Azərbaycan Dünya Səhiyyə Təşkilatı
ilə əməkdaşlığın daha da
inkişafında maraqlıdır
Azərbaycan Dünya Səhiyyə Təşkilatı
ilə əməkdaşlığın daha da
inkişafında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 5-də Azərbaycanın
Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə
Milli Əlaqələndirmə Şurasının sədri
Əli Əhmədovun Dünya Səhiyyə Təşkilatının
baş direktoru Tedros Adhanom Qebreyesus ilə
görüşündə səslənib.
Əli Əhmədov Azərbaycan Hökumətinin
Dünya Səhiyyə Təşkilatı ilə mövcud əməkdaşlıq
münasibətlərini yüksək qiymətləndirdiyini və
əlaqələrin möhkəmləndirilməsi istiqamətində
konkret və praktiki addımların atılmasında
maraqlı olduğunu vurğulayıb.
Azərbaycanın səhiyyə sistemindən
danışan Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə
bu sahənin yenidən qurulması və inkişaf etdirilməsi
məqsədilə xeyli işlər görülüb. O
bildirib ki, Azərbaycan Hökuməti öz vəzifələrinə
kifayət qədər məsuliyyətlə yanaşır.
Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı
ilə Azərbaycan Respublikasının Dayanıqlı
İnkişaf üzrə Milli Əlaqələndirmə
Şurası yaradılıb və Şuranın daimi əsaslarla
fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan
Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən
irəli gələn vəzifələri həyata keçirmək
üçün bütün qüvvələrini səfərbər
edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə
Şurasına sədr təyin olunması bu məsələyə
olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə
Şurası qısa vaxt ərzində bir çox
mühüm işlər görüb.
Baş nazirin müavini diqqətə
çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara
çox böyük əhəmiyyət verir. Dayanıqlı
İnkişaf Məqsədləri çərçivəsində
həyata keçirilən tədbirlərin
reallaşmasında BMT-nin verdiyi dəstək böyük
önəm kəsb edir.
Görüşdə son illər Azərbaycanda səhiyyə
sahəsində həyata keçirilən layihələr,
tibbi sığortanın əhəmiyyəti, səhiyyə
infrastrukturunun yenilənməsi istiqamətində görülən
işlər haqqında məlumat verilib. Diqqətə
çatdırılıb ki, bütün bunlar Azərbaycan vətəndaşının
layiqli səhiyyə xidməti ilə təmin olunmasına
hesablanıb.
Dünya Səhiyyə Təşkilatının
baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə
olmasından və burada gördüyü yüksək qonaqpərvərlikdən
məmnunluğunu ifadə edib. Azərbaycanda səhiyyə sahəsində
görülən işləri yüksək dəyərləndirdiklərini
vurğulayan qonaq bunun yaxşı nəticələrə yol
açacağını deyib. Baş direktor bu ilin Azərbaycan
üçün əlamətdar olduğunu deyərək, Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təbriklərini
çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran
digər məsələlər ətrafında müzakirələr
aparılıb.
Azərbaycan.
- 2018.-6 iyul.- S.2.