir Hüseyn
Vəliyev minnətdarlıq edərək deyiblər: Uzun illərdir işğal
altında olan Günnüt
kəndinin nəzarətə götürülməsi bizim döyüş ruhumuzu daha da
artırıb. Biz fəxr edirik
ki, bu əməliyyatda
iştirak etmişik.
Düşmənin yaşayış məntəqələri
və mühüm strateji
yolları nəzarətimiz altındadır. Şəxsi heyət
istənilən tapşırığı yerinə yetirməyə
hazırdır. Biz bu
zəfəri Şuşada,
Laçında, Kəlbəcərdə və digər işğal altında olan
torpaqlarımızda da qeyd
edəcəyik.
Əsgər Rasim
Əhmədəliyev çıxış edərək deyib: Günnüt əməliyyatının
uğurla başa
çatdırılması ordumuzun
qüdrətinin və peşəkarlığının nəticəsidir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə
keçirilən hərbi paradda Ali Baş Komandan
tərəfindən Günnüt əməliyyatının
yüksək qiymətləndirilməsi bizim
qələbə əzmimizi artırıb. Döyüş
mövqelərində xidmətin nümunəvi təşkili üçün yaradılan şərait
göstərilən diqqət və qayğının daha bir ifadəsidir.
Şüarımız və amalımız birdir:
“Hamı bir nəfər üçün,
bir nəfər hamı üçün”.
Ali Məclisin Sədri
Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə
hədiyyələr təqdim edib.
Sonra Ali Məclisin Sədri Günnüt
kəndində və ətraf ərazilərdə yerləşən
postlarda olub, əsgər
və zabitlərlə görüşüb,
xidmətin təşkili ilə maraqlanıb.
Ali Məclisin Sədri
hərbi əməliyyatların uğurla başa çatması münasibətilə
şəxsi heyətə təşəkkürünü
bildirərək deyib: Azərbaycan Ordusunun uzun illərdən
sonra tarixi
torpaqlarımıza nəzarət etməsi mühüm
nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan
azad olunması, həm də kənd təsərrüfatı
üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə
həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən
işlər torpaqlarımızın işğaldan
azad olunmasına yönəldilmişdir.
Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır.
Lakin Aprel
döyüşləri bir daha
təsdiq etdi ki, Azərbaycan
həm sülh, həm də müharibə
yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə,
Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun nə qədər böyük
manevr qabiliyyətinə malik
olduğunu təsdiq etdi.
Ali Məclisin Sədri
əsgər və zabitlərə hədiyyələr təqdim
edib.
Sonra ön xətdə yerləşən digər postlarda şəxsi heyətlə
görüşən Ali Məclisin Sədri
göstərdikləri şücaətə görə əsgər
və zabitləri təbrik edib, onlara təşəkkürünü bildirib.
Zabit Rəşad
Məmmədov minnətdarlıq edərək deyib:
Naxçıvan əməliyyatında
şanlı Azərbaycan əsgəri düşmənə layiqli cavab verdi.
Əməliyyatın çətinliklərinə baxmayaraq, hər bir hərbi
qulluqçu dövlətin və
xalqın dəstəyini öz üzərində
hiss edərək qarşıya qoyulan vəzifələri uğurla
yerinə yetirdi. Fəxr edirik ki, bu
torpaqların azad olunmasında iştirak etdik. Söz veririk ki, torpaqlarımızı bundan
sonra da şərəflə
qoruyacağıq. Bu əməliyyat bir daha düşmənə
göstərdi ki, onun
istənilən təxribatının qarşısı Azərbaycan
Ordusu tərəfindən qətiyyətlə
alınacaqdır. Şəxsi heyətimiz hər cür qayğı ilə əhatə olunub. Bu yaxınlarda hərbi
qulluqçularımızın təltif olunması və onlara rütbələrin verilməsi bizi daha da
ruhlandırdı. Növbəti döyüş
əmri uğrunda əsgəri
şücaətimizi göstərməyə hər an hazırıq.
Sonra Ali Məclisin Sədri işğaldan
azad edilən Günnüt
kəndində olub, ərazidə
müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi
barədə tapşırıqlar verib.
