Sumqayıt
Dövlət Dram Teatrının 50 illiyi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
2018-ci
ilin sentyabr ayında
Sumqayıt Dövlət Dram
Teatrının yaranmasının 50 illiyi tamam olur.
Azərbaycanın zəngin
teatr ənənələrinin layiqli davamçısı kimi
Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə
başladığı ilk vaxtlardan
səmərəli yaradıcılıq axtarışları
ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin
bir sıra qiymətli nümunələrinə
ustad sənətkarların yaxından
iştirakı ilə yeni quruluşlarda
uğurlu səhnə həyatı vermiş və ötən dövr
ərzində tamaşaçı auditoriyasının rəğbətini
qazanmışdır. Özünün
istedadlı aktyor və
rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət
ocaqlarından olub, milli
mədəniyyətin ümumi tərəqqisi
işinə töhfələr bəxş etməkdədir.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və milli teatr sənətinin inkişafında xidmətlərini
nəzərə alaraq Sumqayıt Dövlət
Dram Teatrının
yaradılmasının 50-ci ildönümünün
qeyd olunmasını təmin etmək məqsədi ilə qərara
alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrının 50 illik
yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 iyul 2018-ci il
Azərbaycan.- 2018.-
6 iyul.- S.1.