Azərbaycan
Hökuməti ilə Dünya Səhiyyə
Təşkilatı arasında birgə bəyanat imzalanıb
İyulun 5-də Azərbaycan Hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında
birgə bəyanat imzalanıb.
AZƏRTAC xəbər
verir ki, bəyanatı
Bakıda keçirilən “Dayanıqlı İnkişaf
Məqsədlərinin icrası kontekstində səhiyyə
islahatları” mövzusunda konfransda
səhiyyə naziri Oqtay
Şirəliyev və Dünya Səhiyyə
Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus
imzalayıblar.
Konfransda
çıxış edən Oqtay Şirəliyev
deyib ki, 2015-ci ilin sentyabrında dünya
liderləri bəşəriyyəti tərəqqiyə aparan hədəfləri – yeni
Dayanıqlı İnkişaf Məqsədlərini
qəbul ediblər. Dayanıqlı İnkişaf
Məqsədləri nəticəsində milyonlarla
insanın həyat tərzində mühüm
dəyişikliklər baş verib. Yoxsulluğun
azaldılması, keyfiyyətli içməli su
mənbələrinə çıxışın təmin
olunması, yoxsul təbəqənin həyat
səviyyəsinin yaxşılaşdırılması, gender bərabərliyi kimi
hədəflərə nail olunub.
Bildirilib ki, son 25 il
ərzində dünyada 5 yaşadək uşaq ölümü
yarıya enib və qlobal
səviyyədə ana ölümü
təqribən iki dəfə azalıb.
Hazırda əhalinin çox böyük hissəsi
immunçatışmazlığı virusu
infeksiyasına qarşı antiretrovirus
müalicəsinə cəlb edilir, halbuki indiyə qədər heç
vaxt belə mütəşəkkil kampaniya aparılmayıb. Malyariyaya
qarşı qəti mübarizənin genişlənməsi nəticəsində
həmin xəstəlikdən hər il 6 milyon nəfərin ölümünün
qarşısı alınıb.
Diqqətə
çatdırılıb ki, ölkəmizdə
də Minilliyin İnkişaf
Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə
qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi 100 faizə
çatdırılıb,
gender bərabərliyinin təşviqi və
qadınların səlahiyyətlərinin
artırılmasında inkişafa nail olunub. Hər
yeni doğulan 1000
körpə arasında 5 yaşadək uşaq
ölümü göstəricisi 28-dən
12,8-ə enib, ana ölümü əhəmiyyətli dərəcədə
azalıb, yoluxucu və digər xəstəliklərə
qarşı mübarizə gücləndirilib, o
cümlədən malyariyanın qarşısı tamamilə
alınıb. Ətraf mühitin
mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə
edilib.
Nazir Prezident İlham
Əliyevin Azərbaycanda səhiyyə sahəsinin
inkişafına xüsusi diqqət
göstərdiyini və bunun məntiqi nəticəsi
kimi tibb sahəsinin
gündən-günə inkişaf etdiyini, tibb müəssisələrinin
əksəriyyətinin müasir
avadanlıqlarla təchiz olunduğunu bildirib.
“Azərbaycanda infeksion
xəstəliklər hazırda yox səviyyəsindədir.
Artıq iki ildir ki, ölkəmizdə malyariya
xəstəliyinə rast gəlinmir.
Göyöskürək və parasitar xəstəlikləri
demək olar ki, aradan qaldırılıb. Bu,
Azərbaycan səhiyyəsinin uğurudur.
Biz həmişə Dünya
Səhiyyə Təşkilatının tövsiyələrini
dinləyir, qurumun ölkəmizə
göstərdiyi dəstəyi hiss edirik”, - deyə nazir qeyd edib.
Baş direktor Tedros Adhanom Qebreyesus ölkəmizə
səfərindən məmnunluğunu ifadə edib.
O, Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edən bu səfərin onun üçün sevindirici
olduğunu vurğulayıb. İcbari tibbi
sığorta və onun tətbiqi
haqqında danışan direktor Azərbaycanda
icra edilən pilot
layihələrdən xəbərdar olduğunu
söyləyib. Baş direktor ilkin tibbi xidmətin canlandırılması və icbari tibbi
sığortanın tətbiqinin genişləndirilməsi üçün Dünya
Səhiyyə Təşkilatının mütəxəssislər
göndərməyə hazır olduğunu
bildirib.
Qeyd olunub ki, Azərbaycanda tətbiq
edilən icbari sığorta modeli təqdirəlayiqdir və həmin modelin digər ölkələrdə də tətbiqi
məqsədəuyğundur.
Azərbaycan.- 2018.-6 iyul.- S.5.