Ali Məclisin Sədri
dayaq məntəqələrində xidmət
aparan hərbi qulluqçularla
görüşüb, onları təbrik
edərək deyib: Vaxtilə bu ərazilər ermənilər tərəfindən
işğal olunmuş,
Günnüt kəndində
yaşayış yerləri
dağıdılmışdır. Lakin uğurlu əməliyyatlardan sonra
10 min hektardan artıq
əkinəyararlı torpaqlar nəzarət
altına keçmişdir. Bu, Azərbaycan Ordusunun gücünün və şəxsi heyət
arasındakı ruh yüksəkliyinin
göstəricisidir. O ordu güclü
deyil ki, onun çoxlu
silah-sursatı vardır. O ordu güclüdür ki, onun əsgərlərinin döyüş
ruhu yüksəkdir. Keçirilən əməliyyatlar
Azərbaycan Ordusunun döyüş
ruhunu göstərdi. İtki
verilmədən torpaqlarımız geri
alındı.
Daha sonra Ali Məclisin Sədri
bölük mərkəzində şəxsi
heyətlə görüşüb, onlara hədiyyələr təqdim edib.
Əsgər Turan
Dövrüşov minnətdarlıq edərək
deyib ki, təlimlərdə
qazandığımız təcrübə bizim
qələbəmizin əsasını təşkil edir. Şəxsi heyətin döyüş
hazırlığı yüksək səviyyədədir. Daim üzərimizdə qayğı hiss edirik. Bu
dağlıq şəraitdə xidmətin təşkili üçün lazımi şərait
yaradılır. Qarşımızda bir
müqəddəs vəzifə dayanır. O da
torpaqlarımızı qorumaqdan və
verilən tapşırıqları uğurla
icra etməkdən ibarətdir.
Məlumat verilib
ki, ön xətdə
şəxsi heyət üçün
lazımi şərait yaradılır. Postlarda
və bölük mərkəzlərində
yeni yataqxana və xidmət
binaları inşa olunur.
Eyni zamanda, ərazidə
yeni yollar çəkilir,
postlar arasında rahat
əlaqə təmin edilir.
Ali Məclisin Sədri
tikinti işlərini həyata keçirən
heyətlə görüşüb,
çətin dağlıq şəraitdə xidmətin
nümunəvi təşkili üçün
yaratdıqları şəraitə görə onlara təşəkkür edib.
Ali Məclisin Sədri
Qızılqaya yüksəkliyində və müşahidə
məntəqəsində olub, mövqelərimizin
vəziyyəti ilə tanış olub.
Əlahiddə Ümumqoşun
Ordu komandanı, general-leytenant
Kərəm Mustafayev Ali
Məclisin Sədrinə müdafiənin ön
xəttində xidmətin təşkili haqqında məlumat verib.
Qeyd
olunub ki, Əlahiddə
Ümumqoşun Ordu
müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı,
Yağargərdik dağı, Bağırsaq dağı və
Həsənqulubağ sahəsində ön
xəttin dövlət sərhədi boyu əlverişli
mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən
əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə
əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya
yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi
avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı
müdafiəsi, bölmələrin manevr
qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə
məqsədilə 50 kilometr yeni yol çəkilib, 60
kilometrdən artıq yararsız yollar
isə bərpa edilib. Strateji
əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki
cəhətdən etibarlı mühafizəsinin təşkili
üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə
ərazidə qısa müddətdə mühəndis-istehkam
tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi
yaradılıb, yeni səngərlər
qazılıb. Ön xətdəki
mövqelərlə yanaşı, dayaq məntəqələrində
də etibarlı müdafiə sistemi
yaradılıb.
Ali Məclisin Sədri
müdafiənin təşkili sahəsində həyata
keçirilən tədbirlərin davam
etdirilməsinin vacibliyini bildirib,
müdafiə mövqelərinin möhkəmləndirilməsi
barədə tapşırıqlar verib.
Gətirilmiş müxtəlif ərzaq
məhsulları hərbi hissənin anbarına təhvil verilib.
Azərbaycan.-
2018.-4 iyul.- S.3.