“Jara” yenidən Bakıda...
Bu yay mövsümünün
ən hərarətli musiqi festivalına üç həftə qalıb. Artıq üçüncü dəfə
Bakının “Sea Breeze”
məkanında - Xəzər dənizinin sahilində “Jara” Beynəlxalq Musiqi
Festivalı keçiriləcək.
Azarkeşlərin
səbirsizliklə gözlədikləri möhtəşəm
festivalın təşkilatçıları Azərbaycanın
xalq artisti, müğənni
və bəstəkar Emin Ağalarov,
Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon”
mükafatının təsisçisi Sergey
Kojevnikovdur. 26 iyuldan başlayaraq 3 gün davam edəcək konsert
proqramında dünya şöhrətli
müğənnilər iştirak edəcəklər.
MDB üzrə ən yaxşı yay festivalı
İndiyədək cəmi iki dəfə keçirilməsinə baxmayaraq,
“Jara” musiqisevərlərin
böyük rəğbətini
qazanan mötəbər
tədbirə çevrilib. Bunu festivalların reytinqi
də təsdiqləyir. Rusiyanın TurStat analitik
agentliyi MDB ölkələrinin
bu ilin yayında
açıq səma altında ən yaxşı festivallarının
reytinqini təqdim edib.
Reytinqə əsasən, Minskdə
(Belarus) “Rok za Bobrov”, Bakıda (Azərbaycan) “Jara” və Almatıda (Qazaxıstan) “FourG” festivalları MDB-də açıq səma altında keçirilən,
rusiyalı turistlər
arasında populyarlıq
qazanmış musiqi festivallarının üçlüyünə
daxildir. Reytinq festivala baxmağa
gedən tamaşaçıların
sayına əsasən
tərtib olunub.
Yubiley konsertləri
Artıq “Jara” Beynəlxalq
Musiqi Festivalında 81
ifaçının iştirakı
təsdiqlənib. EMİN, Qriqori Leps,
Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, LOBODA, Aleksey Çumakov, A`Studio, Slava, Qlyuk'oza, Aleksandr Panayotov, Anna Sedokova, Monatik, Qradusı, Maks Barskix, Yeqor Krid, Yuliya Kovalçuk,
Burito, Brandon Stone, Pitsa,
Alekseyev, Nyusha, Artik & Asti və başqaları musiqisevərlərə
ən gözəl anlar bəxş edəcəklər. Builki “Jara”da
həmçinin üç
konsert - Valeriya,
Vladimir Presnyakov və
Leonid Aqutinin yubiley gecələri də keçiriləcək.
“Jara” festivalının paytaxt Bakıda təşkil olunması ölkəmizdə bu cür tədbirləri keçirmək üçün
geniş imkanların olduğunu bir daha təsdiqləyir.
Sevindirici haldır ki,
“Jara” Rusiya ilə Azərbaycan arasında mədəni körpü olmaqla yanaşı, digər mühüm bir məqamı da nümayiş etdirir.
“Jara” iki
ölkə arasında
humanitar sahədə genişlənən münasibətlərin
sıxlığının göstəricisi kimi xarakterizə oluna bilər. Necə deyərlər, latın
dilindən “pərilərin
dili” anlamına gələn musiqi bütün dünyada mədəniyyətləri bir-birinə
yaxınlaşdıran mühüm
vasitədir.
Musiqisevərlər həmin günləri səbirsizliklə gözləyirlər
Bakıda keçirilən “Jara” festivalı haqqında musiqisevərlərlə
söhbət etdik. Paytaxt sakinləri bu
ilki festivalı da səbirsizliklə gözlədiklərini bizimlə
bölüşdülər.
Ayşən Vəliyeva söyləyir
ki,
ötən ilki
“Jara” xoş təəssüratlarla yadında
qalıb və bu ilki festivalda
da iştirak etmək niyyətindədir:
“Müasir zamanda az adam tapılar
ki, musiqini sevməsin. Bakıda da
bu cür möhtəşəm
musiqi festivalının təşkil
olunması təqdirəlayiq haldır. Musiqisevərlər bir araya toplaşaraq
dincəlir, eyni zamanda,
məşhurlarla daha yaxından
tanış olmaq imkanı əldə
edirlər”.
Bu festivalın
artıq musiqi aləmində parlaq mədəni hadisəyə çevrildiyini deyən Samirə
Rafaelqızı isə düşünür
ki, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. O konsertə dostları ilə birlikdə
qatılacağını bildirdi.
Musiqi həvəskarı
olduğunu deyən Kənan Həsənov
isə festivalda ilk dəfə
iştirak edəcəyini deyir:
“Təəssüf edirəm ki, 2016-2017-ci
illərdəki “Jara”ya
qatıla bilmədim. Amma bu
il mütləq gedəcəyəm. Yay mövsümünün
ən parlaq festivalı olan
“Jara”da bir neçə gün ərzində
dünyanın məşhur musiqiçiləri bir araya gəlirlər. Məncə,
bu, çox böyük bir
şansdır”.
Proqramda dünyaca məşhur və hamı tərəfindən
sevilən müğənnilərin iştirakı
festivalın bu dəfə də bir-birindən
maraqlı konsert proqramları ilə yadda qalacağına şübhə
yaratmır.
Səbinə
MƏMMƏDOVA
Azərbaycan.- 2018.- 5 iyul.- S.7.