Prezident
Administrasiyası: “Hökumət ölkənin və əhalinin
təhlükəsizliyini, cəmiyyətin normal
həyat ritmini təmin etmək
iqtidarındadır”
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Mingəçevirdəki İES-də baş vermiş qəzanın
nəticələrinin aradan qaldırılması, Gəncə
şəhərində törədilən cinayət hadisəsi
və bəzi müxalif dairələrin bundan məqsədyönlü
şəkildə yararlanmağa cəhd göstərmələri
barədə məlumat yayıb. AZƏRTAC məlumatı təqdim
edir.
2018-ci il iyulun 3-də Mingəçevir
şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik
Stansiyası” MMC-nin
yarımstansiyalarından birində baş
vermiş qəza nəticəsində respublika ərazisinin böyük
hissəsi, o cümlədən Abşeron yarımadası və Bakı şəhərinin
elektrik enerjisi ilə
təchizatında problem
yaranmışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dərhal məsələni
nəzarətə götürmüş,
qəzanın nəticələrinin qısa zamanda
aradan qaldırılması ilə
bağlı aidiyyəti dövlət strukturlarına müvafiq tapşırıqlar vermiş,
məsələ ilə əlaqədar Xüsusi
Dövlət
Komissiyası yaratmışdır.
Mövcud
şəraitə uyğun olaraq,
qısa müddətdə elektrik enerjisi təchizatının kəsilməsinin
mənfi təsir göstərə biləcəyi strateji əhəmiyyətli müəssisələr
– təhlükəsizlik, yanacaq-energetika, nəqliyyat-kommunikasiya,
hərbi, əhalinin təminatı və s.
ciddi nəzarətə götürülmüş və
onların idarə olunması işi təşkil
edilmişdir. Həyata keçirilmiş
ciddi tədbirlər nəticəsində
proqnozlaşdırıla biləcək bütün
mənfi halların qarşısı alınmış, ən
əsası, insan tələfatına yol verilməmişdir.
Hazırda
dövlət qurumları qəzanın nəticələrinin aradan qaldırılması və gələcəkdə
belə hallara yol
verilməməsi istiqamətində zəruri tədbirlər görür, işlərin gedişi
barədə əhaliyə müntəzəm məlumat verilir.
Təəssüf ki, əhali Mingəçevirdəki İES-də
qəzanın nəticələrinin aradan
qaldırılması ilə bağlı qayğıları
yaşadığı bir zamanda
Gəncə şəhərində cinayət hadisəsi baş vermişdir. Gəncə Şəhər İcra
Hakimiyyətinin başçısı Elmar
Vəliyev və onun mühafizəçisi
Qasım Aşbazov naməlum şəxsin
odlu silahdan
açdığı atəş nəticəsində
müxtəlif dərəcəli bədən xəsarətləri
almış və xəstəxanaya yerləşdirilmişlər.
Məsələ barədə dərhal Azərbaycan Prezidentinə
məlumat verilmiş və müvafiq tapşırıqlar
alınmış, cinayəti törədən şəxs
saxlanılmış və məsuliyyətə cəlb edilmişdir.
Göründüyü kimi, Azərbaycan hökuməti bütün vəziyyətlərdə, o cümlədən fövqəladə hallar zamanı ölkənin və əhalinin
təhlükəsizliyini, habelə cəmiyyətin normal həyat ritmini təmin
etmək iqtidarındadır. Baş vermiş hadisə zamanı görülən
işlər bunu əminliklə deməyə
tam əsas verir.
Qeyd
edilməlidir ki, kütləvi informasiya vasitələri Mingəçevirdəki
İES-də qəzanın başvermə səbəbləri,
onun aradan
qaldırılması ilə bağlı dövlət
orqanlarının gördüyü
işlər barədə cəmiyyəti operativ
və obyektiv şəkildə məlumatlandırmış,
olduqca təmkinli və məsuliyyətli
davranaraq, əhali arasında ajiotaj yaranmaması üçün
üzərlərinə düşən vəzifələri icra etmişlər.
Əfsuslar olsun ki, bəzi müxalif dairələr nəzarətlərində
olan xəbər saytları və sosial şəbəkələr vasitəsilə
Mingəçevirdəki İES-də baş
vermiş qəzadan və Gəncə
şəhərində vəzifəli şəxsə
qarşı həyata keçirilmiş
silahlı basqından məqsədyönlü şəkildə
yararlanmağa çalışmış,
dövlət və xalq mənafelərinə
zidd mövqe tutaraq cəmiyyətdə ajiotaj
yaratmaq, kütləvi narazılıq
formalaşdırmaq və respublikada sabitliyi pozmaq əhval-ruhiyyəsi
nümayiş etdirmişlər. Həmçinin özlərini müstəqil sayan bir sıra xəbər
saytları da bu eyforik əhval-ruhiyyəyə qoşularaq
dəqiqləşdirilməmiş şayiələri baş vermiş hadisə kimi təqdim etmiş və
vətəndaşları yalan informasiyalarla çaşdırmağa cəhd
göstərmişlər.
Mingəçevirdəki
İES-də baş vermiş
qəzanın, o cümlədən bu hadisənin müxtəlif sahələrdə
yaratdığı problemlərin aradan
qaldırılması üçün
dövlət orqanları tərəfindən zəruri tədbirlər
görülmüş və qısa
müddətdə respublika həyatının
bütün sahələrində
normal iş fəaliyyəti
bərpa olunmuşdur.
Görülən işlər
barədə müntəzəm qaydada əhaliyə
məlumat verilmiş və qarşıdan
gələn dövrdə bu fəaliyyət
davam etdiriləcək.
Azərbaycan.- 2018.-5 iyul.- S.1.