Bakıda
ABŞ-ın müstəqillik günü
qeyd edilib
İyulun 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi
ölkəsinin müstəqilliyinin elan olunmasının 242-ci
ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil
edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı
müvəqqəti işlər vəkili Uilyam R.Qill
çıxış edərək ölkəsinin müstəqillik
tarixindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə də toxunub. Qeyd edib ki, həm ABŞ, həm də
Azərbaycan xalqı tarixi və əsas dəyərləri
ehtiramla yad etməyin bizə cəmiyyət olaraq davam etməyə,
istədiyimiz yolu müəyyənləşdirməyə
imkan verdiyini bilir. “ABŞ müstəqil, sabit çiçəklənən
Azərbaycanı dəstəkləməyə davam edir və əminəm
ki, birgə işləyərək hər kəsə
yaxşı gələcək qura bilərik və
quracağıq”, - deyə U.R.Qill əlavə edib.
Tədbirdə çıxış edən maliyyə
naziri Samir Şərifov Azərbaycan hökuməti adından
ABŞ xalqını müstəqillik günü münasibətilə
təbrik edib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələr
hər iki dövlətin maraqları çərçivəsində
inkişaf edir.
Bu gün Azərbaycanın ABŞ-ın beynəlxalq
antiterror fəaliyyətinə dəstək verdiyini
xatırladan nazir deyib: “ABŞ da öz növbəsində, Azərbaycanın
iştirakı ilə həyata keçirilən enerji layihələrinə
həmişə güclü dəstək verib. Azərbaycan tərəfi
Prezident Donald Trampın ölkəmizə münasibətini və
ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin
reallaşdırılmasına dəstəyini yüksək
qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın
gələcəkdə daha da güclənəcəyinə əminik”.
S.Şərifov dövlətimizin
başçısının fikirlərindən sitat gətirərək
deyib: “Prezident İlham Əliyevin də dediyi kimi, biz
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə
böyük ümidlər bəsləyirik”.
Azərbaycan.- 2018.-5 iyul.- S.4.