Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib

 

İyulun 4-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda YAP İdarə Heyətinin 2018-ci ilin birinci yarım ilinə dair hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi haqqında müvafiq dövrə dair statistik hesabat və İdarə Heyətinin 2018-ci ilin ikinci yarımilliyinə dair planı müzakirə olunaraq qəbul edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müaviniicra katibi Əli Əhmədov iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. Əli Əhmədov qeyd edib ki, 2018-ci il müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisə - Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi olub. Azərbaycanda prezident seçkiləri elan edildikdən dərhal sonra Yeni Azərbaycan Partiyasının VI Qurultayı keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Heydər Əliyev Mərkəzində keçirilən qurultayda geniş nitq söyləyib.

Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Yeni Azərbaycan Partiyası bütövlükdə seçki kampaniyasını çox uğurla həyata keçirib, prezidentliyə namizəd İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib. 11 aprel tarixi isə Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə inam və dəstəyinin möhtəşəm təntənəsi oldu. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına – Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verdi.

Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Xüsusilə müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu məqsədlə bir sıra mühüm görüşlər keçirilib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi 2018-ci ildə davam edib, hesabat dövrü ərzində 12 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 720 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.

İclasda, həmçinin İdarə Heyətinin 2018-ci ilin ikinci yarım ilinə dair planı müzakirə edilərək təsdiq olunub.

 

Azərbaycan.-2018.-5 iyul.- S.4.