Azərbaycan ilə Finlandiya
arasında əməkdaşlığın genişləndirilməsi
üçün yaxşı imkanlar var
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və
inkişaf naziri xanım Anne-Mari Viroleyninin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin
başçısı Finlandiyanın xarici
ticarət və inkişaf naziri
xanım Anne-Mari Viroleyninin
Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin
artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün
yaxşı imkan yaratdığını
dedi və bunun üçün geniş
potensialın mövcud olduğunu
vurğuladı. Prezident İlham
Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın
önəm daşıdığını bildirərək qeyd etdi ki,
Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr
arasında nəqliyyat bağlantısının
yaradılması işinə fəal sürətdə investisiya qoyur və
ölkəmiz mühüm Şərq-Qərb
və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir.
Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu
icrasına başlanmışdır. Azərbaycan bu sahəyə böyük
həcmdə sərmayə qoyur. Dövlətimizin
başçısı iqtisadi əməkdaşlığın
genişləndirilməsi baxımından biznes
sahəsində fəallığın
artırılmasının vacibliyini də
qeyd etdi. Azərbaycanda Finlandiyanın bir
neçə şirkətinin çalışmasına toxunan Prezident İlham Əliyev bu
şirkətlərin sayının daha da artırılmasının mümkün
olduğunu dedi və bildirdi ki, Azərbaycanın
iqtisadi inkişafı, perspektiv
planlar, güclü iqtisadi infrastruktur digər
xarici şirkətlər kimi,
Finlandiya şirkətlərinin də
iqtisadiyyatımızın müxtəlif sahələrində
fəal çalışmaları üçün
yaxşı imkanlar yaradır.
Xarici ticarət və
inkişaf naziri
xanım Anne-Mari Viroleynin
Finlandiya Prezidenti Sauli Niinistönün
salamlarını dövlətimizin başçısına
çatdırdı. Qonaq Azərbaycan Prezidenti ilə Finlandiya Prezidentinin Davosda
keçirilən görüşünün
məmnunluqla xatırlandığını bildirdi.
Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə
səfər proqramının çox məzmunlu
olduğunu deyərək, səfər
zamanı məhsuldar görüşlər keçirəcəyinə
ümidvar olduğunu
söylədi. O, Bakının gözəlliyinin
nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd etdi və paytaxtımızda tarixi
arxitektura abidələrinin müasir binalarla gözəl
vəhdət təşkil etdiyini
vurğuladı. Xanım Anne-Mari Viroleynin bildirdi ki, ölkələrimiz ümumi
tarixə malikdirlər və Azərbaycan ilə Finlandiya arasında əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı imkanlar var.
Görüşdə
ölkələrimiz arasında energetika, tranzit, peşə təhsili, infrastruktur
layihələrində Finlandiya şirkətlərinin
iştirakı, iş adamları
arasında ticarət əlaqələrinin
artırılması, sərmayə qoyuluşu,
ekologiya və digər sahələrdə
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Finlandiya Prezidenti Sauli Niinistönün salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Finlandiya
Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-
2018.-6 iyul.- S.1.